Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Meşə yanğınları niyə artır…
Meşə yanğınları niyə artır…

Son illərdə dünyanın bir çox yerlərində yanğınların sayı artıb.

Bizimyol.info xəbər verir ki, elm adamları bu cür meşə yanğınlarının daha tez –tez baş verməsindən, şiddətli və geniş yayılmasından narahatdırlar.

Ötən həftənin sonundan bu yana Türkiyənin 35 əyalətində 129 yanğın baş verib. Onlardan 122 -si nəzarət altına alınıb. Manavgat, Marmaris və Bodrum kimi yerlərdə isə yanğın söndürmə işləri hələ də davam edir. Yanğınlar nəticəsində indiyədək 8 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

Bu günə qədər ən çox insan itkisinə səbəb olan yanğınlar ABŞ -ın qərbində və Avstraliyada baş verib.

Məsələn, 2020 -ci ilin ilk saatlarında Avstraliyanın Cobargo kəndində baş verən yanğınlar bir neçə saat ərzində kəndi, 186 min kv.km ərazini tamamilə məhv etmişdi. Avstraliyada günlərlə davam edən həmin yanğınlarda 34 nəfər insan və təxminən 3 milyard heyvan ölmüşdü. Bu gün də həmin ərazi “Qara Yazı” olaraq tanınır.

Xüsusilə yay aylarında meşə yanğınlarının baş verməsi təbii sayılsa da, bu hadisələr bütün dünyada daha tez -tez, adi və şiddətli hala gəlir. Bu yanğınlarda alovlar quru havanın və bəzən də yay dövründə küləyin köməyi ilə sürətlə yayılır. Alovlar sürətləndikdə yanğınsöndürənlərin onu dayandırması, nəzarət etməsi və yanğın yolu boyunca evləri, digər mülkləri qoruması demək olar ki, mümkünsüz olur.

ABŞ -ın Qlobal Dəyişiklik Araşdırma Proqramının 2017 -ci il hesabatında son illərdə "meşə yanğınlarının aktivliyində ciddi bir artım olduğu" qeyd edilib. Burada qeyd olunur ki, isti hava, artan quraqlıq və yanğın mövsümünün uzanması meşə yanğınları riskinin artmasının səbəblərindəndir. Başqa bir amil isə bitki və ağacların geniş yayılmasına səbəb olan yeni zərərvericilərin və xəstəliklərin ortaya çıxmasıdır.

Məsələn, zümrüd kül yuvası kimi tanınan bir zərərverici Amerika Birləşmiş Ştatları boyunca milyonlarla ağacı öldürdü. Bu ölü ağaclar böyük ərazilərdə odun olaraq qalır və yanğın başlayanda yanacaq rolunu oynayır.

Hökumətlərarası İqlim Dəyişikliyi Paneli dördüncü qiymətləndirmə hesabatını açıqlayıb və bu yanğınların daha da artacağını bildirib.

"Meşə yanğınları və böcəklərin istilası kimi mənfi hallar artmaqdadır. Çox güman ki, torpaq daha da quruduqca və böyümə dövrləri uzandıqca temperaturun artdığı bir vaxtda bu mənfi hadisələrin tez -tez baş verəcəyi ehtimalı var. İsti yay mövsümü ilə əlaqədar olaraq illik yanğın riskinin 10-30 faiz aralığında artacağı gözlənilir",-deyə qeyd olunub.

Bəzi meşə yanğınlarının ildırım vurması kimi təbii səbəblərdən qaynaqlanmasına baxmayaraq, böyük əksəriyyətin insanlar tərəfindən təsadüfən və ya qəsdən başladığı güman edilir. Elm adamları, meşə icmalarının artan yanğın riskinə qarşı daha dayanıqlı olmasına kömək edəcək tədbirlər hazırlamağın lazım olduğunu söyləyirlər. Bu tədbirlər arasında yaşayış məntəqələrinin ətrafındakı ərazilərin idarə edilməsi və yanğın risklərinin azaldılması üçün təlimlərin artırılması birinci yerdədir.

Hazırladı: Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »