Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hulusi Kılıc: “Şeyxülislamın çıxışı təhrif edilib, Şeyx Türkiyənin dostudur”
Hulusi Kılıc: “Şeyxülislamın çıxışı təhrif edilib, Şeyx Türkiyənin dostudur”

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin Qurban bayramı günü Təzəpir məscidində dindarlar qarşısında çıxışı zamanı Prezident Rəcəb Tayyib Ərdoğana, qardaş Türkiyəyə və qonşu İrana, onun dini rəhbərinə təşəkkür etdi.

İranın dini rəhbərinə edilən təşəkkür ətrafında qaldırılan kampaniya cəmiyyətdə birmənalı qarşılanmadı. Sosial şəbəkədə QMİ sədrinin çıxışını təhrif etməklə guya Türkiyənin adının çəkmədiyini, dolayısı ilə qardaş ölkənin əleyhinə mövqe nümayiş etdirdiyi barədə cəfəng iddialar yer aldı. Bir sıra yerli və türk mediasında belə böhtan kampaniyasının yer alması təəssüf doğurdu.

Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıc Azpost.info-ya açıqlamasında QMİ sədri ətrafında gedən bu kampaniyanın yanlış olduğunu bildirib: “QMİ sədri, hörmətli Şeyxülislam Allahşükür Paşazadənin çıxışının təhrif edildiyinin və yanlış şəkildə cəmiyyətə çatdırıldığını düşünürəm. Şeyxülislamı Azərbaycan üçün ağsaqqal statusunda qəbul edirik. Mən Şeyxülislamı 13 ildir tanıyıram. Hörmətli Şeyx hər zaman cənab prezidentin yanında olub”.

H.Kılıc qeyd edib ki, hamı kimi Şeyxülislam da bilir ki, Qarabağdakı zəfər prezident İlham Əliyevin liderliyi ilə əldə edilib: “Prezidentin yüksək idarəçiliyi, ordunun gücü və 3 min şəhidimizin qanı ilə biz Qarabağı aldıq, işğal edilmiş torpaqları azad etdik. Bunu çıxışında Şeyxülislam da bildirdi. Bunun əleyhinə heç bir şəkildə nəsə demək mümkün deyil”.

Səfirin sözlərinə görə, Şeyxülislam din adamıdır: “Onun dedikləri fərqli bir çərçivədədir. Bunu açıq deməliyəm. Biz İranı da tanıyırıq, onun Ermənistanla münasibətlərindən də xəbərdarıq. İran Türkiyənin də, Azərbaycanın da qonşusudur. Biz qonşularla hər zaman yaxşı əlaqələrin olmasını istəyirik. Ancaq Qarabağ savaşında İranın bir rolunun olmadığını hər kəs bilir. Qeyd etdiyim kimi, ali baş komandanın liderliyi ilə, xalqın öz liderinə verdiyi dəstəyi, ordunun gücü, igid əsgərlərimizin qəhrəmanlığı və 3 min şəhidin qanı hesabına Qarabağ azad edildi”.

Hulusi Kılıcın fikrincə, aranı qarışdırmaq istəyənlər var: “Bunu bilmək lazımdır. Mən hörmətli Şeyxin bu anlamda bir açıqlama verdiyinə inanmıram. Şeyxülislamın Türkiyə ilə münasibətlərini yaxşı bilənlərdənəm. Ailəsini də tanıyıram. Onun qudası türkdür. Şeyxin cəmiyyətə təqdim edilən anlamda bir söz dediyinə inanmıram. Bu çıxışın cəmiyyətə tamamən yanlış və təhrif edilərək çatdırıldığını düşünürəm”.

Səfir vurğulayıb ki, QMİ sədrinin ölkə qarşısında çox böyük xidmətləri olub: “Həm azərbaycanlı əsirlərin azadlığa buraxılmasında, Azərbaycanda tolerantlıq prinsiplərinin möhkəmlənməsində, dünya dini liderlərinin zirvə toplantının təşkilində çox böyük əməyi olub. Cənab prezident Şeyxülislama ayrıca dəyər verir. A.Paşazadə hər zaman Azərbaycanın maraqlarını üstün tutur. Bu baxımdan kimsə Şeyxülislama nəsə deyirsə bu yaraşmaz. 2008-2013-cü illərdə Azərbaycanda səfir olmuşam. Yadımdadır, Şeyx həzrətləri 2011-ci ildə Prezident Ərdoğanın anasının dəfn mərasiminə iştirak etmək üçün İstanbula getmişdi. Şeyx həzrətlərinin cənab Ərdoğanın xətrini çox istədiyini bilirəm. QMİ sədri Türkiyənin dostudur”.

Səfirin fikrincə, İranla da yaxşı əlaqələrin olmasını istəyir: “Çünki, İranda 30 milyondan çox azərbaycanlı var. Odur ki, biz diqqət göstərməyə çalışırıq. Qonşularla yaxşı əlaqlələrin olmasını arzulayırıq. Bir daha deyirəm: Şeyxin çıxışı yanlış və təhrif edilmiş şəkildə cəmiyyətə təqdim edilib. Şeyxülislam hər zaman cənab prezidentin yanında olub. O baxımdan şeyxin bu şəkildə deməsi yanlış təqdim edilib”.

Qarabağın ali baş komandanın iradəsi, xalqın gücü, qəhrəman əsgərlərin qəhrəmanlığı, şəhidlərin qanı ilə azad olunduğunu deyən H.Kılıc Türkiyənin Azərbaycanın yanında olduğunu qeyd edib: “Türkiyə prezidenti Ərdoğanın, prezident yardımçılarının, Millət Məclisinin sədrinin, nazirlərin və türk xalqının siyasi, diplomatik və mənəvi dəstəyi Qarabağdakı savaşda önəmli rol oynayıb. Bunu ən yaxşı bilənlərdən biri də hörmətli Şeyxülislam həzrətləridir. Şeyx həzrətləri ilə bağlı mənfi nə deyilirsə onları qəbul etimirik. Şeyxülislam çox ağıllı və zəki bir şəxsdir. O nə dediyini bilir. Bu baxımdan cəmiyyətdəki belə dedi-qodulara fikir vermək lazım deyil”.

Son xəbərlər
Bütün xəbərlər »