Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistan yeni itkilərini gözə almalıdır”
“Ermənistan yeni itkilərini gözə almalıdır”

Asim Mollazadə: “Paşinyan yeni hökumətlə də köhnə oyunları davam etdirəcək”

Bu gün Ermənistanda yeni seçilmiş parlamentin ilk iclası keçirilib. Ermənistanda parlamentin 8-ci çağırışının ilk iclası başlayıb.

Bildirilib ki, bu parlament 71-i Vətəndaş Müqaviləsi Partiyasının, 29-u “Ermənistan” blokunun, 7-si isə “Şərəf duyuram” blokunun üzvlərindən ibarətdir. Yeni parlamentin 107 üzvü var. Bundan əvvəlki parlamentin 132 üzvü olub.

Deputatlar parlament sədri, iki sədr müavini seçəcək. Sədr postuna Vətəndaş Müqaviləsi Partiyasından Alen Simonyanın namizədliyi irəli sürülüb. O, ötən parlamentdə sədrin müavini olub. Müavinliyə namizdələrdən biri, Akop Arşakyan da hakim partiya tərəfindən irəli sürülüb. O, bundan əvvəl yüksək texnologiyalar naziri olub. Qanunverici orqanın sədr müavinliyinə ikinci namizəd Ruben Rubenyan isə xarici əlaqələr üzrə parlamentin daimi komissiyasının üzv olub.

Həmçinin, Ermənistan KİV-ləri xəbər verir ki, Azərbaycanda saxlanılan “əsir”lərin valideynləri parlament binasının qarşısında toplaşıblar və bu məsələnin gündəliyə salınmasını tələb ediblər.

Ermənistan yeni parlament və yeni hökumətlə sülh sazişi istiqamətində daha reall addımlar ata biləcəkmi? Bundan əvvəl bəhanə gətirilirdi ki, Paşinyan sadəcə baş nazir vəzifəsini icra edir və yeni hökumət təsdiqləndikdən sonra, üçtərəfli bəyanatda üzərinə götürülən öhdəlikləri yerinə yetirməyə başlayacaq.

Bu barədə Bizimyol.info saytına danışan Milli Məclis üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, Nikol Paşinyan yenə də hökumətə başçılıq edəcək və o da, öz köhnə “oyunlarını” davam etdirəcək.

Asim Mollazadə Asim Mollazadə

“Açığı, mən Ermənistanın yeni hökumətindən sülhə yönələn, mütərəqqi addımlar gözləmirəm. Təcrübə onu göstərdi ki, özünü “demokrat” kimi qələmə verən Paşinyan komandası heç də Azərbaycanla sülh sazişi bağlamaqda, bütün olub-keçən problemləri keçmişdə qoymağa hazır deyil. Əksinə, Paşinyan komandası ümid edir ki, məsələni daha da qəlizləşdirmək, delimitasiya məsələləri və digər öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmaqla, müəyyən zaman qazanmış olacaq. Hazırda Paşinyan öz imzaladığı üçtərəfli bəyanatdan boyun qaçırır və hər fürsət düşdükcə də, ATƏT-in Minsk qrupunu gündəmə gətirməyə çalışır. Bu da Qərbin, daha doğrusu, Fransanın sifarişidir”, - deyə deöutat vurğulayıb.

O qeyd edib ki, Fransa regionda aktiv oyunçuya çevrilmək istəyir və buna görə də, Paşinyanı avantürist addımlara sövq edir.

“Makron özünü yeni “Napoleon” kimi hiss edir, hər vəchlə regionda gedən proseslərə daxil olmağa çalışır. Buna görə də, münaqişəni yenidən qızışdırmaq, “status” məsələsini gündəmə gətirməklə, gərginliyi “isti” saxlamağa çalışır. Üçtərəfli bəyanata görə, münaqişə bitib. Lakin ATƏT-in Minsk qrupunun yenidən gündəmə gətirilməsi isə bu münaqişəni isti saxlamaq cəhdi kimi anlaşılmalıdır. Azərbaycanın məsələ münasibəti birmənalıdır. Bizim üçün münaqişə bitib və biz ərazi bütövlüyümüzü bərpa etməyə, separatçıları ərazilərimizdən tərksilah edib çıxarmağa hazırıq. Əgər Ermənistan öz öhdəliklərindən boyun qaçırmağa davam edərsə, Azərbaycan tərəfindən adekvat cavabını alacaq”, - deyə A.Mollazadə söyləyib.

Millət vəkili əlavə edib ki, Ermənistanın yeni hökuməti sonrakı proseslərdə diqqətli olmalıdır: “Əgər Ermənistan təxribatlarına və köhnə oyunlarına davam edərsə, onlar üçün nəticə çox ağır olacaq. Proseslərin bu cür gedişatında Ermənistan tərəfi yeni itkilərini gözə almalıdır”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »