Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
“Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”

Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

İ.Qaribaşvili ölkəsinin adından Ərdoğana Türkiyədə baş verən yanğınlar və ölənlərə görə başsağlığı bildirib, Gürcüstanın Türkiyəyə dəstəyini ifadə edib.

Ərdoğan isə öz növbəsində bu dəstəyə görə təşəkkür edib. Xüsusilə regional nəqliyyat və elektrik xətlərinin səmərəliliyi və təhlükəsizliyi baxımından birgə tədbirlərin əhəmiyyətini vurğulayan Ərdoğan nazirlər və deputatlar səviyyəsində uğurla həyata keçirilən Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmini səviyyəsində də canlandırmaq istədiyini bildirib (Türkiyə KİV).

Azərbaycan, Türkiyə və Gürcüstan üçlüyü təkcə “Bakı-Tiflis-Ceyhan” kəməri yox, bir çox regional layihələrdə, üç ölkə arasında yüksək iqtisadi-siyasi əlaqələrdə özünü göstərib. Həmçinin, son illərdə dəfələrlə üç ölkənin silahlı qüvvələrinin birgə təlimlərini müşahidə etmişik.

Lakin son zamanlar üçtərəfli görüşlərin nisbətən səngiməsi də danılmazdır. Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin birgə Bakı bəyannaməsindən hələ 4 il əvvəl, Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının Bakıda imzaladığı bəyannamə də var idi. Həmin bəyannamadə üç dövlət arasında əlaqələrin möhkəmlənməsi, inkişafı nəzərdə tutulurdu. Həmçinin, terrorizmə qarşı mübarizədə də bu üç ölkənin bir-birilə sıx əməkdaşlıq edəcəyi vurğulanırdı.

Hazırda bu üçtərəfli mexanizmin inkişaf səviyyəsi necədir? Üçtərəfli münasibətlərdə hansısa çatlar, yaxud “pauza” müşahidə olunurmu?

Elxan Şahinoğlu Elxan Şahinoğlu

Bu barədə Bizimyol.info-ya danışan politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu bildirib ki, Azərbaycan-Gürcüstan-Türkiyə mexanizmi liderlər səviyyəsində Mixail Saakaşvilinin dövründə çox yüksək səviyyədə idi: “Lakin Gürcüstan rəhbərliyində Türkiyə və Azərbaycanı kimin sevib-sevməməyindən asılı olmayaraq, bu iki dövlətlə münasibətləri maksimum inkişaf etdirmək Gürcüstanın özünə lazımdır. Çünkü üçtərəfli münasibətlərdə Gürcüstan tərəfi heç vaxt ziyana düşməyib, əksinə, mənfəət götürüb. Təbii ki, Ərdoğan bu məsələdə haqlıdır, hazırda regionda gedən proseslərdə Azərbaycan-Gürcüstan-Türkiyə mexanizmini gücləndirməyə, canlandırmağa ehtiyac var. Gürcüstan tərəfinin da buna maraq göstərəcəyini düşünürəm”.

O qeyd edib ki, Gürcüstan Azərbaycanla-Ermənistan arasında sülh sazişinin imzalanmasında, demarkasiya və delimitasiya məsələləri ilə bağlı danışıqlarda da vasitəçi ola bilər.

“Bundan əvvəl Ağdamdakı minaların xəritəsi və əsirlərin mübadiləsi ilə bağlı təşəbbüs Gürcüstanın vasitəçiliyi ilə baş tutmuşdu. Bunda Qərbin, amerikalı diplomatların da rolu olmuşdu. Lakin sonradan Rusiya təşəbbüsü ələ aldı. İstənilən halda, Gürcüstan tərəfi ortaya pozitiv bir vasitəçilik nümunəsi qoydu və bu vasitəçilik missiyasını uğurla davam etdirə bilər. Həm Azərbaycanın, həm də Ermənistanın bu vasitəçiliyə isti baxacaqlarını hesab edirəm”, - deyə E.Şahinoğlu vurğulayıb.

“Zəngəzur dəhlizi” işə düşərsə, Gürcüstanın regiondakı rolu zəifləyəcəkmi?

Bu sualın cavabında ekspert belə deyib: “Bu cür iddialar Ermənistan ekspertlərinin uydurmalarıdır. Gürcüstanın iştirakçısı olduğu bir sıra regional layihələr və o layihələr öz aktuallığını, önəmini uzun illər itirməyəcək. İstər Azərbaycan, istərsə də Türkiyə Gürcüstanla əməkdaşlığa yüksək önəm verirlər. O ki qaldı, “Zəngəzur dəhlizi”nə, hələ bilinmir, Ermənistan tərəfi bu öhdəliyi yerinə yetirəcək, ya yox. Hər şey Ermənistan rəhbərliyinin iradəsindən asılıdır. Lakin yenə də vurğulamaq olar ki, Gürcüstan yenə də Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »