Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
“Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”

Son zamanlar bir çox Azərbaycan gəncinin “patı” deyilən narkotik vasitə metamfetaminə aludə olması cəmiyyətdə ciddi narahatlıqlara səbəb olub.

Bir çox ekspertlər bu narkotiki yayanların hansısa agentura ilə əlaqəli olduğunu deyir, Azərbaycan cəmiyyətini məhv etmək üçün xüsusi bir plan qurulduğunu iddia edirlər.

Hətta bəzi keçmiş narkomanların bloqqerlərə verdiyi müsahibələrdə bu narkotik üzrə mütəxəssislərin İrandan gəldiyi bildirir. DİN-in son günlərdə həyata keçirdiyi əməliyyat tədbirləri zamanı, onlarla narkotik alverçisi saxlanılıb. Hətta sosial şəbəkələrdə narkotiki təbliğ edən bir sıra gənclərin də saxlanıldığı barədə bu günlərdə məlumat verilmişdi.

Düzdür, bu istiqamətdə müəyyən tədbirlər görülür, lakin bu təhlükə hələ də qalmaqda, böyüməkdədir. Yəni, tutulanlar kiçik fiqurlardır. İlanın başını əzmək isə çox çətin görünür. Çünki bəzən dilerlərin özləri belə öz “şef”lərinin kimliyindən xəbərdar olmur, satdıqları mal onlara müxtəlif vasitələrlə, “whatsapp”da ünvan göndərilməklə çatdırılır, pul da həmin yolla götürülür.

Yəni, bu “iş”ə girmək istəyən şəxslər müxtəlif xarici ölkələrə aid nömrələrlə “whatsapp”da əlaqə saxlayır, detallar danışıldıqdan sonra təyin olunan yerlərdə qiyabi şəkildə “mal” və pul mübadiləsi gedir. Oxucu düşünə bilər ki, bu istiqamətdə DİN hər hansı tədbir görməyibmi?

Görünür ki, müəyyən tədbirlər görülüb, amma hələlik həmin cinayətkar şəbəkəni aşkar etməkdə dövlətin də texnologiyaları aciz qalıb. Yaxud, daha səmərəli və yeni yanaşmaya ehtiyac var...

Əgər uzun müddət ərzində bu şəbəkəni deşifrə etmək mümkün olmayıbsa, görünür ki, ortada çox peşəkar, yaxşı təşkilatlanmış cinayətkar qrupdan söz gedir. Kim bilir, bəlkə də, bu, bir cinayətkar qrup yox, hansısa xüsusi xidmət orqanına tabe olan birləşmədir?!

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Bizimyol.info-ya bildirib ki, xarici qüvvələr daim Azərbaycandan tranzit kimi istifadə etməyə çalışıblar.

Ilham Ismayıl İlham İsmayıl

“Yəni, burda narkotik satışına nəzarəti ələ almaq kimi xüsusi bir cəhdlər olmayıb. Lakin son illərdə “ucuz narkotik” hesab olunan metramfetamini surətlə yayılması bəzi suallar yaradır. Təbii ki, bunu bizimkilər “icad” edə bilməzdi, hazırlamaq üçün də kənardan kimsə gəlib burda “işi öyrətməli” idi. Düşünürəm ki, Azərbaycanda bu narkotikin istehsal olunub-yayılmasında müəyyən xarici qrupların rolu istisna deyil. Onlar planlı işləyirlər və yaxşı şəbəkələniblər”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində metamfetamini yayanlar həm insanlarımızı tamamilə yoxsullaşdırmaq, həm də bir ölkə kimi bizi məhv etmək məqsədi güdürlər.

“Son zamanlar işsizlik, əvvəl pandemiya, sonra isə müharibə ilə bağlı bir çox gənclərimizin psixoloji gərginlik yaşaması bəzi insanların bu narkotikə meyil göstərməsinə səbəb olub. Müharibədən qayıdan bəzi gənclər müəyyən psixoloji böhran keçirirlər. Bundan istifadə edən cinayətkar şəbəkələr də onları öz torlarına salırlar. İlk baxışdan ucuz görünən bu narkotik vasitə sonradan ona öyrəşən insanları tamamilə yoxsullaşdırır. Həmçinin, burda puldan başqa da bir məqsəd var: cəmiyyəti tamamilə iflic vəziyyətinə salmaq. Bu, bir düşmən yanaşmasıdır. Əgər bir cəmiyyətdə düşünən beyinlər azalırsa, o zaman hər hansı təhlükədə adekvat tədbirlər görmək potensialı da azalır”, - deyə İ.İsmayıl qeyd edib.

DİN-in son günlər gördüyü əməliyyat tədbirlərini təqdir edən ekspert əlavə edib ki, bu əməliyyat tədbirləri mütəmadi xarakter almalı və narkotik satışı ilə məşğul olan qruplar daim qorxu içində saxlanılmalıdır.

Yüksək texnologiyalar üzrə ekspert Osman Gündüz Bizimyol.info-ya bildirib ki, narkotiklərin satışı və təbliği əsasən sosial media resursları vasitəsilə həyata keçirilir.

Osman Gündüz Osman Gündüz

“Bu resursların çoxu isə xaricdə yerləşir. Sosial mediada anonimlik prinsipi var, bu da hüquq mühafizə orqanlarının işinə müəyyən çətinliklər yaradır. Belə ki, bu, lokal yox, qlobal problemdir. Yəni, dünyanın bir çox ölkələrində narkotik ticarəti ilə mübarizə aparan hüquq mühafizə orqanları oxşar problemlərlə üzləşiblər”, - deyə O.Gündüz vurğulayıb.

Lakin onun sözlərinə görə, bu istiqamətdə müəyyən ölkələr təcrübə əldə edib, bəzi nəticələr də var: “Bizim hüquq mühafizə orqanları xarici ölkələrin narkotik ticarəti ilə mübarizədə qazandığı təcrübəni, tətbiq olunan yeni metodları öyrənib araşdıra bilər. Bir sözlə, bizim hüquq mühafizə orqanları beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsinə xüsusi diqqət yetirməlidir. Eyni zamanda, bu şəbəkə ilə mübarizə üçün yüksək texnologiya mütəxəsisslərini də cəlb etmək lazımdır”.

Osman Gündüz qeyd edib ki, texnoloji baxımdan cinayətkar şəbəkələr yaxşı “silahlanıblar”.

“Onları deşifrə etmək müəyyən zaman alacaq və heç də asan olmayacaq. Lakin yeni metodların tətbiqi ilə, sistemli mübarizə aparmaqla bu şəbəkələrin qarşısını almaq mümkündür”, - deyə ekspert əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »