Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İl sonunda bahalaşmanın olmayacağına kimsə zəmanət verə bilməz"
"İl sonunda bahalaşmanın olmayacağına kimsə zəmanət verə bilməz"

Bir neçə gündür ki, Aİ-95 markalı benzinin qiyməti yenidən artaraq, 1 manat 45 qəpik olub. Son 3 ayda bu markalı yanacağın qiymətində ikinci artımdır.

Yanacağın qiymətinin artması avomobil bazarına da təsir edir. Belə ki, qiymət bahalaşmamışdan öncə Aİ-95 markalı yanacaqla avtomobil idarə edən şəxslər indi Aİ-92 və dizellə çalışan avtomobillərə üstünlük verməyə başlayıb. Bu isə, dizel və Aİ-92 markalı yanacaqla çalışan avtomobillərin qiymətində artıma səbəb olub.

Mütəxəssislərin fikrincə, hazırda Aİ-95 markalı yanacaqla idarə edilən avtomobillərdən daha çox imkanlı şəxslər istifadə edir.

Nəqliyyat məsələləri üzrə ekspert Fazil Quliyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, ilin əvvəlindən bu günə qədər Aİ-95 markalı yanacağın qiyməti 30 qəpiyə qədər artıb:

“Bu, o qədər böyük məbləğ kimi görünməsə də, böyük mühərriki olan avtomobillər üçün böyük pullar deməkdir. Müşahidələrə görə demək olar ki, ilin əvvəlində müəyyən bir təbəqə var idi ki, hələ də Aİ-95 markalı yanacaqla çalışan avtomobillərdən istifadə edirdi. Ancaq bu müddətdə onlar da belə avtomobillərdən imtina edib. Bir tərəfdən pandemiya, digər tərəfdən yanacağın bahalaşması vətəndaşların lüks avtomobillərdən imtina etməsi ilə nəticələnib”.

Ekspert qeyd edib ki, hazırda vətəndaşlar nisbətən ucuz və kiçik mühərrikli avtomobillərə üstünlük verir. Bu səbəbdən də avtomobil bazarında kiçik mühərrikli və digər yanacaq növü ilə çalışan avtomobillərin qiymətində 1000-1500 manat artım müşahidə edilir. F.Quliyevin sözlərinə görə, Aİ-95 markalı yanacaq xaricdən idxal edildiyi üçün qiymətinin bahalaşmasını bununla əlaqələndirirlər. Ancaq bu qiymət artımı yaxın zamanlarda digər yanacaq növlərinin də qiymətinin artırılacağının xəbərçisi ola bilər:

“Hazırda, bazarda daha çox ikinci əl avtomobillərə və mühərrik gücü 2000-ə qədər olan avtomobillərə təlabat var. Görünən odur ki, yanacağın qiyməti artdıqca ilin sonuna qədər təlabat da artacaq. Avtomobil almaq, avtomobilini dəyişmək istəyən vətəndaşlar üçün indi əlverişli zamandır. İl sonunda bahalaşmanın olmayacağına kimsə zəmanət verə bilməz”.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »