Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib

Xaçmaz rayonunda “Starıy dvor” restoranında deputat Eldəniz Səlimovun polis əməkdaşı Zaur Mirzəyevi döyməsi ilə əlaqədar cinayət işi Milli Məclisdə müzakirəyə çıxarılacaq. Artıq bu istiqamətdə bir sıra addımlar atılıb.

Bizimyol.info xəbər verir ki, Baş prokuror Kamran Əliyev deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat göndərib. Milli Məclisin üzvləri məzuniyyətdə olsalar da, avqustun 2-nə İntizam Komissiyasının təcili toplantısı təyin edilib. Həmin iclasda Eldəniz Səlimovun məsələsi müzakirə olunacaq. Baş prokurorun onunla bağlı təqdimatına dair rəy veriləcək. Avqustun 3-nə isə Milli Məclisin növbədənkənar plenar iclası çağrılıb. Həmin rəy bir gün sonra həmin iclasda müzakirəyə çıxarılacaq və Milli Məclis deputatın toxunulmazlığıqla bağlı qərar verəcək.

İyulun 29-da gecə saat 01.00 radələrində Xaçmaz rayonunda restoranda deputatın polisi vurması iddialarıyla əlaqəlar cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən Bizimyol.info-ya verilən məlumata görə, deputatın xidməti vəzifəsini icra edən polis əməkdaşına zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən Baş Prokurorluğa material daxil olub. Həmin material araşdırılıb və Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb: “İstintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır”.

Deputatın vurduğu iddia olunan Zaur Mirzəyev Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşıdır.

Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə zamanı deputat sərxoş vəziyyətdə olub. Millət vəkilinin həmçinin karantin rejimi qaydalarını pozduğu iddia olunur: “Gecə saat 12-dən sonra polis əməkdaşları karantin rejimi qaydalarına uyğun olaraq, obyektin bağlanmasını tələb edib. Eldəniz Səlimov buna etiraz edərək, münaqişə yaradıb”.

45 yaşlı Eldəniz Səlimov 2010-cu ildən Milli Məclisin deputatıdır. O, 55 saylı Xaçmaz şəhər Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı kimi parlamentdə təmsil olunur.

Deputatın toxunulmazlığı olduğuna görə prokurorluqda cinayət işi başlanması onun cinayət məsuliyyətinə cəlb olunması demək deyil. Onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün mütləq toxunulmazlığı ləğv olunmalıdır.

Deputatın toxunulmazlığına isə Baş prokurorun təqdimatı əsasında Milli Məclisin qərarı ilə xitam verilə bilər. Bu təqdimat Milli Məclisə daxil olandan sonra prosedur qaydaları parlamentin Daxili Nizamnaməsi ilə tənzimlənir. Təqdimata 7 gün ərzində baxılmalıdır. Milli Məclisin sədri Baş prokurordan daxil olan təqdimatı İntizam Komissiyasına göndərir. Komissiya təqdimata baxaraq, Milli Məclisin deputatının toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy verir.

Milli Məclis bu barədə məsələlərə sözügedən deputatın özünün iştirakı ilə baxır. Həmin deputatın iclasda iştirakı mümkün olmayanda məsələyə onsuz baxıla bilər.

Bu məsələ Milli Məclisin iclasında müzakirə edilərkən deputatın ittiham edildiyi cinayətdə təqsirli olub-olmaması müzakirə edilə bilməz. İclasda iştirak edən deputatlar yalnız deputat toxunulmazlığına xitam verilməsi barədə Baş prokurorun təqdimatında kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər. Bu məqsədlə Baş prokurora suallar verə bilərlər.

Deputatın toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.

Son xəbərlər
Bütün xəbərlər »