Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”

1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru, daha sonra 20 ilə yaxın müxtəlif ölkələrdə səfiri vəzifəsində çalışmış, bir ilə yaxındır həbsdə olan Eldar Həsənovun işi üzrə istintaq yekunlaşıb. Hazırda onun vəkilləri cinayət işinin materialları ilə tanış olur. Yaxın günlərdə iş baxılması üçün məhkəməyə göndəriləcək.

Bizimyol.info xəbər verir ki, təxminən bir ay əvvəl – iyulun 2-də DTX-nın hərbi hospitalına köçürülərək, orada bağırsaq keçməzliyindən əməliyyat olunan sabiq səfir DTX-nın istintaq təcridxanasına geri qaytarılıb. Lakin onun vəkilləri vəziyyətinin hələ də ağır olduğunu bildirir.

Vəkillər Adəm Məmmədov, Cavad Cavadov, Valeh Mehrəliyev və Cəlil Mirzəyev Eldar Həsənovun həyatının təhlükə altında olduğunu vurğulayaraq, onun ev dustaqlığına buraxılması üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. Bu barədə Bizimyol.info-ya müraciətə imza atan vəkillərdən Cavad Cavadov məlumat verib.

“Eldar Həsənovun vəkilləri olaraq onun səhhətində yaranmış çox ciddi və ağır durumla bağlı, bəlkə də sonuncu dəfə, Sizlərə müraciət edirik.

Nə üçün sonuncu? Çünki xəstəliyin sürətlə irəliləməsi nəticəsində durum o qədər ağırdır ki, növbəti dəfəyə ehtiyac qalmaya bilər.

Vəkillər olaraq düşünürük ki, onun səhhətinin ağır durumda olması ilə bağlı məlumatlar bəlkə də Sizlərə çatmır”, - vəkillər müraciətdə belə yazıb.

Müdafiəçilər qeyd edib ki, Eldar Həsənov keçən ilin oktyabr ayından başlayaraq, başgicəllənmələrdən, ayaqların tutulmasından və nəticədə yıxılmalardan şikayət edirdi: “İndiyə kimi 170 dəfədən artıq belə yıxılmalar baş verib. Həmin vaxtdan çəliklə hərəkət etmək məcburiyyətində qalıb”.

Vəkillərin sözlərinə görə, Eldar Həsənovun öz həkimləri tərəfindən müayinə olunması üçün Baş Prokurorluğa dəfələrlə vəsatətlər versələr də, həmin vəsatətlər heç bir əsas olmadan təmin edilməyib. Nəticədə də belə ağır fəsadlara gətirib çıxarıb.

Müdafiəçilər onu da vurğulayıb ki, iyul ayında Eldar Həsənov DTX-nın hərbi hospitalında stasionarda olarkən müayinə zamanı onda paroksizmal pozision vertiqo, sol tərəfli diskogen boyun radikulopatiyası, diskogen lumbal radikulopatiya aşkar olunub. Müəyyənləşdirilib ki, indiyə qədər başgicələnmələrin və yıxılmaların səbəbi bu xəstəlik imiş.

“Bu xəstəliyin vaxtında aşkara çıxarılmaması və adekvat müalicə aparılmaması səbəbindən hazırda durum çox ağırdır. Əslində, bu xəstəliyin müalicəsi yoxdur, ağırlaşmanın qarşısını almaq üçün gündəlik profilaktikası var: dərmanlar, məşğələlər, fizioterapiya, müntəzəm açıq havada olma və s. Müntəzəm başgicəllənmələr yıxılmalarla müşahidə olunur və istənilən növbəti yıxılmaların birində ağır fəsad baş verə bilər. Bütün bunları nəzərə alaraq Sizlərdən xahiş edirik Eldar Həsənovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı köməklik göstərəsiniz”, - vəkillər müraciətdə yazır.

Eldar Həsənov 2000-ci ildə Baş prokuror vəzifəsindən azad ediləndən bir il sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci il avqustun 13-də Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Eldar Həsənov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələrilə ittiham olunur.

Keçmiş səfir ittihamları qəbul etmir və özünü təqsirli bilmir. O, istintaq zamanı ifadə verməkdən imtina edib.

Son xəbərlər
Bütün xəbərlər »