Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Toy günü bəylə gəlinə vaksin vurduranlar riski gözə almışdılarmı?
Toy günü bəylə gəlinə vaksin vurduranlar riski gözə almışdılarmı?

Bizdə adətdir axı, vur deyəndə öldürmək, bitə görə yorğan yandırmaq.

Dünən Zərdab rayonunda keçirilən toy mərasimində bəylə gəlinin öz toyuna buraxılmaması tam bir Azərbaycan mənzərəsiydi. Zərdabın Qoruqbağı kəndində toy məclisinə gələn qonaqların "COVID" pasportları yoxlanılarkən məlum olub ki, bəy Səmədov İsaq Cabir oğlu və gəlin Qurbanova Səbinə Əlvan qızı peyvənd olunmayıblar.O saat gözünə döndüyüm gözə girmək istəyənlər aparıb bəylə gəlini peyvənd ediblər, şəkillərini də çəkib hünərlərini sərgiləyiblər.

Bəs görəsən yuxarıların tapşırığı altında vur deyəndə öldürən bu hünərlilər heç düşünmədilərmi ki, bəylə gəlinin hansısa biri iynədən şok keçirsəydi, allergik reaksiyası olsaydı bu toy peşmançılıqla nəticələnəcəkdi? Məlumatda utanmadan yazırlar: “Bəylə gəlin tibb məntəqəsinə gedib KÖNÜLLÜ vaksinasiya olunduqdan sonra məclisə qatılıblar”.

Adama deyərlər, kimi qanmaz yerini qoyursunuz, kimi aldadırsınız? Məclisi qurulub toyuna buraxılmayan bəy gəlinin tibb məntəqəsinə polis müşayiətində aparılması nə zamandan könüllülük olub? Vaksin vurulan kimi dərhal qoruma funksiyasına başlayırmı? Nə vacib olmuşdu axı? Çoxumuza yaxşı məlumdur ki, pandemiya günlərində də, elə indi də şadlıq evləri, toy sahibləri lazımi yerlərə görüm baxım eləyəndən sonra istənilən sayda qonağı dəvət edə bilirlər, lazım bilirlərsə, kimsənin covid pasportu yoxlanılmır. Gücünüz bu kasıblara çatırdı, ya bu nə şou idi göstərirdiniz?

Mən vaksinasiyanın əsla əleyhinə deyiləm, hətta özüm vaksin gəldikdən az sonra könüllü gedib vaksin vurdurdum. Belə özümü psixoloji cəhətdən güclü hiss edirəm, başqalarına da tövsiyə etmişəm. Dövlət vətəndaşının düşməni deyil, lazımdır deyilirsə, deməli lazımdır. Lakin bəzi istisnalar, nüanslar var ki, nəzərə alınmalıdır.

Pandemiya günlərində nikah kəsdirib icazə verildikdən sonra yenidən toy çaldıranlar var. Bu gəlin də onlar kimidirsə, yəni öncədən ailə qurubsa, hamilə olsaydı, onda necə? Bütün antikovid peyvəndlərin təlimatında hamiləlik dövrü əks göstərişdir. Yəni bu təcrübə yoxdur. Və peyvənddən sonra ilk 3 ay hamiləlik planlanmasın deyilir. Hamilə deyildisə belə, toy günü peyvəndlənən gəlin toydan az sonra hamilə qalsa, körpənin taleyi necə olacaq? Bu sualın cavabını heç kim verə bilməz. Çünki yeni bir virus, yeni bir peyvəndlə üz-üzəyik.

Yəni ehtiyat tədbirimiz niyə bəy və gəlindən başlamalıdır? Bir vaxt yazıçı Anarın dediyi bir fikir yerinə düşür. Sovet dövrü haqqında demişdi: "Moskvadan göstəriş veriləndə ki, dırnaqları tutun, Bakıda insanların barmaqlarını dibindən kəsirlər". Görünür, indi rayonlarımız üçün o vaxtkı Moskvanı Bakının göstərişləri əvəz edir. Rəsmi mətbuatda pəh-pəhlə verilən bu xəbəri isə ağıllı adamlar əsəb və ironiya ilə qarşılayırlar.

Qaş düzəldərkən göz çıxarmayın, cənablar.

İlhamə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »