Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saxta peyvənd sertifikatlarının qarşısı niyə alınmır...
Saxta peyvənd sertifikatlarının qarşısı niyə alınmır...

Ölkədə vaksinasiya prosesində neqativ hallara yol verilir. Vətəndaşlar müəyyən ödəniş qarşılığında peyvənd sertifikatı ala bilir. Ancaq bu prosesdə iştirak edən vətəndaşa peyvənd vurulmur.

Səhiyyə Nazirliyi bildirir ki, nəzarət kameraları, vətəndaş şikayətləri və bənzər müraciətlər nəzərə alınaraq vaksinasiya prosesinin şəffaflığı daimi diqqətdə saxlanılır. Və hüquq pozuntusuna yol verən tibb işçiləri haqqında müvafiq tədbirlər görüləcək.

Saxta peyvənd sertifikatı əldə etməyə insanları nə vadar edir? Niyə vətəndaşlar vaksinasiya prosesində iştirak etmək istəmir? Bu qorxudursa, bu qorxu nədən yaranır?

Psixoloq Nigar Ağayeva Bizimyol.info saytının bu mövzu ilə bağlı suallarını cavablandırıb. Onun sözlərinə görə, pandemiya başlayan dövrdən insanlarda bu xəstəliyə, virusa qarşı inamsızlıq var. Vətəndaşlar bu xəstəliyin xüsusi plan üzrə hazırlandığını və xüsusi məqsəd daşıdığını hesab edirlər. Bəziləri bunu insanların sayını azaltmaq, bəziləri insanları idarə etmək üçün çiplərin yerləşdirilməsini həyata keçirmək üçün xüsusi plan olduğunu iddia edir. Ekspertin sözlərinə görə, vətəndaşlarda inamsızlığın yaranmasında dövlət qurumlarının da rolu var. COVID-19 virusuna qarşı mübarizə aparan xəstəxanalarda rüşvət halları, həkimlərin həbs edilməsi, xəstəxanalarda xəstələrdən rüşvət tələb edilməsi, bu gün isə saxta peyvənd sertifikatlarının satlması insanlarda olan inamı tamamilə öldürüb.

“Pandemiya dövrü yeni başlayanda “niquşların” whatsapp mesajlarının real olması, peyvənd prosesi ilə bağlı qurumların verdiyi açıqlamalar, peyvənd prosesinin demək olar ki, məcburi olması inamı öldürür”.

Psixoloq Zeynəb Eyyubovanın sözlərinə görə, son 5 ildə ümumi peyvəndləmə prosesində zəifləmə müşahidə edilirdi:

“Ölkədə peyvəndə qarşı qəribə bir reaksiya var idi. Bu pandemiyadan öncə də belə idi. COVİD-19-la bağlı vaksinasiya prosesinə inamsızlıq isə, bütün dünyada yayılan şaiələr, bloggerlərin, həkimlərin çıxışı oldu. Vaksinasiya əleyhinə müxtəlif video roliklər çəkildi. Video-çarxlarda insanlara çiplərin qoyulması iddia edilirdi. Bu məlumatlar insanlara təsir etdi. Bununla bağlı animasiyalar düzəldildi, şəkillər paylaşıldı. İnsanlarda şüuraltı qorxu yarandı. Bu gün vətəndaşlar “peyvəndin mənə zərəri olar” düşüncəsi ilə peyvəndlənmədən imtina edir. İnsanların bundan qorxmaması üçün maarifləndirilmə düzgün aparılmalı idi. Maarifləndirmə düzgün aparılsaydı belə olmazdı”...

Belə ki, əgər bu gün vətəndaşlar saxta peyvəndləmə sertifikatı alırsa, ala bilirsə, almağa can atırsa, burada birbaşa səhiyyə sistemi məsuliyyət daşıyır. İlk günlərdən TƏBİB-in verdiyi həqiqətə uyğun olmayan məlumatlar, absurd açıqlamalar, jurnalistlər arasında ayrı-seçkilik, TƏBİB-in balansında olan xəstəxanalarda qanunsuzluqlar olmasaydı, bu gün Azərbaycan vətəndaşı xəstəliyə yoluxmamaq üçün özü könüllü şəkildə vaksinasiya prosesində iştirak edərdi.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »