Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatdan şillə-təpikli "təşəkkür"
Deputatdan şillə-təpikli "təşəkkür"

Xaçmazda deputat polisi döyüb. Tragikomikdir; o Eldəniz Səlimovu deputat eləyənlərdən biri elə o polis olmayıbmı?! Ən yaxşı halda seçicisi deyilmi?!

Məlumdur ki, bu adam saxta yolla deputat mandatı əldə edib. Heç kimin tanımadığı, siyasi kimliyi olmayan birisini deputat təyin ediblər. Saxta seçki yolu ilə. Və bu saxtakarlıq o cümlədən polisin gözü önündə olub. Yəni polis Eldəniz Səlimovun iki dəfə dalbadal seçki cinayətlərini törətməsini görüb, göz yumub? Yoxsa heç görməyib?! Hər iki halda o Eldəniz Səlimovun mandat oğurlamağına görə polisin də günahı var. Ən azı mənəvi. Ancaq bunun cəzası polisin döyülməsi deyil. Deputatın polisi döyməsi əslində dövlətə əl qaldırmasıdır. Yəni saxta da olmuş olsa, rəsmi mandatı olan bir deputat onu bu vəzifəyə təyin etmiş hakimiyyətə əl qaldırıb. Yəni mandata, 5-6 min manat maaşa, qocalanda alacağı 3-4 min manat pensiyaya, deputat kimi geniş səlahiyyətlərə, biznes qurub rahat idarə etmək imkanına və sairə görə hakimiyyətə belə "təşəkkür edib".

Təəccüblü bir şey yoxdur; küçədən-bacadan adamları tutub YAP-a, ordan da "siyasi sədaqət"ə görə Milli Məclisə dolduranda, axırı belə olmalıydı. İndiki deputat korpusunda xeyli sayda adam var ki, camaat nəinki üzdən tanıyır, heç əvvəllər adını da eşitməyib.

Bəli, deputat polis nəfərini döyüb, təhqir edib. Bunun səbəbi var: o Eldıniz Səlimov görəndə ki, onun özünü deputat düzəldərək dövləti, cəmiyyəti təhqir ediblər, o da bunu normal sayıb. İmkan düşən kimi özü də ona mandat bağışlamış dövləti və bunu susqunluqla seyr etmiş cəmiyyəti aşağılayıb. Əslində o polisin döyülməsində bu və ya başqa şəkildə hamı günahkardır. Elə polisin özü də. İndi karantin qaydalarına riayəti necə prinsipiallıqla tələb edibsə, eynilə seçki qanunlarının pozulmasının da qarşısını alsaydı, bu gün Eldəniz Səlimov o mandata güvənib onu döyməzdi.

Deputata nə cəza veriləcək?! Deyə bilmərik. Zaman göstərər. Ancaq təsəvvür edin, o polisə bir arıq müxalifətçi və ya yoluq jurnalist "Gözün üstündə qaşın var" demiş olsaydı, o qaşının altındakı gözünü basıb çıxarmışdılar. Bəlkə də nəsilliklə.

Bəli, polisə dəymək olmaz. Döymək heç olmaz. Ancaq polisin vətəndaşa əl qaldırdığı heç olmayıbmı?! Qanun çərçivəsində fiziki güc tətbiq edilməsindən söhbət getmir. Yəni təkcə polisə qarşı törədilən qanunsuzluqlara deyil, polisin törətdiklərinə də belə duyarlı olmaq gərək.

Hər halda... Deputata gəlincə, qanun çərçivəsində ən sərt şəkildə cəzalandırılmalıdır. Bilirsinizmi, həm də niyə?! Bu gün polisi döyən, görün, sabah vətəndaşa nə edər!

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »