Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bəzi sələmçi və lombardlar insanları tutdurur”
“Bəzi sələmçi və lombardlar insanları tutdurur”

"Azərbaycanın məhkəmə sistemində elə bir vəziyyət yaranıb ki, artıq hansısa bankı məhkəməyə vermək və ya hansısa bankın xeyrinə olan qətnamədən apellyasiya şikayəti vermək mənasızlaşıb".

Bu sözləri Bizimyol.info-ya müsahibəsində vəkil Əkrəm Həsənov bildirib.

Əkrəm Həsənov Əkrəm Həsənov

Onun sözlərinə görə, problemlər hələ də qalsa da, bəzi vətəndaşlar banklar və bank olmayan təşkilatlarla müəyyən razılığa gələ biliblər.

“Bildiyimiz kimi, 2015-2019-cu illərdə bankların təzyiqləri, kollektorların özbaşınalığı yüksək səviyyədə idi. Apardığımız mübarizə və sosial şəbəkələrdə insanların məlumatlanması müəəyən mənada bu problemləri azaltmaqda yardımçı oldu. Artıq insanlar bilirlər ki, kollektorların heç bir təzyiq hüququ yoxdur, onlar hər hansı dövlət strukturunu təmsil etmirlər. Yəni, vətəndaşın heç bir gəlir yeri yoxdursa, böyük məbləği birdən ödəyə bilmirsə, ona təzyiqlər göstərməyə heç kimin hüququ çatmır”, - deyə Ə.Həsənov bildirib.

O qeyd edib ki, hazırda başqa bir problem ortaya çıxıb.

“2015-ci il devalvasiyasından sonra lombardlar və fərdi sələmçilər bankların kredit verməyi azaltmasından istifadə etdi. Ondan əvvəl bəzi banklar heç rəsmi iş yeri də tələb etmirdi, kredit almaq asan idi. Lakin son illərdə heç bir vergi ödəməyən sələmçilər və lombard sahibləri varlanmağa başladılar. Nəticədə çox sayda insan daşınan və daşınmaz əmlakını itirdi”- deyə vəkil əlavə edib. Vəkilin sözlərinə görə, pandemiya dövründə insanlar lombard və sələmçilərdən daha çox asılı vəziyyətə düşdülər.

“Sələmçi və lombard sahiblərinin fəaliyyəti qanunsuzdur. Banklarda isə girov yoxdur. Bəzən kimisə 10-15 sutka həbs etdirə bilirlər, lakin bunun özü də qanunsuzdur. Amma lombardlar və sələmçilər bəzən insanları birbaşa cinayət məsuliyyətinə də cəlb etdirə bilir. Bunu necə edirlər, bir Allah bilir, bir də onların müraciət etdikləri hüquq-mühafizə orqanları. Bu, təbii ki, qanunsuzdur. Lakin bu şəxslərlə hüquqi müstəvidə mübarizə aparmaq da sadə vətəndaşlar üçün çətinləşib”,- deyə ekspert söyləyib.

Qeyd edək ki, lombardlar əsasən, daş-qaş və qızıl məmulatlarını girov saxlamaqla insanlara yüksək faizlə borc verirlər.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »