Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Gecə uşaqlarla oynadı, səhər saat 5-ə qədər divara söykənib yatan övladlarına baxdı"
"Gecə uşaqlarla oynadı, səhər saat 5-ə qədər divara söykənib yatan övladlarına baxdı"

Hər gün qarşılaşdığımız, yanından keçdiyimiz və ya salamlaşdığımız insanlardan biri.. Bu xalqın nümayəndəsi, bu cəmiyyəti cəm edənlərdən, yəni bizdən biri... İkinci Qarabağ müharibəsindəki zəfərdən sonra onları - özümüzü yenidən tanıyırıq... Şəhidlərimizi yenidən xatırlayırıq...

Kəlbalıyev Səyavuş Hümbət oğlu 16 oktyabr 1987-ci ildə Cəbrayıl rayonu Horovlu kəndində anadan olub. 1993-cü il 23 Avqust tarixində Cəbrayıl rayonundan məcburi köçkün olaraq gələn Səyavuş, ailəsi ilə birlikdə Bakı şəhəri Pirşağı qəsəbəsində qatar vaqonunda məskunlaşıb. Ata, ana, 2 bacı va 2 qardaş - 6 nəfərdən ibarət ailə 16 il qatar vaqonunda yaşayaraq çox böyük çətinliklərdən keçib. Buna baxmayaraq 1994-cü ildə Pirşağı qəsəbəsi Şuşa rayon 6 saylı orta məktəbə gedən Səyavuş 2005-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirərək, yüksək balla Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Hələ orta məktəb illərindən hərbiçi olmağı qarşısına məqsəd qoyan Səyavuşu məktəb kollektivi belə "Çavuş" deyə çağırırmış. Səyavuş Kəlbaliyev, 2009-cu ildə AAHM-i uğurla bitirərək leytenant hərbi rütbəsinə layiq görülüb. 2009-2010-cu illərdə SQ-in Təlim-Tədris Mərkəzində ixtisasartırma kursunu bitirərək N saylı hərbi hissədə xidmətə başlamışdır. 2012-ci ildə Kəşfiyyat ixtisası üzrə kurs keçmiş, xidmətini Xüsusi hərbi hissədə davam etdirmişdir. Xidmət etdiyi dövrdə 16 illik qüsursuz xidmətə görə müxtəlif fəxri fərman, orden və medallarla təltif edilib.

Həyat yoldaşı Pərvanə Kəlbəliyeva Bizimyol.info saytına şəhid həyat yoldaşı ilə bağlı xatirələrini danışıb:

“İxtisası ilə əlaqədar olaraq çox zaman təlimlərdə olduğuna görə, Səyavuşu aylarla görmürdük. 2020-ci ilin avqust ayında Bakıya gəlib, bizi Beyləqana öz yanına aparmaq istədiyini bildirdi. Dedi ki, bəlkə də 1 ay ömrüm qalıb, heç olmasa uşaqların üzünü doyunca görüm. Onunla Beyləqana getsək də çox az-az evə gələ bilirdi. O da çox gec saatlarda olurdu. Saat neçə olmasından asılı olmayaraq, evə gələndə uşaqlarla oynamasa yatmazdı. Həddən ziyadə övladlarına bağlı ata idi. Onlarla nəfəs alırdı”.

Səyavuş Kəlbalıyev sonuncu dəfə sentyabrın 25-i gecə saat 1-də evə gəlib. İşi haqqında danışmağı sevmədiyi üçün hər zaman yoldaşının sualları cavabsız qalırmış.

“Dedi ki, uşaqları görməyə gəlmişəm. Gecə uşaqlarla oynadı və səhər saat 5-ə qədər divara söykənib, yatan övladlarına baxdı və fikrə getdi. Soruşdum ki, “Səyavuş nə fikirləşirsən?” Dedi “mənim övladlarım mənim şəhidliyimlə qürur duyaraq böyüyəcək, amma onların gələcəyini görə bilməmək toxunur biraz”. Dedim “necə yəni şəhidliyimlə?”. Dedi ki, “mən öz komandama da şəhid olmağı qadağan etmişəm. Biz ora düşmən sevindirməyə getmirik. Amma yenə də qismətdir hər şey ola bilər”. Sonra qalxıb çantasını yığmağa başladı. Təzə formasını qatlayıb, zarafatyana “adam da döyüşə bu qədər sumkayla gedər?” dedi.Üzünü mənə çevirib “bir də görəcəksən ki, üzüm tüklü, toz torpaq içində gəldim”. Sonra hərbiyə aid 2 bıçağından birinin arxasını kəndirlə bağlayıb, formasının şalvarındakı cibinə qoydu. Soruşdum ki, “Səyavuş bu bıçağı neynirsən?” Dedi ki, “öz aramızda söz vermişik, erməniyə Xocalını yaşadacağıq. Harada üz üzə gəlsək qəti silahdan istifadə etməyəcəyik”. Digər bıçağı isə mənə uzadıb “əgər gəlməzsəm bu bıçağı da məndən yadigar olaraq Hümbətə (böyük oğlumuza) verərsən” dedi”- deyə Pərvanə xanım danışır.

Daha sonra Səyavuş Pərvanənin ona yeni aldığı qara köynəyi geyinir. Sevdiyinə baxıb gülümsəyir “görürüsən, qara mənə yaraşır, saxla qayıdandan sonra bunu geyinəcəyəm” deyir..

Pərvanə ürəyində düşünür ki, Qarabağ soyuqdur. Birdən Səyavuşa soyuq olar. Həmin köynəyi gizlincə onun çantasına qoyur.

Aylar keçir. Beş aydan sonra həmin çanta geri qayıdanda köynək içində idi.

“Daha sonra cibindən yarım olan ətir şüşəsini çıxarıb mənə uzatdı və “Bakıdan gələndə mənə aldığın yeni ətri gətir. Yarım qalan ətri məndən yadigar saxlayarsan” - dedi”. Pərvanə danışdıqca gözləri yol çəkir, yenidən həmin günlərə qayıdır.

Səyavuş həmin gün səhərə qədər yatmır, uşaqlarına baxır. Sonra 5 yaşlı böyük oğluna deyir ki, “ananı, qardaşını sənə tapşırıram. Məndən sonra evin kişisi sənsən”.

Səhər Səyavuşun arxasınca gələn sürücü gecikir. Qapıda sürücünü gözləyən Səyavuş həyat yoldaşına “mənə elə gəlir ki, bu bizim sonuncu görüşümüzdür və sən məni ölümə yola salırsan” - deyir.

“Sentyabrın 26-sı bütün günü və 27-si gecə saat 4-ə qədər dayanmadan Səyavuşa mesaj yazdım. Səhər saat 06.20 də məni və uşaqları soruşdu. Onun üçün narahat olduğumu desəm də, sonuncu olaraq saat 09:33-də ondan mənə "boş şeydir, inanma" deyə bir mesaj gəldi. Və ondan sonra onunla əlaqə saxlaya bilmədim. Bütün mesajlarım cavabsız qaldı” - deyə danışan Pərvan xanım bildirir ki, Səyavuş kəşfiyyat rəisi olduğu üçün öz qrupu ilə ilk gedən elə o olub.

Kəlbalıyev Səyavuş Hümbət oğlu

27 sentyabrda əks hücum əməliyyatlarında, Cəbrayıl istiqamətində döyüş sərəncamına əsasən, döyüş tapşırığını müavini yerinə yetirməliymiş. Doğulduğu Cəbrayıl rayonunun işğaldan azad edilməsi arzusu ilə Səyavuş müavininin adını siyahıdan çıxartdırıb, öz adını yazdırıb və əməliyyatlara özü rəhbərlik etmişdi.

Səyavuş Kəlbalıyev kəşfiyyat bölmə rəisi vəzifəsində, rəhbərlik etdiyi qrupu ilə döyüşüb və düşmən xeyli sayda itki verib. Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə döyüşüb. Və 29 sentyabr 2020-ci ildə qəhramancasına şəhid olub.

Döyüş yoldaşlarının söylədiklərinə görə Səyavuş hər kəsdən öncə Füzuli istiqamətində irəliləmiş, çoxsaylı düşmən postu yarmış və düşmən xeyli sayda canlı itki vermişdi. Onunla əlaqə saxlayanda yoldaşlarına bildirib ki, “mən öndə sizə yol açacam, siz arxadan rahatlıqla gəlin”. Və çox irəliləyərək arxadan gələn döyüş qrupuna yollar açıb. Sonuncu dəfə Füzulinin Alxanlı kəndində su kanalına girərək orada əlverişli mövqe gözləyib. Yoldaşlarına bildirib ki, “öncə mən gedim, heç nə olmasa ardımca siz gələrsiniz”. Körpüdən keçərkən düşmən tərəfindən atılan minamyotun qəlpələrinin zərbəsindən Səyavuş öncə ayağını itirib, sonra növbəti zərbələr nəticəsində çoxsaylı qəlpə yarası almasına baxmayaraq hələ də irəli getməyə davam edib. Sadəcə olaraq mənfur düşmənin atdığı atəş zərbəsi ilə onun olduğu körpü dağılıb və Səyavuşun üzərinə tökülüb. Nəticədə mayor Səyavuş Kəlbalıyev aldığı zədələrdən şəhid olub.

Şəhid Səyavuş Kəlbalıyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına, qarşıya qoyulmuş hərbi tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə və Füzuli rayonunun işğaldan azad edilməsində göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”,“İgidliyə görə” və “Füzuli rayonunun işğaldan azad olunmasına görə” medalları ilə təltif edilib.

Özündən sonra iki azyaşlı oğlu qalıb.

İlahin, Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »