Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Düşmənin bunkerini məhv edərkən qəhrəmancasına şəhid olub" - Foto
"Düşmənin bunkerini məhv edərkən qəhrəmancasına şəhid olub" - Foto

Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Uzun illər işğal altında olan torpaqlarımız minlərlə mərd oğulun qanı bahasına azad edildi. Minlərlə evə düşən od hələ uzun illər yanacaq.

Bu yazıda Vətən müharibəsində şəhid olmuş Qobustan şəhidi Fədail Nadirovu tanıyacağıq. Gənc şəhid Fədail, həyatda olsaydı, bu ilin iyulunda 22 yaşı olacaqdı.

Qardaşı Bizimyol.info ilə öz xatirələrini paylaşıb. O qardaşı ilə fəxr etdiyini, qürur duyduğunu deyib.

Şəhid Nadirov Fədail Fərhad oğlu 23.07.1999-cu ildə Qobustan rayonunun Bədəlli kəndində anadan olub. 2006-cı ildə orta məktəbə gedən Fədail, orta məktəb illərində ağır atletika idman növü ilə məşğul olmağa başlayır. “Zirvə” idman klubunun üzvü olan Fədail Nadirov, eyni zamanda rayonda keçirilən bir çox müsabiqələrdə 1 və 2-ci yerləri tutub.

Qardaşı danışır ki, 2016-cı ildə orta məktəbi bitirib, 2017-ci ildə hərbi xidmətə yollanır:

“Lələtəpə yüksəkliyində düşmənlə 40-50 metr məsafədə hərbi xidmətini aparırdı. Xidməti də təşəkkürnamə ilə bitirmişdi. Sonradan bir müddət mühafizə xidmətində işləyir. 2020-ci ilin iyul ayında isə Beyləqanda yerləşən hərbi hissələrin birində müddətdən artq hərbi qulluqçu kimi xidmət etməyə başlayır. Qardaşım silahı, hərbi vəzifəsini mükəmməl bildiyinə görə, Həmlə kəşfiyyat taboruna seçilmiş və kursu uğurla başa vurmuşdu”.

Vətən müharibəsi başlayanda Fədailgilin kəşfiyyat qrupu da döyüşlərə qatılır. Cəbrayılın, Qubadlının, Füzulinin alınmasında qəhrəmanlıqla mübarizə aparırlar.

“Düşmənin erməni zabitlərini daşıyan UAZ markalı avtomobilini qrantamyot adlanan silahla məhv etmişdi. Qubadlıda qolundan yaralansa da, döyüşlərə qatılmağa davam edir. Füzulinin 40 metrə adlanan ərazisində düşmənin bunkerini məhv edərkən qəhrəmancasına şəhid olub. Fizuli rayonunda 40 metrə adlanan ərazi ən çətin və keçilməz ərazi hesab edilir. Qardaşım tabor komandiri ilə birlikdə oktyabrın 27-də şəhid olub”. - deyə şəhidin qardaşı bildirib.

Fədail Nadirov yaşadığı Qobustan rayonun Bədəlli kəndində dəfn edilir. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” və “Füzulinin alınmasına görə” medalları ilə təltif edilir.

“Beyləqandakı hərbi hissəyə apararkən yolda mənə maşını saxlatdı və oynamağa başladı. Və bu onun son oynamağı idi”- deyə şəhidin qardaşı danışır.

Fədail mehriban, gülərüz gənc olmaqla yanaşı, həm də vətənpərvər idi. Torpaqların işğal altında olması hər bir azərbaycanlı kimi ona da təsir edir və ali baş komandanın əmrini gözləyirdi.

Qobustan şəhidi Fədail Nadirov

Ruhun şad olsun, şəhidim, Qarabağ Azərbaycanındır!

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »