Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nəinki qadına, hər hansı bir canlıya işgəncə vermək sağlam psixologiyanın məhsulu ola bilməz"
"Nəinki qadına, hər hansı bir canlıya işgəncə vermək sağlam psixologiyanın məhsulu ola bilməz"

Ailədə ən çox qadın və uşaqlar zorakılığa məruz qalır. Ailəsinə baxa bilməyən, özünü təsdiq edə bilməyən şəxslərin gücü qadını öldürməyə, övladını döyməyə çatır.

Spirtli içkinin təsiri altında, eqonun təxmin edilmədiyi vəziyyətdə və planlaşdırılmış şəkildə törədilən qadın cinayətlərinin sayı artmaqda davam edir. Belə ki, qeyri-rəsmi statistikaya görə, bu il 30-dan çox qadın öldürülüb.

Bir müddət əvvəl müğənni Aygün Mirzəyeva 23 bıçaq zərbəsi ilə, ayın 24-ü Binə qəsəbəsində Xatirə Fərəcova 10 bıçaq zərbəsi ilə öldürülüb.

Mütəxəssislərə görə, qadın cinayətlərinin istintaqı zamanı qadınları öldürən şəxslər bunu müxtəlif səbəblərlə izah edirlər. Bəziləri etdikləri əməldən peşman olur, bəziləri törətdikləri əməli namus cinayəti adlandırır. Bəs əslində nə baş verir?

Psixoloq Ramil Hacılının sözlərinə görə, qadınlar əsasən tanıdıqları şəxslər, ərləri, sevgililəri, tanışları tərəfindən qətlə yetirilir:

“Nəinki qadına, hər hansı bir canlıya işgəncə vermək, öldürmək  də sağlam psixologiyanın məhsulu ola bilməz. Yəni bu əməlləri törədən şəxs psixi xəstə olan insan deyil, zəif psixologiyaya sahib olan insandır. Ailədə zorakılıq görmüş, istəkləri tətmin edilməmiş, hər zaman itirməyə məhkum olan insanlar müəyyən yaşdan sonra özlərini sübut etməyə qərar verirlər. Arzulanan şəxsə əlin çatmaması, yəni bəzi kişilər qadını arzulayır, can atır, amma əli çatmır. Bu zaman zəif psixologiyaya sahib olan kişi onu öldürməyə qərar verir.

Əvvəllər deyirdilər ki, “səni o qədər sevirəm ki, ya mənimsən, ya da qara torpağın”... Bu sevginin böyüklüyündən deyil, iradənin zəifliyindən irəli gəlir. Səni sevməyən, istəməyən birinə sahib olmaqla bəzi kişilər özlərini özlərinə sübut etmək istəyirlər ki, “mən bacardım”. Bir müddət sonra əldə edilənin dəyəri itir və “ovçu” yeni ova çıxmağa başlayır. Qadın əldə edilməyəndə isə, özünü sübut edə bilməyən kişi qadına zərər verməyə başlayır. Bu kiçik zədələrdən tutmuş öldürməyə qədər gedib çıxa bilir”.

Psixoloq deyir ki, bu cinayətlərin qarşısını almaq mümkün deyil. Belə cinayətlərdə qadında heç bir günah olmur. Bəzən sosial şəbəkələrdə öldürülən qadınlar haqqında müxtəlif müzakirələr aparılsa da, mütəxəssisə görə, öldürülən qadınlar günahsız qadınlardır. Yəni çox zaman qatillərin “namusuma xətər gətirdi, vurdum” ifadəsi də yalan olur.

Öldürülən qadınlar; münasibət istəməyən, boşanmağa qərar verən, olduğu həyatla mübarizə aparmağa çalışan, özünü yalnış münasibətdən qurtarmağa çalışan qadınlar olur.

“Bəzi kişilər isə, qadını öldürdükdən sonra nə etdiklərinin fərqinə varır. “Peşmanam” deməklə cinayət əməlinin məsuliyyətini azaltmağa çalışır. Qadın cinayətlərində qətli törədən şəxslərin yaxınlarının da böyük rolu var. “Bacarmadın”, “Səni saymır”, “Nə kişisən, bir qadınla bacara bilmirsən”, “O səninlə münasibət qurmaz” və s. fikirlər qətli törədən şəxsi bu cinayəti törətməyə istiqmətləndirir. Cinayətdən sonra şəxs bir müddət “bacardım” deyə bunun qürurunu da yaşayır” - deyə psixoloq izah edir.

Ekspert, qadın cinayətlərinin qarşısının alınması üçün cəzaların sərtləşdirilməsini təklif edir. Onun fikrincə, qadın cinayətlərindən sonra cinayətkarlar ağır cəzaya məhkum edilməlidir ki, digərlərinə də bu dərs olsun.

İlahin, Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »