Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil

“Ermənistan hakimiyyətini təcili surətdə BMT Təhlükəsizlik Şurasına müraciət etməyə çağırırıq”.

Bu sözlər Ermənistanın əsasən Qərbdən maliyyələşən QHT-ləri tərəfindən yayılan birgə bəyanatda yer alıb.

Bizimyol.info-nun Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, həmin bəyanatda bildirilir ki, “Azərbaycan artıq neçə aydır beynəlxalq hüquq normalarını pozaraq, Ermənistan ərazisinə soxulub”.

Bəyanatda deyilənlərə görə, guya Azərbaycan tərəfi sərhəd ərazilərdə vaxtaşırı olaraq təxribatlar törədir və Ermənistanı silahlı toqquşmalara gətirib çıxarır.

Ermənistan QHT-ləri eyni zamanda rəsmi İrəvanı ATƏT-ə müraciət edərək, vəziyyətin monitorinqi üçün missiya göndərməyi tələb etməyə çağırıblar.

Qeyd edək ki, siyahıda Ermənistan Açıq Cəmiyyət İnstitutu (Soros Fondu), “Transparency İnternational” Anti-Korrupsiya Mərkəzi və “Asparez” Jurnalistlər Klubi kimi tanınmış Ermənistan QHT-ləri var.

Maraqlıdır, Soros Fondu Soros Fondu Azərbaycan-Ermənistan sərhəddində nə “itirib”? Qərbdən maliyyələşən ictimai təşkilatlar niyə bu qədər canfəşanlıqla Azərbaycanı təcavüzkar kimi göstərməyə və regiona mümkün qədər daha çox xarici gücləri gətirməyə çalışırlar?

Məsələ ilə bağlı Bizimyol.info-ya danışan “Turan” İnformasiya Agentliyinin direktoru, Azərbaycan Açıq Cəmiyyət İnstitutunun sabiq rəhbəri Mehman Əliyev bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə Ermənistanda yeni hökumət yaradılmalı və Paşinyan ikinci müddətdə baş nazir səlahiyyətlərinin icrasına başlamalıdır.

“Bundan sonra isə Azərbaycanla sülh sazişinin imzalanması üçün danışıqların başlaması gözlənilirdi. Yəni, üçtərəfli bəyanatın şərtlərinin icrası davam etdirilməli, delimitasiya və demarkasiya məsələləri həllini tapmalı, dəhliz məsələsi də gündəmə gəlməlidir. Biz bilirik ki, Ermənistanda Köçəryanın rəhbərlik etdiyi revanşist qüvvələr hər vəchlə sülh prosesinə mane olmağa çalışırlar. Lakin Paşinyanın öz komandasında da belə qüvvələr az deyil. Ümumiyyətlə, bu qüvvələr də məsələyə öz prizmalarından revanşist yanaşır və sülh prosesinin yubadılmasına çalışırlar. Onların isə ümidləri odur ki, nəsə möcüzə baş verəcək və Ermənistan vəziyyəti dəyişəcək”, - deyə M.Əliyev bildirib.

Mehman Əliyev bir sıra Ermənistan QHT-lərinin Qərbdəki erməni diasporu ilə də sıx əməkdaşlığını istisna etməyib: “Ümumiyyətlə, son illərdə Ermənistan QHT-ləri dialoqlara, Azərbaycan QHT-ləri ilə hansısa məsələdə əməkdaşlığa elə də həvəs göstərmirlər. Ermənistan QHT-lərinin əksəriyyəti hazırda Paşinyan hakimiyyətini dəstəkləyir və bu hakimiyyətin də sülh prosesinin gedişatında zəifləyəcəyindən ehtiyat edirlər”.

Azərbaycan Demokratlar Partiyasının sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, burda Ermənistan hakimiyyətinin də, Qərbdən maliyyələşən Ermənistan QHT-lərinin də məqsədi bəllidir.

“Regiondakı proseslərə Qərbi, xüsusilə də, ABŞ və Fransanı cəlb etmək, çoxdan “ölü” bir məfhuma çevrilmiş ATƏT-in Minsk qrupunu yenidən “diriltmək”. Rusiya son vaxtlar heç də hər məsələdə Ermənistanı dəstəkləmir və Paşinyan hakimiyyəti ilə Moskvanın münasibətləri elə də yaxşı deyil. Ona görə də, Paşinyan və onun komandası var gücü ilə proseslərə Qərbin siyasi dairələrini cəlb etməyə çalışır”, - deyə S.Cəlaloğlu vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan sərhədlərinin müəyyənləşməsi BMT Təhlükəsizlik Şurasının mövzusu deyil: “Ermənistan bir an əvvəl danışıqlara başlasa, bu məsələni Azərbaycanla çox normal şəkildə nizama sala bilər. Amma görünür ki, Ermənistanın özü bu məsələnin böyüməsində və münaqişəyə çevrilməsində maraqlıdır”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »