Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko qonşu dövlətlə sərhədə müsəlman miqrantları yollayır
Lukaşenko qonşu dövlətlə sərhədə müsəlman miqrantları yollayır

Litva-Belarus sərhədində gərginlik davam edir. Ölkə rəhbəri Aleksandr Lukaşenkonun keçən il baş tutan seçkilərdəki əsas rəqibi Svetlana Tixanovskaya Baltikyanı ölkəyə sığınandan Minsk və Vilnüs yola getmir. “Batya” başqa təzyiq vasitəsi də tapıb. Qərb Lukaşenkonu Asiya və Afrikadan olan miqrantları Litva ilə sərhədə yönəltməkdə ittiham edir.

Bizimyol.info xəbər verir ki, sərhəddə gərginlik bir az da artıb. Lukaşenko qonşu dövlətlə sərhədə müsəlman miqrantları yollamağa başlayıb. Ümumilikdə burada 40 ölkədən gələnlər toplaşıb. Onların təxminən yarısının İraqdan olduğu bildirilir. Konqolu və kamerunlular da çoxluq təşkil edir.

Almaniya mətbuatında gedən bir yazıda son vəziyyət çox yaxşı təsvir olunub. Jurnalist Gerxard Qnauk miqrantların üz tutduğu Kapçyamestis kəndinə yollanıb. Litvanın yaşayış məntəqəsində çadırlar qurulub, düşərgə salınıb. Burada 70 miqrant yaşayır. Onların əksəri İraqdan gəlib. Miqrantlar hərdən həqiqəti söyləyir. Məlum olur ki, onları bura Minskdən göndərirlər.

Litva Sərhəd Xidmətinin rəhbəri Rustamas Lyubayevas ölkəni daha qorxulu ssenarilərin gözlədiyindən danışır. Onun fikrincə, 40 min miqrantı qarşılamağa hazır olmaq lazımdır. Lyuvayevas deyir ki, on minlərlə yaşayış konteynerlərinə ehtiyac var: “Amma 3 milyon əhalisi olan ölkə buna 200 milyon avro xərcləməlidir”.

Qərb mətbuatında Lukaşenkonun hədə-qorxusu xatırladılır. Belarusun rəhbəri demişdi ki, Şengen zonası ilə sərhədə təkcə dinc miqrantları yox, radikal şəxsləri də yönləndirəcəklər. Məsələn, Litva sərhədçiləri bir müsəlman hamilə qadını geri qaytarmışdılar. Buna görə qisas alınması mümkündür. Lukaşenko bunu xüsusi vurğu ilə dilə gətirib. “Mən silahlı iraqlıların qarşısını almayacağam”, - “Batya” belə deyib.

Litva-Belarus sərhədini sıx meşələrlə iyun ərzində təkcə 400 miqrant keçə bilib. İyulda rəqəm hələlik 2500 nəfərdir. Artım olacağı şübhəsizdir. Son ilyarım ərzində sərhədi heç bu qədər miqrant aşmamışdı.

Qnauk Kapçyamestisdəki bəzi miqrantlarla söhbətləşib. Rus dilində yaxşı danşan iraqlı əvvəllər Permdə restoranda işlədiyini deyib. Sonra vətənə qayıtmaq lazım gəlib. İraqlı Avropaya yaxşı həyat arxasınca üz tutmaq istədiyini bildirib.

Başqa bir iraqlı qardaşının Berlində yaşadığını, orada biznes qurduğunu deyib. Amma İraq vətəndaşı özü Litvada qalmaq istəyir. Adının Nuri olduğunu deyən başqa biri isə hələ 2015-ci ildə qayıqla Yunanıstana gedib çıxa bildiyini xatırlayıb. Almaniyaya piyada gedib. Sonra həyat yoldaşının arxasınca İraqa qayıtmalı olub. Nuri ikinci dəfə Avropaya keçməyə çalışır.

Litvalı jurnalist Vidmantas Balkunas miqrantların sərhəd xəttinə necə gəlib çıxdığını araşdırıb. O, sosial şəbəkələrdə özünü iraqlı kimi təqdim edib. Balkunasdan 5-10 min avro istəyiblər. Onu Litvaya, sonra isə Polşaya aparırlar. Buradan isə taksi ilə Berlinə göndərirlər.

Balkunasın dediyinə görə, daha ucuz variantlar da var. Sadəcə, avtobusla uzun yol qət etmək lazım gələcək. Bunun üçün 600-800 dolların çıxır: “Sərhədi piyada keçirsən. Miqrantların çoxu Litvada qalmaq istəmir. Daha çox Almaniya haqda düşünürlər”.

Litva bacardıqca miqrant axınının qarşısını almağa çalışır. Amma hər şey göründüyü kimi asan deyil. Gün ərzində cəmi 300 metr sərhəd zolağını məftillə təmin etmək mümkündür. Litva-Belarus sərhədinin uzunluğunun 680 kilometr olduğunu təsəvvür edəndə hər şey aydın olur. Bunun 550 kilometri tamamilə hasarsızdır.

Litva Avropa İttifaqı ölkələrindən kömək istəyir. Danimarka və Sloveniya yardıma hazır olduğunu bildirib.

Son xəbərlər
Bütün xəbərlər »