Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kəndlərdən şəhərə axının qarşısı necə alınmalıdır...
Kəndlərdən şəhərə axının qarşısı necə alınmalıdır...

Ermənistan ərzaq təhlükəsizliyi baxımından ciddi problemlər yaşayır. Bu barədə tanınmış ekspert, “Daşnaksütyun” funksioneri Tadevos Avetisyan bildirib. Onun sözlərinə görə, 44 günlük müharibədən sonra bu problem daha da dərinləşib.

Avetisyan jurnalistlərə açıqlamasında qeyd edib ki, Ermənistanın “Qarabağı itirməsilə”, ölkə iqtisadiyyatına ciddi ziyan dəyib: “Qarabağ Ermənistanı təkcə kənd təsərrüfatı məhsulları ilə təmin etmirdi. Biz oradan elektrik enerjisi, taxıl, müxtəlif məhsullar əldə edirdik. Qarabağ bizim iqtisadiyyatımızın lokomotivlərindən biri idi. Qoy, indi xaricdən taxıl alsınlar. Onsuz da taxıl iki dəfə bahalaşıb”.

Ekspertin sözlərinə görə, Qarabağda yaradılmış separatçı rejim də eyni problemlərlə üzləşib. T.Avetisyan əlavə edib ki, Ermənistanda inflyasiya tempi əhalinin gəlirindən iki dəfə çoxdur.

Maraqlıdır, bəs Azərbaycanda son aylar “ərzaq təhlükəsizliyi” mövzusunda durum necədir? Son aylarda ciddi bahalaşma hiss olunurmu?

Bizimyol.info-ya məsələni şərh edən iqtisadçı-ekspert Elşad Məmmədov bildirib ki, yuxarıda qeyd edilən problemlər Ermənistanda daha çox daxili siyasi çəkişmələr fonunda dərinləşməkdədir.

Elşad Məmmədov Elşad Məmmədov

“Onsuz da bu işğal illəri ərzində nə Qarabağda, nə də Ermənistanın özündə ciddi infrastruktur yaradılmamışdı və kənd təsərrüfatı elə də inkişaf etdirilməmişdi. Bəli, Ermənistan iqtisadiyyatında Qarabağın payı var idi, lakin Ermənistan əsasən idxala bağlı dövlətdir. İnflyasiyanın dərinləşməsi də bu dövlətin indi tamamilə idxaldan asılı vəziyyətə düşməsi ilə bağlıdır”, - deyə ekspert qeyd edib.

Azərbaycana gəldikdə isə, ekspert qeyd edib ki, müəyyən qədər problemlər Azərbaycan iqtisadiyyatında da var: “Bizim də iqtisadiyyatın böyük hissəsi idxaldan asılıdır. Azərbaycan özünü taxıl və digər zəruri ərzaq məhsulları ilə tam təmin edə bilmir. İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun yaradılması üçün isə müəyyən zaman lazımdır. Ərzaq təhlükəsizliyini tam təmin etmək üçün isə insanların kəndlərdən şəhərə axınını azaltmaq, daha doğrusu, bunun üçün yerlərdə münbit şərtlər yaratmaq lazımdır. Təəssüf ki, Azərbaycanda əhalinin böyük hissəsi şəhərlərdə toplaşıb, kənddə əmək resursları azalıb, regionlarda investisiyaların payı cüzidir. Kənd təsərrüfatı ölkənin daxili tələbatını təmin edəcək səviyyədə deyil. İqtisadiyyatımızı inkişaf etdirmək üçün yeni modelə ehtiyac var”.

Onun sözlərinə görə, kənd təsərrüfatında innovativ islahatlar aparılmalı, əyalətdə yerli əhalini kənd təsərrüfatı ilə məşğul olmağa həvəsləndirmək, qeyri-neft sektoruna investisiyaları artırmaq üçün müəyyən tədbirlər görmək lazımdır.

Bahalaşma ilə bağlı suala isə E.Məmmədov belə cavab verib: “Bahalaşmanı hamımız müşahidə edirik. Bəzi məhsullarda bahalaşma az-az olsa da, bunu aylara vurub müqayisə edəndə böyük fərq yaranır. Bizdə idxal kritik səviyyədədir. Elektrik enerjisi, qaz və suya olan tariflərin də qalxması qiymətlərin bahalaşmasına ciddi təsir edir”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »