Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan, Türkiyə və Pakistan yeni güc mərkəzi yaradır
Azərbaycan, Türkiyə və Pakistan yeni güc mərkəzi yaradır

İyulun 27-də Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin birinci üçtərəfli görüşünün yekun sənədi olaraq “Bakı bəyannaməsi” imzalanıb.

Üç dövlət arasında öncədən XİN başçıları səviyyəsində görüş keçirilmişdi. İndi bu platforma parlamentlər səviyyəsində yaradılır. Görüşün sərhəd xəttində təxribatların intensivləşdiyi bir vaxtda keçirilməsi əslində mesaj xarakteri də daşıya bilər. Hərbi sahədə əməkdaşlığımızın qanunvericilik səviyyəsində təsbiti bir müddət sonra dövlət başçıları səviyyəsində hansısa bir sazişlə nəticələnəcək.

Bir çox ekspertlər hesab edirlər ki, yaxın gələcəkdə orta Asiyanın konturlarını Türkiyə, Azərbaycan və Pakistan ittifaqının Rusiya ilə qarşılıqlı əlaqələri, bir masa ətrafında müzakirələri müəyyən edəcək. Bu üçlüyün dünyanın geosiyasi arenasına hərbi ittifaq şəklində çıxmaq potensialı böyükdür. Bölgədə mövcud olan boşluğu doldurmaq missiyasının əsası görünür pillə- pillə qoyulmaqdadır.

“Bakı Bəyannaməsinin imzalanması hər üç qardaş dövlətin tarixində yeni bir dövrün başlanğıcını qoydu. Bununla da regionda yeni br güc mərkəzi yaranır deyə bilərik. Bu sənədi son illərdə yaxşılaşan, son aylarda isə daha da möhkəmlənən hər üç dövlətin münasibətlərinin nəticəsi saymaq olar”. Bu fikirləri bizimyol.info-ya Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü səsləndirib.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

O hesab edir ki, Bəyannamə arada olan strateji müttəfiqlik münasibətlərini daha da gücləndirmiş olacaq.

“İstər 44 günlük müharibədən əvvəl, istər müharibə zamanı və ondan sonra Türkiyə ilə Pakistanın qardaşlıq münasibətini, açıq siyasi və mənəvi dəstəyini Azərbaycan xalqı heç bir zaman unutmayacaq. Azərbaycanda yan-yana dalğalanan üç ölkənin bayraqları xaqlın bu birliyə olan münasibəti idi. Təqdirəlayiqdir ki, hər üç dövlət bir-birini beynəlxalq platformalarda da birmənalı şəkildə dəstəkləyir. Müxtəlif dövlət strukturları arasında olan əlaqələrə bir də parlamentlərin verəcəyi töhfə münasibətləri möhkəmləndirəcək. İmzalanan sənəd bundan sonra daha yeni sənədlərin ərsəyə gəlməsinə də səbəb olacaq. Hər üç ölkənin iqtisadi, kommunikasiyaların gücləndirilməsi, hərbi, mədəni və s. istiqamətdə əməkdaşlıqları gücləndirəcəyi gözləniləndir. Sıx əlaqələr Qarabağ müharibəsindən sonrakı dövrdə yaranmış problemlərin həllində, Zəngəzur dəhlizinin istifadəyə verilməsində, Türkiyənin antiterror mübarizəsində, Kipr və Kəşmir problemlərinin həlli istiqamətində də mühüm rol oynaya bilər. Bu üçlük regionda və dünyada da ciddi gərginlik mənbəyi olan Əfqanıstan, Gürcüstan, Ukrayna, İraq, İran və s. kimi problemlərin həllinə də dəstək ola bilər. Hər üç dövlət BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və s. kimi qurumlarda sıx işbirliyindədir. Gələcək perspektivdə Pakistanın Türk Konseyinə üzvlüyə qəbul edilməsi də mümkündür və vacibdir. Parlament əməkdaşlığı, diplomatiyası həyati əhəmiyyətli olan hərbi, təhlükəsizlik, terrorla mübarizə sahəsində münasibətləri genişləndirə, bu barədə qanunvericilik bazasını zənginləşdirə bilər. Belə bir qanunvericilik bazasının, səmərəli əməkdaşlığın, bölgədəki reallıqların qiymətləndirilərək hərbi işbirliyini artırmaq, yeni üçtərəfli hərbi əməkdaşlıq platforması, hətta birgə ordu, polis qüvvələri formalaşdırmaq olar. Bununla da tərəflər regional və beynəlxalq təhlükəsizliyə çox ciddi töhfələr verə bilərlər. Bir sözlə Bakı Bəyannamsi və onun verdiyi imkanlar, gələcək üçün formalaşdırdığı perspektivlər regional ölçüdə yeni və ciddi bir güc mərkəzinin yaradılması istiqamətində atılmış mühüm addımlardan biri sayıla bilər”,- deyə siyasi şərhçi bildirib.

Qeyd edək ki, uzun illərdir Pakistan da Azərbaycan kimi ərazi bütövlüyünün təmin edilməsi uğrunda mübarizə aparır.Məhz bu yoldakı bənzər tale iki dövlətin yaxınlaşmasında, dostları və düşmənləri tanımasında amil rolunu oynayıb.Hindistan və Pakistan arasında da Kəşmirə görə 1947-ci ildən bəri tərəflər arasında lokal toqquşmalar olur. Britaniya müstəmləkəsinin sona yetməsindən üzü bəri bu məsələ ətrafında mübahisələr olub və Kəşmir ərazisi üç dövlətin arasında bölünüb. Kəşmirin bir hissəsi Hindistan, bir hissəsi Pakistan, bir hissəsi isə Çin tərəfindən idarə olunur.

Kəşmir problemi də həmin ərazidə Britaniya müstəmləkəsi sona çatdıqdan sonra Hindistan və Pakistan dövlətlərinin yaranmasından sonra başlayıb. Cammu və Kəşmir əyalətlərinin də Hindistan tərkibində muxtariyyət statusu olub, amma bir neçə gün əvvəl Hindistan bu muxtəriyyəti ləğv edib. Kəşmir əhalisinin əksəriyyəti, təqribən 70% əhalisi müsəlmanlardır. Pakistanın Azərbaycanı dəstəkləməsi fonunda Hindistan da Qarabağ məsələsində Ermənistana öz dəstəyini ifadə etmişdi. Hindistan və Pakistan nüvə silahlarına malik azsaylı dövlətlər siyahısındadır.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »