Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”

Azərbaycan olimpiyaçılarının, xüsusilə də boksçularımızın “Tokio-2020” Olimpiya Oyunlarında uğursuz iştirakı sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub.

2014-cü ildən Azərbaycan millisinə cəlb edilmiş kubalı boksçu Lorenzo Sotomayorun 1/16 finalda gürcüstanlı boksçu Əsgərxan Madiyevə uduzması da bir başqa “hadisə” oldu.

Sotomayor Azərbaycanda sosial şəbəkə istifadəçilərinə çox yaxşı tanışdır: dəstə-dəstə 100 manatlıq əskinaslarla şəkil çəkdirməsi, əyləncələrini əks etdirən görüntüləri bölüşməsi və s.

Hətta bu idmançıya Azərbaycan Boks Federasiyası tərəfindən birdəfəlik 600 min manat ödəniş olunması, həmçinin, ildə 100 min manatdan çox maaş alması ilə bağlı məlumatlar paylaşılır.

Bizimyol.info bu məsələ ilə bağlı dəfələrlə Boks Federasiyasına zəng etsə də, ordan münasibət öyrənmək, açıqlama almaq mümkün olmadı. Lakin onu demək olar ki, bu və digər idman sahəsində “uğurlar qazanmaq üçün” xaricdən legioner idmançılar gətirilməsi nə ilk, nə də yeganə hal deyil.

Bəzi xarici idmançıların familiyalarını “milliləşdirməklə” idmanda uğur qazanmaq cəhdlərinin boşa çıxdığı vaxtlar az olmayıb. Xatırladaq ki, Azərbaycan indiyədək Koreyadan otüstü xokkeyçilər, Bolqarıstandan fiqurlu konkisürənlər, Dağıstandan boksçular, Çexiya, Latviya və digər ölkələrdən qadın voleybolçular alaraq “milliləşdirib”.

Türkiyəli güləşçi Rıza Kayaalp hələ 2011-ci ildə açıqlamışdı ki, Azərbaycan Güləş Federasiyası ona transfer üçün 1 milyon ABŞ dolları, ayda isə 15000 ABŞ dolları maaş təklif edib, o isə bundan imtina edib.

Görəsən, bu və digər idman sahələrinə məsul məmurlarımız “legioner”lərə pul paylamaqla nəyə nail olmağa çalışırlar? Öz pulları deyil, bəlkə, ona görədir? Xüsusilə də, son zamanlar boksçularımızın beynəlxalq yarışlarda göstərdiyi zəif çıxışlar bir çox suallara səbəb olur? Özümüzdə yetərincə bacarıqlı, gələcəyi parlaq gənclər yoxdurmu?

Bu və digər suallarımızı tanınmış boksçu, əməkdar məşqçi Vüqar Ələkbərova ünvanladıq.

Vüqar Ələkbərov Vüqar Ələkbərov

Qeyd edək ki, Vüqar Ələkbərov 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. O, həm də Olimpiya Oyunlarının boks yarışlarında medal qazanan birinci Azərbaycanlı idmançı kimi tarixə düşüb. XXVII Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə görə "Tərəqqi" medalı ilə təltif edilib.

V.Ələkbərov Bizimyol.info-ya bildirib ki, Azərbaycanda yetərincə ümid bəxş edən gənc boksçular var.

“Lakin onlara heç bir qayğı, diqqət göstərilmir. Sotomayoru Azərbaycan çempionatının yarımfinalında nakauta salan Elnur Süleymanov kimi gəncin üstündən xətt çəkdilər. Bir idmançı hansısa yarışda bir dəfə uduzdusa, vəssəlam, onun üzərindən xətt çəkilir, bütün qapılar üzünə bağlanır. Boks Federasiyasında olan problemlər bizim ağrılı yerimizdir. Bu barədə geniş müzakirələrimiz olacaq. Qoy, bu Olimpiya Oyunları bitsin, bütün iradlarımızı daha geniş şəkildə bildirəcəyik. Federasiyada uzun illərdir biabırçı vəziyyət hökm sürür, bir boks məktəbi yoxdur, yerli idmançı yetişdirməyə həvəs göstərilmir. Boksun inkişafını istəyən yerli məşqçilərimiz isə öz imkanları ilə iş görməyə, min bir çətinliklə boksçu yetişdirməyə çalışır”, - deyə V.Ələkbərov vurğulayıb.

O qeyd edib ki, Federasiyada baş verən “oyunlar”dan federasiya prezidenti, FHN başçısı Kəmaləddin Heydərovun xəbəri yoxdur.

“Kəmaləddin müəllim çox gözəl insandır. Fürsət düşəndə dərdimizi ona deyə bilirik, idmançılara həmişə qayğı ilə yanaşır. Lakin Kəmaləddin müəllim nazirdir, onun başqa işləri var. Federasiyaya aid işləri həvalə etdiyi bəzi adamlar isə öz işlərinə ciddi və məsuliyyətlə yanaşmırlar. Sosial şəbəkələrdə klounluq edən adamlara pul buraxırlar, parlaq gənclərin isə yolunu bağlayırlar. Bu barədə mən rəhmətlik Azad müəllimə (Azad Rəhimov – red.) demişdim, lakin təəssüflər olsun ki, hələ də bir çox problemlər həllini tapmayıb”, - deyə idmançı qeyd edib.

Bizimyol.info-nun “Federasiyada korrupsiya halları var?” sualına o belə cavab verib: “Korrupsiya barədə dəqiq söz deyə bilmərəm, amma görünür ki, o adamların xüsusi maraqları var. Hansısa maraqları olmasa, bu qədər absurd hərəkətləri niyə etsinlər? Kubada olimpiya çempionu 40 dollar maaş alır. Gedib xaricdən hansısa süpürgəçini gətirirlər, Kəmaləddin Heydərova “məşqçi” kimi təqdim edirlər. Onu aldadırlar, arxayın edirlər, məşqçini yola salanda da deyirlər ki, bəs bilməmişik, bizim günahımız deyil... Legionerlərə külli miqdarda pul ayrılır, ortada heç nə yox. Azərbaycan yığmasında hər il məşqçi dəyişilir. Amma nəticələrimiz ildən ilə zəifləyir”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »