Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistana verilən yardım paketi Azərbaycanın xeyrinədir”
“Ermənistana verilən yardım paketi Azərbaycanın xeyrinədir”

Aİ Şurasının prezidentinin ötən həftə Yerevana səfər edərkən Ermənistana 2,6 milyard avro dəyərində maliyyə paketini ayırması, Azərbaycanın Avropa İttifaqının milyardlarla dəstək layihəsindən kənarda qalması cəmiyyətimizdə müzakirə mövzusuna çevrildi. Bir sıra müxalif qüvvələr  mövcud durumu Azərbaycan iqtidarının yürütdüyü siyasi kursla əlaqələndirib, Avropa İttifaqını deyil,  Azərbaycan rəhbərliyinə qarşı hətta ittiham mövqeyi tutdular.

Azərbaycan Yüksəliş (AY) Partiyasının başqanı  Anar Əsədli ilə bu mövzuda, daha doğrusu məsələnin iç üzü, mahiyyəti barədə  danışmışıq.

Anar Əsədli Anar Əsədli

- Anar bəy, bir müddət öncə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin Cənubi Qafqaz səfəri və səfər zamanı səslənən bəyanatlar təzadlı fikirlərin yaranmasına səbəb oldu.

- Şərq Tərəfdaşlığı kontekstində region ölkələri içərisində Azərbaycanla bağlı Aİ-nin növbəti dəfə ikili standartlar tətbiq etdiyi düşünüldü. Lakin hesab edirəm ki, 2021-ci ildən etibarən Azərbaycanın bölgədə dəyişmiş olduğu siyasi konyuktura Aİ ilə olan əlaqələrdə də yeni səhifə açıb. Artıq regionda Azərbaycanın öz ərazi bütövlüyünü öz gücü hesabına təmin etməsi və maraqlarını artıq diktə edən dövlətə çevrilməsi əlaqələrin formatına dəyişiklik gətirib. Ötən  il Aİ nin ölkəmizlə ticarət dövriyyəsi 9.5 milyard dollar təşkil etməsi, Aİ üzv dövlətlərinə ixracın həcminin 6.8 milyard dollar olması, üzv dövlətlərin 1700-dən çox şirkətinin Azərbaycanda fəaliyyət göstərməsi, Aİ üzvləri tərəfindən Azərbaycana 20 milyard dollar investisiya qoyulması Ermənistanın müvafiq statistikası ilə müqayisədə çox yüksəkdi. Ona görə də, bir baxıma düşünmək olar ki, Aİ ölkələrin iqtisadi durumuna uyğun maliyyə paketini müəyyənləşdirib.

Digər tərəfdən, Ermənistanda digər Rusiyameyilli başçıların hakimiyyəti dövründə yardım məbləğinn qat-qat aşağı olması və məhz Paşinyanın seçilməsindən sonra ilkin tranşın bu qədər yüksəlməsi göstərir ki, Aİ Ermənistanı Rusiyanın orbitindən çıxarmağa çalışır. Çünki bu məbləğ Paşinyandan öncəki liderlərin zamanında ödəniləndən çox yüksəkdi və deməli, məqsəd öz təyin etdikləri kadr qarşısında qoyduqları öhdəliklərini kompleks şəkildə icra etdirmək marağı ilə bağlıdır. Ermənistan üçün nəzərdə tutulan bu yardım paketi bir növ Azərbaycanın xeyrinədi.

Təbii ki, Ermənistan hər zamankı riyakar xislətinə sadiq qalaraq, sülh və inteqrasiya meyillərindən uzaqlaşmadıqları təqdirdə. Lakin bu amili də gözdən keçirsək başa düşmək olar ki, bu qədər böyük investisiyanın qoyulması Ermənistanın borclanması, Rusiyanın bu ölkədə rolunun azalması və nəticə etibarı ilə öz iqtisadi layihələrinin icrasını üstün tutan Aİ-nin inteqrasiya ilə bağlı təşəbbüslərinə İrəvanın əməl etməyə məcbur olacağı deməkdir. Digər tərəfdən isə bölgədə güclü Rusiya amilinin olduğunu nəzərdə saxlasaq, təxribatların bir müddət davam edəcəyini də ehtimal edə bilərik.

- Biz  Batumi sazişində nə üçün təmsil olunmuruq, biz nə istəyirik və ya Avropanın hansı tələbi bizi qane etmir?

- Mişelin İrəvanda və Bakıda səsləndirdiyi bəyanatlardan aydın olur ki, o, ölkələr arasında tarazlığı qorumağa çalışır. İrəvanda status məsələsinin qaldırılması, mübahisəli ərazi anlayışının istifadə edilməsi, Bakıda isə  “Sabit və çiçəklənən Cənubi Qafqaz regionu Avropa İttifaqının marağındadır” fikrini bildirməsi, status məsələsinin üzərinə getməməsi, nəqliyyat-kommunikasiya xəttlərinin yaradılmasına öz töhfələrini verəcəkləri ilə bağlı vədlərin səslənməsi fonunda deyə bilərik ki, Aİ nəbzə uyğun şərbət hazırlamağa çalışır.

Əslində rəsmi Bakı sadəcə partynorluq marağındadır. 2019-cu ildə assosiativ sazişin imzalanması məsələsi gündəmə gəldikdə Azərbaycan öz maraqlarına uyğun olmadığı üçün müqaviləni imzalamaqdan imtina etdi. Aİ-nin xristian bloku olması ölkələrlə bağlı assosiativ sazişin mahiyyətindəki fərqdə də əks olunmuşdu.

Elə bu amildən irəli gələrək, Mişelin Gürcüstana səfəri zamanı Gürcüstan, Moldova, Ukrayna arasında imzalanan Batum sazişində Azərbaycanın iştirak etməməsi bir çox amillər baxımından başadüşüləndi. Bu dövlətlər Avropa Birliyinə üzvüyün bir addımlığındadırlar.  Qurum müsəlman dövlətlərinin üzvlüyünə isti baxmır. Bunu Angela Merkel də çıxışında açıq bəyan edib ki, Aİ xristian blokudur. Azərbaycan isə üzv olmamaqla bağlı niyyətini bəyan edib. Burda həm də Türkiyə ilə strateji tərəfdaşlıq amili də var.  Eyni ritorikanın biz Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmamasında da şahidi olmuşduq. Beynəlxalq münasibətlər nəzəriyyəsində buna centlmen tərəfdaşlıq deyilir. Digər tərəfdən isə, Azərbaycan onsuz da Şərq Tərəfdaşlığı konsepsiyası çərçivəsində Avropa İttifaqına üzv olmadan da ticarət dövriyyəsini təmin edir. Söz etdiyimiz assosiativ sazişin mətnində Azərbaycanın xeyrinə dəyişikliklər olarsa, düşünürəm ki, müvafiq müqavilə Azərbaycanla da imzalanacaq. Çünki, Aİ ilə əlaqələrdə son illər dəyişən manevrlərin şahidi oluruq.

Ermənistanla Azərbaycanın gələcək inteqrasiya meyilləri kontekstindən məsələyə yanaşsaq, İrəvan və Brüssel arasında yaxınlaşma Ermənistanın Rusiyanın ağuşundan alınması anlamına gəldiyi üçün, bu yaxınlaşmanın da bir növ ölkəmizin xeyrinə olduğunu düşünmək olar. Nəzərə alsaq ki, Aİ iqtisadi layihələrinin icrası, enerji təhlükəsizliyi və Rusiya qazından asılılığın aradan qaldırılmasını əsas prioritetləri hesab edir və bu prioritetlərin reallaşması birbaşa regionda sabitliyin bərqərar olunmasını tələb edir və sözügedən regionun da istər iqtisadi potensial, istərsə də nəqliyyat-kommunikasiya şəbəkəsinin mərkəzində Azərbaycan yerləşir, o zaman deyə bilərik ki, bölgədə yaxın zamanda sülhün bərqərar olacağı qaçılmazdır.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »