Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: “Qazilərdən rüşvət alanlar üçün ən ağır cəza tələb edirəm”
Deputat: “Qazilərdən rüşvət alanlar üçün ən ağır cəza tələb edirəm”

Rüfət Quliyev: “Biz qazilərə və şəhidlərə həyatımızın sonuna qədər borcluyuq”

Vətən müharibəsi iştirakçısı olan hərbi qulluqçulara dövlət tərəfindən müəyyən edilmiş maddi təminatların ödənilməsinə görə bəzi vəzifəli şəxslərin rüşvət almalarına dair əldə olunmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən növbəti əməliyyat həyata keçirilib.

Faktla bağlı başlanılmış cinayət işi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Eyvazov Vüsal Qorxmaz oğlunun xidməti vəzifələrinin icrası zamanı həmin Hospitalın digər əməkdaşı Ağayev Hüseyn İlham oğlunun vasitəsilə çoxsaylı hərbi qulluqçuların hər birindən onlara dövlət tərəfindən birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün Vətən müharibəsində aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində pul vəsaitlərini rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.

Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Vüsal Eyvazov və Hüseyn Ağayev cinayət başında yaxalanıb. Vüsal Eyvazov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 (vəzifəli şəxs tərəfindən təkrar rüşvət alma), Hüseyn Ağayev 32.5, 311.3.2 (təkrar rüşvət almada iştirakçılıq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məsələ ilə bağlı Bizimyol.indo-ya fikirlərini bölüşən millət vəkili Rüfət Quliyev bildirib ki, bu xəbərdən çox sarsılıb: “Bunu düşünmək belə insana mənəvi zərbə vurur. Nə qədər vicdansız, mənəviyyatsız olasan ki, həyatını xalqı və Vətəni üçün riskə atan insanlardan rüşvət alasan. Mən bürotkatik süründürməçilik və yubanmalar haqqında eşitmişdim. Təbii ki, belə hallar var və bunun qarşısı alınmalıdır. Amma qazilərdən rüşvət almaq... Söz tapa bilmirəm. Belə insanların Azərbaycan cəmiyyətində yaşamağa haqqı yoxdur”.

Rüfət Quliyev Rüfət Quliyev

O vurğulayıb ki, bu istiqamətdə dövlət səviyyəsində ciddi işlər görülməli və kompleks tədbirlər aparılmalıdır: “Qazilərə və şəhid ailələrinə layiqli münasibət göstərmək üçün, xüsusi qanuna ehtiyac yoxdur. Bu barədə Cənab Prezidentin sərəncamları, tapşırıqları var. O tapşırıqları yerinə yetirmək, həm də özünü azərbaycanlı kimi hiss etmək kifayət edir. Biz qazilərə və şəhidlərə həyatımızın sonuna qədər borcluyuq”.

Deputatın sözlərinə görə, qazi və şəhid ailələrindən rüşvət alan şəxslərə ən ağır cəza verilməlidir: “Əgər onların təqsiri sübuta yetirilərsə, bir millət vəkili olaraq, onlara ən ağır cəza verilməsini tələb edirəm”.

Vəkil, hüquq müdafiəçisi Əsabəli Mustafayev da bildirib ki, Vətən uğrunda canını, sağlamlığını fəda edən şəxslərdən rüşvət alınması biabırçılıqdır.

Əsabəli Mustafayev Əsabəli Mustafayev

“Təəssüflər olsun ki, korrupsiya halları qazilərlə bağlı məsələlərdən də yan keçmir. Mən düşünürəm ki, dövlət bu sahəyə diqqətini gücləndirməlidir. Digər qurumlarda da ciddi nəzarət olmalıdır ki, qazilər və şəhid ailələrindən rüşvət alma, yubandırma və incitmə hallarına son verilsin”, - deyə vəkil bildirib.

Onun sözlərinə görə, məmurlarla bağlı bir sıra ciddi islahatlar aparılmasına ehtiyac var: “Korrupsiya və rüşvət halları ilə sərvət yığan məmurların mənimsədiyi pulları dövlət büdcəsinə qaytarmaq üçün kompleks tədbirlər görülməlidir. Kimisə vəzifədən uzaqlaşdırmaqla da iş bitmir”.

Hərbi ekspert Tərlan Eyvazov da öz növbəsində qeyd edib ki, sözügedən hadisə Azərbaycan cəmiyyəti üçün utandırıcı haldır.

Tərlan Eyvazov Tərlan Eyvazov

“Olduqca xoşa gəlməyən haldır. Mən düşünürdüm ki, Vətən müharibəsindən – xüsusilə, xalqımızın birliyini görəndən sonra, belə hallar olmayacaq. Əlbəttə, cəmiyyətimizdə müxtəlif sahələrdə korrupsiya hallarına rast gəlmək olar. Lakin orduda belə şeylərin olması, xüsusilə də Vətən uğrunda döyüşüb xəsarət alan qazilərə qarşı belə hallar çox təhlükəli və sarsıdıcıdır. Bu cür hadisələr cəmiyyətdə vətənpərvərliyə ciddi zərbə vurur”, - deyə ekspert vurğulayıb.

O qeyd edib ki, son zamanlar orduda korrupsiya hallarının aradan qalxdığına əminliyi yaranmışdı: “Açığı son zamanlarda eşidirdim ki, yaralı qazilərimizə hospitalda çox yaxşı baxırlar, gülərüz davranırlar. Demək ki, bəzi adamlar da belə işlərlə məşğul olurmuş. Dövlət başçısı tərəfindən ordunu dirçəltmək üçün müəyyən addımlar atılır, kadr islahatları aparılır. Yeni Baş Qərargah rəisi Kərim Vəliyevin də bu islahatlara dəstək olacağını düşünürəm. Ümid edirəm, bundan sonra məsələyə daha ciddi yanaşılar. Əgər güclü ordu yaratmaq istəyiriksə, silahlı qüvvələrdə korrupsiya hallarının kökünü tamamilə kəsmək lazımdır”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »