Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qardaş ölkənin müdafiə naziri istintaqa çağırılanda...
Qardaş ölkənin müdafiə naziri istintaqa çağırılanda...

Təhlükəsizlik Xidməti qardaş ölkənin müdafiə nazirini “qanunsuz silahlı birləşmələr yaratmaqda” ittiham edib və istintaqa çağırış vərəqəsini almaq üçün hara gəlmək lazım olduğunu, yəni konkret ünvan da göstərib...

“Bir millət-iki dövlət” ifadəsini ilk dəfə dövlət başçısı səviyyəsində 1992-ci ilin noyabrın 1-5-də Türkiyədə dövlət səfərində olan Azərbaycan Prezidentinin – mərhum Əbülfəz Elçibəyin dilindən eşitmişəm. Mən həmin səfərdə jurnalist kimi iştirak edirdim. “Bir millət-iki dövlət” deyimi ona qədər də işlədilirdi. Hətta yadımdadır ki, Meydan hərəkatı zamanı belə: “Əgər Azərbaycan müstəqilliyini əldə etsə, bir millətin iki müstəqil dövləti olacaq” deyə fikirlər səslənmişdi. Ancaq həmin məlum dövlət səfərində bu şüar (əslində strateji vizyon) Türkiyə dövlətinə və cəmiyyətinə xitabən və rəsmən deyilmişdi.

Siyasətçilərin dediyi fikirləri bir-birinin adına çıxmaq kimi hallar hər zaman olub və olacaq. Bu arada deyirlər ki, guya Əbülfəz Elçibəy Prezident olanda: “Tankın qabağında dayanan oğlanlar pulun qabağında dayana bilmədi” fikrini işlədib. Əslində isə bu sözləri o zamankı hökumətdə Gömrük Komitəsinin sədri vəzifəsini tutan İbrahim Vəliyev parlamentin plenar iclasında çıxış edərkən demişdi. Nə isə. Məsələmiz bu deyil.

Söhbət qardaş xalqların dövlətləri arasında olan münasibətlərdən gedir. Məsələn, bu aralar iki maraqlı hadisə oldu: Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunu Mariupol şəhərinə çağırdı; Ukraynanın Donetsk və Luqansk vilayətlərində “qanunsuz silahlı birləşmələr yaratmaqda” ittiham etdiyi Şoyquya istintaqa çağırış vərəqəsi vermək üçün. Bir də Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Türkiyə Prezidentinin müşaviri Mücahit Küçükyılmazı məhkəmə ilə hədələdi. Bunlar eyni şeylər deyil; Rusiya, doğrudan da, Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib, Donetsk və Luqansk vilayətlərində isə Ukraynaya qarşı separatçıların silahlı müqavimətini dəstəkləyib (yumşaq desək); bu ərazilərdə “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adlı qondarma qurumlar elan etdirib (eynilə bizim ərazimizin bir hissəsində “Dağlıq Qarabağ Respublikası” adı altında qondarma qurum yaratmağa çalışdığı kimi).

Ona görə də Ukraynanın hüquq-mühafizə orqanlarının Rusiya müdafiə naziri Sergey Şoyqunu istintaqa çağırıb; bu, hüquqi nəticə doğurmasa da (əslində piar, bəlkə də hardasa siyasi blef xarakteri daşısa da), Ukrayna haqlıdır. Bəs Türkiyə Prezidentinin müşavirini Azərbaycanda kim məhkəmə ilə hədələyib? Din xadimi. Və nəyə görə?!

Aha! Əsas məsələ də elə burdadır: Küçükyılmaz deyib ki, “İranın Ali Dini Lideri Xameneyi, Ermənistana silah göndərib, Azərbaycana fətva. Və öz fətvası öz silahına qalib gəlib”. İndi burda Küçükyılmazı məhkəmə ilə hədələyəcək olanlar kimlərdir?! İran, Ermənistan, yəni Xameneyi və Paşinyan. Bəs məhkəmə hədəsi niyə Azərbaycandan gəldi?! Nə üçün İrana və Ermənistana yönələn bir tənqidə (yaxud ittihama) görə Türkiyə Prezidentinin müşavirini məhkəmə ilə hədələyən o ölkələrin təmsilçisi deyil, Azərbaycandan bir dini rəhbərdir?! Çox təhlil aparmağa gərək yoxdur; nəticəni özünüz çıxara bilərsiniz.

Baxın, Ukrayna ilə Rusiya qardaş xalqların iki ayrı dövlətidir. Bunu Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda dərc etdirdiyi və Serbiya mətbuatının “aldadıcı sülhpərvər” adlandırdığı məqaləsində yazıb. Məqalə “Rusların və ukraynalıların tarixi birliyi haqqında” adlanır. Yəni Putin Rusiya ilə Ukraynanı “bir millət-iki dövlət” adlandırır. Hətta bir millətin üç dövlətindən danışır. Daha doğrusu, yazır:

“Bu yaxınlarda... mən demişəm ki, ruslarla ukraynalılar bir xalqdır, bir bütövdür. Dərhal qeyd edim ki, Rusiya ilə Ukrayna arasında, mahiyyətcə, bir bütöv tarixi və mənəvi məkanın hissələri arasında yaranmış divarları ümumi bəla, faciə kimi qəbul edirəm. Ruslar da, ukraynalılar da, beloruslar da Avropanın nəhəng dövləti olan Qədim Rus dövlətinin varisləridir”.

Bəli, doğru anladınız: Prezident Putin Rusiya, Ukrayna və Belorusu bir millətin üç dövləti adlandırır və: anlamı, sətirarası tərcüməsi belədir: “Gəlin, bu üç dövləti birləşdirib Avropanın ən güclüsünü yaradaq deyir. Rusiyaya birləşin, daha da böyük olun” və sair və bu qəbildən ilaxır. Əslində Rusiya buna daha əvvəl cəhd də edib: 2000-ci ildə Belorusiya-Rusiya İttifaq dövləti yaradılıb. Ancaq 2017-ci ildə Belorus Prezidenti Aleksandr Lukaşenkonun dediyi kimi, Belorus-Rusiya İttifaqının “uğurları çox kövrəkdir”. Başqa sözlə, rəis, alınmadı.

Buna baxmayaraq, Putin Şərq slavyanlarını – rusları, ukraynalıları və belorusları vahid siyasi orqanizmdə birləşdirmək xəyalına düşüb. Artıq “dövlətləri birləşdirək” demir, “xalqlar birləşsin” deyir. Bu, faktik olaraq, Ukraynanın və Belorusun milli dövlətçiliklərinin şübhə altına alınmasıdır. Bu üzdən ruslar Şoyqunu “istintaqa çağıran” Ukrayna hakimiyyətini ələ salmaqdan da çəkinmədi; Moskvalı politoloq Yevgeni Satanovski dedi: “Şoyqu çevik adamdır, prinsipcə, ona belə bir tapşırıq verilsə, gələ də bilər. Ancaq tək yox, ordu ilə”.

Bu qədər sərt. Ancaq Türkiyə Hacı Allahşükürün “məhkəmə”sinə, sadəcə, gülümsədi (ki, bu, Azərbaycanın mövqeyi deyil).

Fərqə baxın: Ukraynalılar qardaşından kötək yeyib və ona “Mariupol əlcəyi” atır. Amma “bizim dini rəhbərimiz” həmin Mücahit Küçükyılmazı niyə "məhkəməyə verəcəkmiş?!" Bizi İran silahı ilə vuran Ermənistanın işğalından qoruduğuna görə.

Qarabağda torpaqlarımızın işğaldan azad olunmasında Türkiyə əsaslı rol oynadı. Və Azərbaycanın özündə xarici mərkəzlərə bağlı olan (hətta formal olaraq hansısa qurumun rəhbəri sayılan) marginalların siyasi-dini mədəsi bizə qardaş dəstəyini axıra qədər həzm edə bilməsə belə. Ancaq, Rusiya və Ukrayna (təbii ki, hərəsi bir formada) Azərbaycanla-Türkiyə birlik modelinə özənir. Hələ Türkiyənin Mərkəzi Asiyaya təsirini artırması var. Rusiyanın və Çinin bunu qısqanmağı, Tacikistan-Qırğızıstan formatında “su müharibələri”ni körükləyərək Türkiyənin bölgəyə girişini əngəlləməsi çabaları var. Çox şeylər var.

Qısası, Azərbaycanla Türkiyə çoxdan – Azərbaycan müstəqil olandan “bir millət-iki dövlət” olaraq düşüncə konfederasiyası, mənəvi konfederasiya şəklində var. Əgər Türkiyə Qarabağa görə 30 il Ermənistanla öz sərhədlərini bağlı saxlayıbsa (hələ də sülh müqaviləsi olana qədər saxlayırsa), bu, Türkiyənin öz sərhədini Azərbaycanın sərəncamına verməsi – Azərbaycanınkı sayması demək deyilsə, bəs nədir?! Bu 30 ildə Azərbaycanla Türkiyə, faktik olaraq, daim vahid xarici siyasət yeridiblər, Qarabağ və hazırda ordu quruculuğu – Azərbaycan ordusunun Türkiyə modelinə keçməsi də göstərdi ki, vahid müdafiə siyasətini də qura biliblər. Ancaq...

Rusiya prezidenti 30 ildən sonra “anlayıb ki, sən demə, ukraynalılarla ruslar qardaşmış. Və ən acı olanı da nədir? Ukraynalılar özünü elə öz qardaşından qorumaq zorunda qalıb. Yaxud başqa misal. Ruslarla beloruslar hətta kağız üzərində belə çox kövrək olan bir “ittifaq” yaratsalar da, Azərbaycanla Türkiyə kağızsız-filansız reallıqda – gerçəkdən birlik əldə ediblər. Əlbəttə, yad mərkəzlər bunu qısqanacaqlar. İstər dini mərkəz olsun, istər dinsiz mərkəz. İstər xarici siyasi mərkəz olsun, istər siyasətdənxaric mərkəz olsun...

Qardaş Azərbaycan qardaş Türkiyəni Zəfər paradına dəvət etdiyi bir dünyada qardaş Ukrayna qardaşı Rusiyanı istintaqa çağırırsa...

Deməli, bizim böyüklərimizin “bir millət-iki dövlət” deyimi aldadıcı kəlimə oyunu, geosiyasi tənasüb və ya gəlişigözəl söz deyil, sadəcə. Bu, quru pafos-filan da deyil. Gözümüzün qarşısında baş verir; şahidi və iştirakçısıyıq.

Azərbaycanla Türkiyənin əldə edə bildiyi sinerji ən azı bir əsrdən də çox xəyallarımızda, düşüncəmizdə yaşatdığımız bir ideoloji-mənəvi konstruksiyanın tamamlanması, həyata keçib reallaşmasıdır.

Və bunu istəməyənlərin nə istədikləri gün kimi ortada...

Bahəddin Həzi

Bizimyol.info

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »