Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elm və təhsilimizin müstəqillik sınağı
Elm və təhsilimizin  müstəqillik sınağı
Elm və təhsildən faydalanan xalq firavan yaşayar (Konfutsiy)

Elm və təhsil hər bir dövlətin varlığını qoruması, inkişafı üçün mühüm fundamentdir. Öz suverenliyini yeni qazanan dövlətlər üçün bu sahələr xüsusi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bir çox tanınmış alim və siyasilər bu mövzuda çox dəyərli fikirlər söyləmişlər. “Elm dövlət üçün zərurətdir. Elmi inkişaf etməyən dövlət müstəmləkəyə çevrilər”. (F.J.Küri. Nobel mükafatı laureatı).

Elm və təhsilin dövlətçilik və onun təhlükəsizliyi üçün vacibliyi 2007-ci ildə qəbul edilmiş “AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ TƏHLÜKƏSİZLİK KONSEPSİYASI” sənədində xüsusi qeyd edilib: “... təlim və tədrisin təmin edilməsinə qadir olan mütərəqqi təhsil sisteminin inkişafı və idarə edilməsində uğursuzluq Azərbaycan Respublikasının inkişafına uzaq perspektivdə mənfi təsir göstərə bilər. .... Ölkənin davamlı inkişafı üçün yaxşı təhsil almış peşəkar insan potensialını, həmçinin elmi-texniki tərəqqini təmin etmək zəruridir. Bu məqsədlə, Azərbaycan Respublikası elm və təhsil səviyyəsinin dünya standartlarına uyğunlaşdırılması, yeni texnologiyalardan istifadə üçün inkişaf etmiş ölkələrlə əməkdaşlıq əlaqələrini genişləndirir, beynəlxalq təcrübəni öyrənir və tətbiq edir. Azərbaycan Respublikası elmi potensialın qorunması və inkişafına dair dövlət siyasətinin uzunmüddətli proqramlarını hazırlayıb həyata keçirir.”

Sovet Vaxtı ölkəmizdə elm və təhsilin səviyyəsi bu günlə müqayisədə xeyli yüksək idi. Çünki, elm və təhsilimiz böyük bir ölkənin elm və təhsilinin tərkib hissə kimi formalaşmış və inkişaf edirdi. O dövrdə bu yönlü bütün islahatlar, onların konsepsiyası, icra planı tanınmış mütəxəssislər tərəfindən Moskvanın böyük elmi mərkəzlərində layihələnir, icrasına sistematik nəzarət edilirdi. Maliyyələşməsi də normal səviyyədə təmin edilirdi. Elm və təhsilimiz böyük ölkənin elm və təhsilinin tərkib hissəsi kimi idarə edilirdi. Strateji planlama da bu mərkəzlərdə hazırlanırdı. Biz sadəcə icraçı idik, davamlı olaraq illik və 5 illik hesabatlar hazırlayıb mərkəzə təqdim edirdik. Sanki, əyləşdiyimiz vaqon bir eşalonun tərkibində, güclü lokomotivin təsiri ilə irəliləyirdi. Müstəqillik illərində bu vaqon eşalondan ayrıldı. İndi özümüz lokomotiv tapmalı, istiqamət müəyyən etməli, öz yeni yolumuzu salmalı idik. Artıq bizim elm və təhsilimiz böyük dövlətin tərkibində yox, kiçik suveren dövlətin elm və təhsili kimi fəaliyyət göstərməli idi. Elm və təhsilimizi yüksək səviyyədə qurmaqla, elm və təhsil nailiyyətlərimizlə dünyaya bəyan etməli idik ki, biz müstəqilliyə layiqik və müstəqilliyimiz də əbədidir.

Tələbələr - məzun günü

Böyük dövlətin böyük elmi qarşısında duran məqsəd və vəzifələr, kiçik dövlətlər üçün uyğun ola bilməz. Artıq ölkədə elmi mərkəzin fəaliyyət missiyası və pioritetləri dəyişməli idi. Amma, həm də sanki kompassız idik. Ölkədə olan hərbi, siyasi, iqtisadi proseslər elm və təhsili arxa plana salmışdı. Digər tərəfdən elm və təhsil sahəsində strateji düşünə bilən kadrlarımız da çox az idi. Çünki, 70 il ərzində bütün istiqamətlər üzrə, o cümlədən elm və təhsil üzrə strategiyalar Moskvada hazırlanırdı, bu sahədə təcrübəmiz heç yox idi.

Kiçik, suveren dövlətin indi elmi və təhsili yeni prioritetlər müəyyən etməli, elm və təhsilimizin konsepsiyası, strategiyası tam fərqli formatda hazırlanmalı idi. Artıq iqtisadiyyatımız ittifaq iqtisadiyyatından ayrılıb, müstəqil dövlətin iqtisadiyyatı kimi formalaşmalı və inkişaf etməli idi. Eyni zamanda elm və təhsilimiz də müstəqil dövlətin ehtiyac və tələblərinə uyğun formalaşmalı və inkişaf etməli idi.

Elm məhsuldar qüvvəyə çevrilməli, iqtisadi inkişafın katalizatoru olmalı idi. Bunun üçün ölkədə yeni formalaşan iqtisadi mühitə uyğun elmin rolu, məqsədi, prioritetləri konkretləşməli, müvafiq struktur formalaşmalı idi. Elm bazar iqtisadiyyatı tələblərinə uyğunlaşmalı, ölkə iqtisadiyyatının inkişafına xidmət etməli idi. Çünki, “Elm və təhsildən faydalanan xalqlar firavan yaşayar” (Konfutsiy).

Amma elmi mərkəzin (AMEA) strukturu sovet dönəmində olduğu kimi qaldı, yəni AMEA hələ də SSRİ EA-nın kiçik modeli kimi fəaliyyətini davam etdirirdi. AMEA-da bir birinə yaxın fəaliyyət sahəsi olan elmi institutlar, iqtisadi səmərəsi olmayan elmi tədqiqatlar əvvəlki formatda davam edirdi. Bu mənada AMEA-da yeni tələblərə müvafiq edilən dəyişikliklər kifayət deyildi. Sanki, elmimiz hələ də planlı sovet iqtisadiyyatı şəraitində fəaliyyət göstərirdi.

Bu gün də akademik elmimiz iqtisadiyyata tam inteqrasiya oluna bilməyıb, elmi işlərə iqtisadiyyat sektorundan sifarişlər gəlmir, bizneslə əlaqələr yoxdur, biznes elmin inkişafına heç bir dəstək vermir. Ümid yalnız büdcəyə qalıb. Çox sonralar (müstəqilliyin 18-ci ilində) qəbul edilmiş elmin inkişaf strategiyası da bu məsələlərdə dönüş yarada bilmədi.

İllər ərzində elmin maliyyələşməsi isə çox zəif (beynəlxalq normadan 10 dəfə, real təlabatdan isə 15-20 dəfə az) aparılırdı. Maliyyə Nazirliyi isə deyir ki, yaxşı layihə təqdim edin, pul ayıraq. İllərcə çüzi maaş alan alim, dolanmaq üçün əlavə işlər görmək məcburiyyətində qalan (ən yaxşı halda repetitorluq edən), vaxt və enerjisini minimum həyat səyiyyəsini təmin etməyə sərf edən alim nəticədə öz fərdi inkişafına vaxt tapa bilmirdi. Belə alim zəif maddi bazası olan ınstitutda necə inkişaf edə bilər, hansı müasir problemləri həll edə bilər, hansı yaxşı elmi ideya və layihə təqdim edə bilərdi?

“Elm adamlarının qiymətini bilməyən, onlara layiq olduqları mükafatı verməyən ölkələr inkişaf edəcəklərinə ümid bəsləməsinlər.” (Volter).

Bu gün gec də olsa, bu məsələlərə yenidən baxılmalı, elmin ölkə iqtisadiyyatının inkişafına təkan verməsinə, elm və təhsilin normal maliyyələşməsinə, onun iqtisadi inkişafın elmi təminatına çevrilməsinə şərait yaradılmalı, elmi kadrların hazırlanmasında süni maneələr ləğv edilməlidir. Biliyə əsaslanan iqtisadiyyat dövründə, 4-cü sənaye inqilabı ərəfəsində bu çox zəruridir.

Qeyd etdiyimiz kimi, müstəqil ölkənin elm və təhsili onun milli təhlükəsizliyinin mühüm amilidir. Lakin bu məsuliyyətə bu sahələrə rəhbərlik edən məmurlar tərəfindən zəif reaksiya oldu.

Təəssüf ki, təhsilimizi də 30 ildə lazımı səviyyədə qura bilmədik. Uzun illər ərzində özünü yaxşı tərəfdən göstərən, öz dövrünün mütərəqqi təhsil sistemini dağıtdıq, yerində nə qurmaq istədiyimizi isə bilmədik, heç bu gün də deyəsən hələ bilmirik. Təhsil sahəsindəki problemlərə dair son 20 ildə mətbuatda xeyli məqalələr yazdığımız və müsahibələr verdiyimiz üçün bu haqda geniş danışmaq istəmirəm. Bu məqalələrin xeyli hissəsi İnternetdə var. Burada bəzi məsələlərə toxunacağıq.

Təəssüf ki, illər ərzində verilən təkliflərin heç biri təhsil məmurları tərəfindən düzgün qiymətlədirilmədi, istifadə edilmədi. Məsələn, distant təhsilin 20 il ərzində ölkəmizdə təbliği nəinki təhsil məmurlarını hərəkətə gətirmirdi, əksinə onlarda qıcıq yaradırdı (tək əldən səs çıxmaz). Zaman kimin haqlı olduğunu göstərdi. Vaxtında ölkədə distant təhsil sisteminin yaradılmaması pandemiya müddətində təhsilin təşkili ilə əlaqədar xeyli problemlər yaratdı. Bu gün distant təhsili olmayan ölkənin təhsili haqqında yaxşı nə isə demək mümkün deyil. Artıq distant təhsil müasir rəqəmsal dünyanın birmənalı şəkildə qəbul etdiyi universal təhsil texnologiyasıdır.

Onlayn təhsil, dərs

Akademik Kolmoqorov kimi alimin illərlə sınaqdan çıxmış riyaziyyat dərsliklərini biz məktəbdən tez tələsik çıxardıb, əvəzində məktəb riyaziyyatına az bələd olan müəlliflərin zəif və heç bir sınaqdan çıxmayan dərsliklərini məktəbə gətirdik.

Sovet vaxtı belə bizim müstəqil şəkildə təhsil islahatı aparmağa potensialımız olmadığı halda (təcrübə, resurs v.s. çatışmazlığı səbəblərindən), müstəqillik illərində heç bir təcrübə və xüsusi hazırlıq işləri aparılmadan, səviyyəli komandalar yaratmadan Dünya Bankının kreditlərinə şirnikib tez tələsik təhsil islahatı kimi ağır yükün altına girdik.

Orta məktəb islahatı (kurikulum islahatı) məktəb təhsilinin məzmununu və tədrisi metodikasını tam dəyişdirdi. Bu proseslərdə buraxılan ciddi səhvlər orta təhsilin keyfiyyətini xeyli aşağı saldı. Bunu ali məktəblərə qəbul imtahanlarının ilbəil pisləşən nəticəlıri sübut edir.

Ali təhsildə də xeyli problemlərimiz var. Sovet vaxtı təhsillə əlaqəli ölkədə 3 nazirlik var idi, bütün tədris- metodik və digər mühüm sənədlər Moskvadan gəlirdi, burda sadəcə onlar tərcümə edilir və təhsil müəssisələrinə göndərilirdi. Bütün bu işlərin elmi-metodik təminatı ilə orda 30-40 elmi tədqiqat institutu məşğul olurdu. Məsələn ölkədə 17 ali məktəb olanda ayrıca nazirlik- “Ali və orta ixtisas təhsil nazirliyi” vardı. Bütün tədris metodik və digər mühüm sənədlər Moskvadan gəlirdi, Bu gün 50 ali məktəb TN-də kiçik bir şöbənin ümidinə qalıb, Moskvanın tədqiqat mərkəzlərinin görməli olduğu işləri indi biz özümüz görməliyik. Kim indi bu işləri dörür, hansı potensialla? Ümumən təhsil islahatlarının elmi təminatı bütün bu illər ərzində çox zəif olub.

Bu illər ərzində nə Boloniya prosesində, nə təhsilin rəqəmsallaşmasında, nə distant təhsilin yaradılmasında, nə təhsilimiz üçün yeni olan magistratura pilləsinin yaradılmasında, nə “Tədqiqat Universitetləri”nin yaradılmasında v.s. aktual istiqamətlərdə ciddi nailiyyətimiz olmadı. Təhsilin inkişafında, müəllimlərin ixtisaslarının yüksəldilməsində xüsusi önəmi olan "Müəllimlərin təkmiləşdirilməsi və ixtisasartırılması institutu" bağlandı. Ölkədə təhsil islaharları başladığı ərəfədə bu çox səhvaddım idi.

Təhsildəki səhvlər silsiləsi bu gün də davam edir. Bildiyiniz kimi, bu yaxınlarda “Təhsilin İnkişaf Fondu”nun yaradıldı. Belə məlum olur ki, dövlət bu fonda pul ayırmaq fikrində deyil. "İKT İnkişaf Fondu", "Elm Fondu" v.s. fondlar heç olmasa büdcədən ildə 4-5 milyon manat alırdılar. İndi "0" büdcə ilə bu fond nə edə bilər ki? Nəzərdə tutulur ki, ayrı-ayrı təhsil müəssisələrindən pullar alınacaq, sonra fond bu pulları yenidən onların özlərinə xərcləyəcək. Toplananların yerini dəyişəndə, cəm dəyişmir, amma bu puldan həm də Fondun aparatının saxlanılmasına, əməkdaşlarının xarici səfərlərinin təşkilinə də pullar xərclənəcək. Bu pulu təhsil müəssisələri özləri öz ehtiyaclarına xərcləsə idilər, daha səmərəli olmazdımı?

Bütün bu məsələlər çox dərin təhlil və yenidən planlama tələb edir. Bu məqsədlə vaxt itirmədən yüksək səviyyəli peşəkarların iştirakı ilə komissiyalar yaradılmalı və konkret işlər görülməlidir. Hələ bəlkə də gec deyil.

İlham Əhmədov, dosent, təhsil eksperti

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »