Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İndi yoldaşımın beyni 3 yaşlı uşaqda olduğu kimidir” – Cərrahı məhkəməyə verən jurnalist
“İndi yoldaşımın beyni 3 yaşlı uşaqda olduğu kimidir” – Cərrahı məhkəməyə verən jurnalist

Bir müddət əvvəl telejurnalist Günel Gözəlovanın həyat yoldaşının beyin infarktı keçirməsinə görə, Buta Klinikasının həkimi Araz Bayramovu məhkəməyə verməsi ilə bağlı məlumat dərc etmişdik.

Məlumatda qeyd olunurdu ki,  G.Gözəlovanın həyat yoldaşı Anar Gözəlov kəskin böyrək ağrısına görə Buta Klinikasında cərrah uroloq-androloq Araz Bayramov tərəfindən əməliyyat edilib və ayılan kimi A.Gözəlovun səhhətində ciddi problemlər müşahidə olunub. 10 gün sonra xəstənin ailəsinin təkidi ilə MRT müayinəsindən keçirilib və bu zaman müəyyən edilib ki, Anar Gözəlov əməliyyat vaxtı ikitərəfli beyin infarktı keçirib.

Bu məsələ ilə bağlı daha ətraflı məlumat almaq üçün Günel xanımla əlaqə saxladıq və sullarımızı cavablandırdı. Müsahibəni təqdim edirik:

- Günel xanım, yoldaşınızın şikayəti nədən idi? Əməliyyata girmə səbəbi hansı xəstəlik idi?

- Yoldaşım böyrəyində mərcanvari urad-oksalat daş var idi. Böyrəyində kəskin ağrılar olurdu. Bunun üçün də 2020-ci ilin oktyabr ayından müalicə alırdı. Bir müddət sonra Araz həkim yoldaşıma bildirdi ki, müalicə nəticə vermir və əməliyyat olunmalıdır. Bu səbəbdən də yoldaşım fevralın 6-da əməliyyat öncəsi lazım olan bütün analizləri verib və həmin ayın 18-də əməliyyata girib. Elə həmin gündən də qara günlərimiz başlayıb.

- Dediniz ki, əməliyyat öncəsi analizlər verilib. Bəs həmin analizlərin nəticələrində göstəmirdi ki, yoldaşınız bu əməliyyata hazır deyil?

- Anarın qan analizlərinin göstəricilərinə görə, o, həmin dövrdə əməliyyata hazır olmayıb. Anarın qanında trombositlərin, şəkərin, xolesterinin və digər bu kimi maddələrin miqdarı həddindən çox olub. Lakin cərrah Araz Bayramov bununla bağlı bizə məlumat verməyib və əməliyyatdan imtina etməyib.

- Əməliyyatdan ayıldıqdan sonra yoldaşınızda nə kimi dəyişikliklər var idi və indi vəziyyəti necədir?

- Yoldaşım əməliyyatdan sonra nə danışırdı, nə də bizi anlayırdı. Nitqi demək olar ki, yox idi. Hazırda da Araz Bayramovun məsuliyyətsizliyi ucbatından Anarın beyni 3 yaşlı uşaqda olduğu kimidir. Özünü düzgün idarə edə bilmir, nitqi qüsurludur, üzvi mənşəli şəxsiyyət pozuntusu yaşayır.

- Düşünürsünüz ki, təkcə analizin nəticələrinə baxılmadığı üçün yoldaşınız bu vəziyyə düşüb?

- Yox. Yalnız bu deyil səbəb. Əməliyyat da düzgün usulla aparılmayıb. Mən Anarın böyrəyindən çıxan daşları analiz etdirmişəm. Bu zaman mənə bildiriblər ki, böyrəyindəki daşlar çox ağır olub və belə daşları şəkəri, təzyiqi olan xəstələrdə “Perkutan” üsulla əməliyyat etmək olmaz. Çünki həmin göstəricilər daha da yüksələ bilər.

- Məhkəmənin hansı qərarı verməsini gözləyirsiniz?

- Hazırda da məhkəməyə gedirəm. Həmin həkimin səhvi ucbatından həyatımızın ən ağır günlərini yaşayırıq. Mən yalnız bir ailənin həyatını məhv edən əməliyyatın nəticələrinin düzgün qiymətləndirilməsini istəyirəm.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »