Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Heç bir şərtə əlimiz çatmırsa, bunun harası güzəştli mənzil oldu?
Heç bir şərtə əlimiz çatmırsa, bunun harası güzəştli mənzil oldu?

Neçə gündür “Jurnalistlər binası” ilə bağlı yaranmış qalmaqal əslində cəmiyyətin böyük bir yarasından – evsizlik problemindən xəbər verir. Bu gün hər 3 jurnalistdən birinin evi yoxdur deyə bu mövzu bu qədər qabardı, məsələ heç də pulsuz verilən ev davası deyil.

Güzəştli ev almağın imkansız olması hər kəsi qıcıqlandırdı, mövzuya münasibət bildirməyə vadar etdi. Media nümayəndələrini üz–üzə qoydu. İş o yerə çatdı ki, bu sahəyə aidiyyatı olmayan insanlar da medianın hökumətdən pulsuz ev alması məsələsinə öz qısqanclıqlarını dilə gətirdilər. “Niyə sürücüyə, bənnaya, müəllimə, həkimə, fəhləyə ev verilməsin, amma jurnalistə verilsin?” dedilər. Mən bu gün jurnalist haqları barədə yox, güzəştli evlərin əlçatan olmaması barədə danışmaq istəyirəm. Çünki elə əhalimizin də hər 2 nəfərindən biri ev ehtiyacı olan şəxslərdir.

Bu qaynar müzakirələrdə adı çox hallanan, Prezidentə edilmiş müraciətə imza atmış Əməkdar jurnalist, professor Qulu Məhərrəmli bizimyol.info-ya bildirdi ki, onun məqsədi əslində "jurnalıistlərə ev verilməsin" demək deyil. “Söhbət əslində minnətsiz, kiminsə qınağı olmadan ev almaqdan gedir”.

Qulu Məhərrəmli qeyd etdi ki, apardığı araşdırmaya görə hazırda “Jurnalistlər binası”ndan ev almaq üçün 6000 nəfərdən çox jurnalist müraciət edib, onlardan 615 nəfəri ikinci binada ev almaq istəyib, ala bilməyənlərdir. Mənzillərin sayı isə cəmi 255-dir.

Bu halda o bina jurnalistlərə paylansa belə, mütləq şəkildə narazı qalanlar yenə olacaq. Amma sosial ev layihələri əlçatan olsaydı, həm jurnalistlər, həm də bütün ölkə əhalisi bu problemi kiməsə ümid olmadan özü həll edə bilərdi. Bu gün bahalıq, artan qiymətlər, heç də sabit olmayan iqtisadi vəziyyət fonunda biz hansısa ağır kreditlə mənzil sahibləri olmaq imkanında deyilik.

MİDA-ya müraciət edirsən, ya şəhid, ya Qarabağ döyüşçüsü, ya hərbçi, polis ailəsi olmalısan, yaşın 45-dən az olmalıdır. Müəyyən gəlir səviyyən olmalıdır və s.

Üstəlik, əldə etdiyim ciddi bir mənbənin məlumatına görə, sosial mənzillər paylanarkən sistemin kilidlənməsi, anında bağlanıb, açıldıqdan sonra evlərin artıq satılması barədə görünən məlumat təsadüf deyil. Ev almaq istəyənlər kompüter mütəxəssislərinə müraciət edirlər, müəyyən məbləğ qarşılığında adları o siyahıda görünür. Yəni burada da kimin artıq pulu var, o qabağa düşür.

Hamımıza bəllidir ki, Azərbaycanda verilən maaşlarla kənarda yığıb pul saxlamaq imkansız məsələdir. Bəs bu belədirsə, kreditlə, ipotekayla, güzəştli şərtlərlə verilən evlərin harası güzəştli olur? Tikinti şirkətlərindən biri ilə maraqlandım. Ən azı ilkin ödənişi 6 min manat olan bir binadan ev almaq olar. Amma ev dediyimiz sadəcə, quru beton divarlardır. Təmiri üçün bir ətək pul lazımdır. Aylıq ödəniş də 1200 manat. Ayda 700 manat maaş alan və 4 nəfərlik ailə bu evə iddiaçı ola bilərmi?

Başqa bir tikinti şirkətindən bildirildi ki, ilkin ödəniş mənzilin həcmindən asılı olaraq 15-20 min təşkil edir. Aylıq ödəniş 650 manat. Yenə 700 manatlıq maaş boynunu büküb baxır məlul-məlul. Sosial mənzillər deyirik, onun alınması üçün qucaq dolusu şərtləri, sənədləri toplayıb gətirsən belə, yenə ilkin ödəniş adlı uca dağ kəsir qarşını. Orta imkan sahibləri üçün 15-20 min manat ilkin ödəniş dərd deyil bəlkə də. Amma əlində ovcunda 5 manatı olmayan, maaşa baxan bir təbəqə bu 15 min manatı da kreditlə götürmək məcburiyyətindədir, sonra hər ay kreditin də aylığını ödəməlidir, aldığı mənzilin də. Yenə məsələ gəlib dirənir çıxmaza. Hələ biz şəhərdən kənar qəsəbələrdə tikilmiş binalar barədə söhbət edirik. Şəhər mərkəzi ümumiyyətlə, kasıb-kusubun yeri deyil. Uzaqbaşı gəlib bulvara baxıb, burada dondurmasını yeyib gedə bilər. Ən böyük lüksü budur çünki. Bu gün evi olmadığına görə evlənə bilməyən, yaşı ötən minlərlə gəncimiz var. Kimin qapısını döysə, mentalitetimizə uyğun olaraq ilk verilən sual “evi varmı, işi varmı?” sualıdır.

Bu gün bizim əhalinin ən böyük problemi bahalı kredit şərtləri, bahalı “evli” olmaq imkanlarıdır. Evimizi əlçatan istəyirik, güzəştli şərtlər istəyirik, aylıq ödənişlər 300 manat olsa, bu bizim üçün realdıq, qalanı əfsanədir. Söhbət hamımızdan gedir, bir neçə nəfərdən, bir qrup peşə sahiblərindən yox. Hesab edirəm ki, dövlət bu yolda addımlar atmalı, tədbirlər görməlidir. Sovet dövründə hər kəs işlədiyi müəssisədən ev növbəsinə dayanıb ev almaq imkanına malik olurdu. Düzdür, bunun üçün uzun illər tələb olunurdu, lakin neftçiyə, fəhləyə, alimə fərq qoyulmurdu. Növbələrin illər çəkməsinin səbəbi isə tikinti bumunun olmaması idi. Axı indi Bakıda sürətlə tikinti gedir, minlərlə tikilib boş qalmış evlər var.

Bu evlərin real tikinti qiymətləri ilə satış qiymətləri arasındakı fərq böyük uçurumdur. Bütün əhali təbəqəsinin güzəştli ev almasını təmin edən şərtlər yaradılmalı və bu sərt şəkildə nəzarətdə saxlanmalıdır. Əks halda kimlərəsə ev bağışlamaq vətəndaş ayrı-seçkiliyindən, narazılığından başqa bir şey deyil.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »