Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur

Nazirlər Kabinetinin məscidlərdə 50 nəfərlik məhdudiyyətinə dair qərarının ləğvilə bağlı məhkəmə iddiası üzrə bir qərardad çıxarılıb. Daha bir iddia üzrə isə məhkəmə prosesi başlayıb.

Bizimyol.info xəbər verir ki, Nazirlər Kabinetinə məhkəmə iclası barədə bildiriş göndərilsə də, Nazirlər Kabinetinin nümayəndəsi Bakı İnzibati Məhkəməsində keçirilən hazırlıq iclasında iştirak etməyib. Buna baxmayaraq, vəkil Elmar Süleymanov vəsatətlə məhkəməyə müraciət edərək Nazirlər Kabineti ilə yanaşı, Qafqaz Müsəlmanları İdarəsi, “Hacı Əjdərbəy” məscidi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də cavabdeh qismində prosesə cəlb olunmasını xahiş edib. Məhkəmə bu vəsatət üzrə qərardadını avqustun 16-da elan edəcək.

Vəkil Elmar Süleymanov Vəkil Elmar Süleymanov

Vəkil Elmar Süleymanov Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində vurğulayıb ki, daha məhdud tutumu olan məkanlara (metro, təyyarə, avtobus və s.) 50 nəfərlik məhdudiyyət qoyulmadığı halda, açıq və qapalı ərazisində yüzlərlə (bəzi məscidlərdə isə minlərlə) insanın eyni zamanda ibadəti mümkün olan məscidlərə 50 nəfərlik məhdudiyyətin tətbiqini dini mənsubiyyətə görə tətbiq edilən ayrı-seçkilik hesab edir. Vəkil hesab edir ki, Nazirlər Kabinetinin bu qadağası insan hüquqları və azadlıqlarına təminat verən Azərbaycan Respublikasının Konstitusiyasına və beynəlxalq hüquqa ziddir.

Vəkil Elmar Süleymanovun fikrincə, bu ayrı-seçkiliyin dini mənsubiyyətə görə tətbiqi həm də onunla sübut olunur ki, Nazirlər Kabinetinin bu qərarının digər bəndlərilə fəaliyyəti bərpa edilib və dini xarakter daşımayan aşağıdakı fəaliyyət növlərinin heç birinə 50 nəfərlik say məhdudiyyəti tətbiq edilməyib:

60 nəfərədək sərnişin tutumu olan avtobuslara malik yerüstü nəqliyyata;

240 nəfərədək sərnişin tutumu olan təyyarələrə malik hava nəqliyyatına;

330 nəfərədək sərnişin tutumu olan vaqonlara malik metro nəqliyyatına;

Minlərlə insan tutumu olan iri ticarət mərkəzləri və su attraksionlarına;

Onminlərlə insan tutumu olan çimərliklər və idman oyunu yerlərinə.

“Göründüyü kimi, sahəsindən asılı olmayaraq, bütün ibadət yerlərində, o cümlədən ümumi sahəsi 4000 kvadrat metr olan və eyni vaxtda təxminən 3000 nəfərin ibadət edə biləcəyi məsciddə 50 nəfərdən artıq şəxsin toplanmasına qadağa qoyulsa da, sahəsi bundan dəfələrlə az olan qeyri-dini məkanlara 50 nəfərdən artıq şəxsin toplanmasına heç bir qadağa qoyulmayıb”, - vəkil bildirib.

Buna görə də Elmar Süleymanov hesab edir ki, Nazirlər Kabineti bu qadağaları yalnız dini ibadətləri yerinə yetirən şəxslərə münasibətdə tətbiq edib: “Bu isə dini mənsubiyyətə görə tətbiq edilən ayrı-seçkiliyin bariz nümunəsidir”.

Vəkil Elmar Süleymanov Nəsimi rayon Məhkəməsinə də eyni məsələ ilə əlaqədar müraciət etmişdi. Vəkilin Bizimyol.info-ya bildirdiyinə görə, Nəsimi rayon məhkəməsində hakim Anar İbadzadə iddianı 12 iyul 2021-ci il tarixli qərardadı ilə yolverilməz hesab edib. Bu pozuntunun aradan qaldırılması üçün inzibati icraat qaydasında məhkəməyə müraciət etməyi tövsiyə edib. Vəkil qərardaddan şikayət verib. Həmin şikayətə iyulun 26-da baxılacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »