Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər

Azərbaycan Tokioda keçirilən Olimpiya oyunlarına 44 idmançı ilə qatılıb. Güllə atıcılığı federasiyası, Cüdo federasiyası, Boks federasiyası, Qılıncoynatma federasiyası, Üzgüçülük federasiyası, Güləş, Taekvando, Karate, Velosiped, ümumilikdə Azərbaycanda fəaliyyət göstərən 13 federasiyadan, 13 idman növündə təmsil olunuruq.

Qlobal böhran Olimpiya oyunlarının da gedişatına təsir edib. Bu il rekordlar gözlənilmir, elə azərbaycanlı idmançılar da zəif iştirakları ilə diqqət çəkirlər. Azərbaycanlıların idman göstəricələri hər zaman yüksək olub. Zəhmətə alışqan bir xalq olduğumuzdandır yəqin ki, fiziki göstəricilərimiz buna yol verir. Lakin peşəkar idman peşəkar məşqlər, illərlə səbr və zaman, əmək sərf edilməsini tələb edir. İdman məktəblərinə yeniyetmə və gənclərimiz hər zaman maraq göstəriblər. Təəssüf ki, dövlət başçısının təşəbbüsü ilə gənclərin asudə vaxtının təşkili, idmana marağının təmin olunması məqsədilə tikilmiş Olimpiya Mərkəzləri qapısı bağlı qalır. Madam böyük idmana maraq göstəririk, xüsusi icazələrlə qapanma dönəmində idmançılarımız bu mərkəzlərdə məşq edə bilərdi. Tokio-2020 Olimpiya Oyunlarında bu dəqiqəyədək ölkəmizin əldə etdiyi uğur heçə bərabərdir.

Ölkədə hansı rayona ayaq bassan, orada Olimpiya İdman Kompleksi ilə rastlaşırsan. Amma .. Amması mərkəzlərin özlərindən böyük. Hamısının qapısını qıfıllayıb yuxarıdan gələn qonaqlara tər- təmiz göstərmək üçün göz-bəbəyi kimi qoruyub saxlayırlar yerli məmurlar. Bir də özləri gedib o komplekslərin hovuzlarında çimir və idman zallarında əylənirlər.

Bu qədər şərait, bu qədər idmana ayrılan pullar nə üçün idi? Biz özümüz hər şeyə qadir olduğumuz halda özümüzü aldatmaqla məşğuluq. Xaricdən idmançılar alıb onlara milli adlar taxmaqla milli olmur. Bizim olmayan bizimkilərin bizə can yandıracağını da düşünmürəm. Ölkəni tərk edib gedərkən bu alınmış idmançıların bir çoxları narazılıq edirlər.

Əcnəbi idmançılarla milli komanda yaranmır. Onlara böyük pullar tökməkdənsə (bu özü də bir az qaranlıq məsələdir. Müəyyən baha məbləğə alınan idmançılarımız da pul silmə mənbəyinə çevrilə bilirlər, özlərinin də xəbərləri olmadan) milliləşdirincə regionlarda kifayət qədər potensialı olanları inkişaf etdirmək olardı. Olimpiya Mərkəzlərimizi pullu etməyib girişi sərbəst etsəydilər bu gün ölkədə üzə çıxası çoxlu idmançımız olardı . Hələ 2016-cı ildə Milli Məclisdə Olimpiya İdman Komplekslərinin qapısı bağlı qalması müzakirə olunmuşdu, hələ o zaman deputat Aqil Abbas isə Olimpiya mərkəzlərinin Gənclər və İdman Nazirliyinin , yaxud da, Olimpiya Komitəsinin tabeçiliyinə verilməsini təklif etmişdi, rayonlardakı Olimpiya mərkəzlərnin ayrı- ayrı şəxslər tərəfindən tikilməsi səbəbilə istifadəyə düzgün yanaşma olmadığını demişdi. “Yaxşı halda bu Olimpiya mərkəzlərindən otel kimi istifadə edilir. Onların stadionları isə bərbad vəziyyətdədir. Ona görə də bu idman obyektləri Gənclər və İdman Nazirıiyinin tabeçiliyinə verilməlidir”,– deyə təklif irəli sürmüşdü. Maraqlıdır ki, bu komplekslərin bir hissəsi Gənclər və İdman Nazirliyinin, bir hissəsi isə Milli Olimpiya Komitəsinin nəzarətindədir. Amma heç də hamısı tamlıqla xalqın, gənclərin istifadəsindədir deyə bilmərik.Pandemiya dönəmində isə ümumiyyətlə qapıların üzərindən yekə bir qıfıl asılmasına şərait yaratdı.

İdman zallarımız niyə açılmadı, idmançılarımız niyə məşq edə bilmədilər sualına aldığımız cavab belə olmuşdu: məşq zamanı tibbi maska taxmağın qəbul edilən oksigen miqdarına təsir etməsi faciə ilə nəticələnə bilər. Ağır məşqlər edən zaman əzələlərimiz laktik turşu ifraz edir və bu da yanma hissi verərək tənəffüs orqanları vasitəsi ilə karbon dioksid şəklində bədəndən xaric olunur. Amma maska taxan zaman bu hava maskada qalır. Tibbi maska ilə məşq ölümə səbəb ola bilər.

Operativ Qərargahın son 1 ildəki fəaliyyəti "zərərgah"a daha çox bənzədi - verdiyi anlaşılmaz qərarlarıyla. Bu ayrı dərd. İndi bəhs etdiyim mövzu idmandan da çox məmur bataqlığıdır. Vur deyəndə öldürən, sərbəst qərarlar verə bilməyən, həmişə yuxarıdan xüsusi tapşırıq gözləyən, bütün fəaliyyətini xalqa yox, özündən yuxarı pillədəkilərə yarınmağa həsr edən məmurlar dövlətin yaratmış olduğu şəraiti kölgə altına salır, verilən əməkləri zay edirlər. İdman zalları varmı? Var. Olimpiya Kompleksləri tam təmirli şəkildə, milyonlarla xərc çəkilərək qurulubmu? Qurulub. Bəs nə çatmır? Var olan resurslardan səmərəli istifadə edərək milli kadrlar yarada bilən qabiliyyətli, bacarıqlı yerli rəhbərlər. Hər nə qədər ki, bizlər vəzifələri satın alacağıq, vakansiyaları işə yaramayan, saxta diplomlu, gözü burnunun ucundan uzağı görməyən qohum-əqrəbalar zəbt edəcək, elə belə də gedəcəyik. Bizdən olub bizə can yandırmayan bizimkilər yıxır evimizi.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »