Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı gözəl şəhərdir, amma pulu olanlara
Bakı gözəl şəhərdir, amma pulu olanlara

Bakını gəzmək, görmək, Bakıda yaşamaq gözəldir. Gözəl olduğu qədər də çətin. Hərdən içimdən bir qorxu keçir. Günün birində bu plansız , tərtibatsız şəhərsalma ucbatından şəhərin Xəzərə sürüşməyindən, kanalizasiyaların içində itib-batmağından, Xəzərin ona axıtdığımız kanalizasiyaları geri üzərimizə “qusmağından” qorxuram.

Yersiz qorxu kimi gələ bilər çoxunuza. Amma Bakıda tikilən fərdi evlərin böyük hissəsi ümumi kanalizasiya kollektorlarına qoşulmayıb, hərə bildiyi kustar yollarla bu məsələni çözüb . Bu da çox zaman qonşular arasında böyük problemlərə səbəb olub. Heç bir çıxış yolu tapmayanlar da məsələni astarı üzündən baha başa gələn şampo yolu ilə “çözüb”.

Fərdi ev sahibləri bəzən “novostroyka”lardan ev alanlara həsədlə baxırlar. Amma “novostroykanın” da özü boyda dərdləri var. Bir ətək pul verib alırsan, amma ev edincə yenə bir ətək pul tökürsən. Sən təmirini bitirib başa çatdırısan ki, qulağın dincəlsin, qonşu köçüb başlayır evinin içində sözün həqiqi mənasında ev tikməyə. Aylarla gurultu, mişar səsindən əsəblərin oynayır. O qonşu işini bitirməmiş bir başqası başlayır. Və beləcə bu, aylarla sürür.

Redaksiyamıza dəfələrlə belə binaların sakinlərindən müxtəlif səpkili şikayətlər daxil olub. Məsələn, deyirlər kommunal xərclər həddən artıq çoxdur. Binadan binaya asılı olaraq 30-150 manat arasında qiymətlər dəyişir. Hələ parklama dərdini demirik. Öz binasının alltındakı parklamada maşın saxlamağa imkanı olmayanlar məcbur olurlar fərqli yöntəmlər aramağa. Bəzi binalarda nə sirdirsə, tez- tez qəbzdəki möhür və binaya qulluq edən şirkətin adı dəyişir.

Ev alıb köçməmiş qaz sayğacı, işıq sayğacı, su sayğacı adı ilə ən azı min manatından keçməli olursan. "Kupça arayışı" üçün əlavə 500 manat “şirinlik”. Bir çox binaların altında yaşayış massivi üçün uyğun olmayan obyektlər tikilir . Lap bahalı binanın bahalı dərdləri var, ucuz binanın da insan həyatına təhlükə törədən ucuz iş səbəbli dərdləri. Binadaxili kanalizasiaya, su, elektrik xətlərinin vəziyyəti necədir, bunu kimsə bilmir. Zamanla bəlli olacaq.

16 mərtəbəli binaya icazə alıb, yuxarıdakıların “bığının altından rahat keçmək üçün” 20 mərtəbəli bina tikdirən sahibkar 16 mərtəbəli binanın 20 mərtəbəli bina yükünü qaldıracağına nə qədər əmindir? Təhlükəsizlik hansı dərəcədədir? Bir-birinə söykənmiş bu binaların birində yanğın olanda həyətə yanğınsöndürən girə bilmirsə, binanın birinin uçma təhlükəsi yaranarsa, o birisinin başına töküləcəyini biliriksə, kimsə FHN lisenziya verib nağılına aldanmasın. Bu qədər sıx yaşayış komplekslərində uşaq oyun meydançası, qonşuların hərdənbir düşüb gəzişməsi üçün balaca məkanlar qurulur, amma davamlı yan-yörədə aparılan tikinti, girib çıxan avtomobillər təhlükəsizliyi pozmurmu? Hələ yazmadığımız, dilə gətirmədiyimiz nə qədər problemlər, baş ağrıdan səbəblər... Hansısa rayona səfər edib Bakıya dönərkən səni öncə üfüqdə görünən Xəzərin maviliyi, daha sonra Bakının ağır üfunət qoxusu vurur. Bakı xəstə deyi, onu xəstə ruhlu insanlar öz dünyaları kimi çirkinləşdirirlər. Bakı gözəl şəhərdir, amma pulu olanlara, turist kimi gələnlərə...

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »