Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Heyrət, ey Şeyx... və ya üzrü günahından betər
Heyrət, ey Şeyx... və ya üzrü günahından betər

"Mən heç vaxt heç kimin qucağında olmamışam. Məni ittiham edənlər çalışır ki, ölkədə sünni-şiə qarşıdurması yaratsın".

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə gununsesi.info saytına açıqlamasında deyib. Bu cümlələrin özü Azərbaycanda dini hakimiyyətin kimin əlində olduğunu göstərir.

Şeyxülislam məqamında olan bir şəxs: "Mən heç vaxt kiminsə qucağında olmamışam" kimi bir cümlə qurmaz. Bu ifadənin özü onun təmsil etdiyi millətə də, ümmətə də təhqirdir. Həm də bu ifadəni o müsahibədə ikinci dəfə daha pis formada işlədib. "Biz demirik ki, Azərbaycanı İranın qucağına verək" deyib. Bu, dəhşətdir; Şeyxülislamın danışığına baxın. Deməli, onun beynində daim kiminsə qucağında oturmaq, Azərbaycanı İranın, ya kiminsə qucağına vermək kimi fikirlər dolaşıb ki, jurnalist: "Sizə İranın adamı deyirlər" deyə sual edəndə düşünmədən o qucaq sözünü işlədib. Çünki artıq onun belə bir formalaşmış fikri, mövqeyi varmış demək.

Bu da hamısı deyil; Şeyx özünü, dövlətini, millətini, təmsil etdiyi müsəlman ümmətini "qucaq" ifadəsi ilə təhqir etməklə də qalmır, şantaja keçir: onu ittiham edənlərin "ölkədə sünnü-şiə davası" salmağa çalışdığını deyir. Elə həssas məsələlər var ki, onun haqqında danışmaq belə dövlətə, ölkəyə, xalqa qarşı təhlükə yaradır. Şeyxin iddia etdiyi elə bir "dava" ölkədə yoxdur; Azərbaycan cəmiyyətinin İslam dininə mənsub çoxluğu bütün başqa dinlərin təmsilçilərinə qarşı bu qədər tolerant olduğu halda, öz aralarında dava edəcək?! Bu fikir hansı məntiqə sığar?! Özü, "Mən həm sünnilərin, həm şiələrin rəhbəriyəm" deyir, dini həmrəyliyi təmin edən adam kimi özünün rolunu qabardır, həm də İslam dini mənsubları arasında dava ola biləcəyi ilə təhdid edir. Yəni: "Mən olmasam ölkə dağılar" düşüncəsi. Misir Fironlarından tutmuş krallara, şahlara qədər çoxları elə düşünüb ki, o, olmasa nəinki ölkəsi, bütün dünya dağılar. Çağdaş diktatorlar da bu xəstə təfəkkürün meyvələridirlər. Bizim Şeyx də eynilə belə düşünür və belə danışır. Dediyinin mənası budur: "Nə etsəm də, mənimlə işiniz olmasın. Mən olmasam, ölkədə məzhəblər arasında dava düşər". Özünü tayı-bərabəri olmayan bir zat, sanki əbədiyaşar, ölümsüz, üstəlik hər şeyə qadir bir qüvvə sanır?! Əgər belədirsə, bu, aşkar şirkdir; Allaha şərik qoşmaqdır.

Onun Azərbaycanı təhdid etdiyi "dava" iddiası 44 günlük Vətən Müharibəsində tam təkzib olundu; Azərbaycanın Ali Baş Komandanından tutmuş generalına, zabitindən əsgərinə qədər heç bir döyüşçüsü din ayrımçılığı etmədi. O vuruşan, şəhid olan, qazi olan oğullar nəinki kimin İslamın hansı məzhəbinə, hətta kimin hansı dinə mənsub olduğuna fikir verməmişdilər, verməzdilər də. Onları silah qardaşlığı birləşdirirdi; Azərbaycan vətəndaşı olan və müxtəlif dini inanclara mənsub kəslər - müsəlman, xristian, yəhudi, fərq bilmədən, fərq qoymadan bir səngərdə ölkəsi üçün savaşdı. Hətta general Polad Həşimovun məzarı üzərində Allahşükür Paşazadənin İdarəsinə məxsus molla İran dili ilə "şiə torpağı uğrunda döyüşən" ifadəsini işlədəndə Füzulidən gəlmiş bir polkovnik ona etiraz etdi: "Xalqı bölmək olmaz, biz vuruşanda heç kim baxmır, kim şiədir, kim sünnidir. Bu söhbəti yığışdırmaq lazımdır" dedi. Həmin çıxışın görüntüsü var, youtube kanalında tapıb baxa bilərsiniz. Yəni, baxın, Şeyxin dini idarəsinin təmsilçisi şəhidin məzarı başında toplumu məzhəblərə bölməyə çalışır, ancaq Ordunun bir zabiti, əksinə, dini ayrımçılığı rədd edərək xalqı birliyə çağırır. İndi kimdir məzhəb davasını körükləyən?!

Belə faktlar çoxdur; din xadimlərimizin çoxu İran mollalarının ağzı ilə danışır. Və Şeyxin özü. Şuşada İran mollasını qabağa buraxdığı bəs deyilmiş kimi, Qurban Bayramı günü Təzəpirdəki bayram namazında çıxış edərkən deyir: "Xamneyi deyib ki, Qarabağ İslam torpağıdır". Bunun açması məlumdur, ancaq açıqlamaq istəmirik. Xamneyi nə üçün: "Qarabağ Azərbaycan torpağıdır" deməyib. Lap tutaq ki, o, Qarabağın İslam dininə mənsub insanların tarixi torpağı olduğunu nəzərdə tutub, onda ermənilər işğal etdikləri Qarabağda 60-dan çox məscidi, dini ibadətgahı dağıdanda bu "İslam təəsübü çəkənlər" hardaydı?! "İslam torpağı" ifadəsinin özü nəinki bağışlanmaz səhvdir, hətta təhlükəli günahdır. Qarabağ Azərbaycanın bir hissəsidir. Deməli, o "məntiqlə" Azərbaycan İslam torpağıdır?! Bəs burda yaşayan başqa dinə mənsub insanların torpağı deyil?! Və Qafqazın, Qafqazda ən çox müsəlmanın yaşadığı Azərbaycanın Şeyxülislamı bu ifadəni işlədirsə, birləşdirici deyil, ayrımçı mövqe tutur. "İslam torpağı" ifadəsini İŞİD, Əl-Qaidə və sair bu kimi din pərdəsi altında beynəlxalq terrorla məşğul olan radikal qruplar da işlədir.

Qarabağda da son 27-30 il ərzində erməni terror dövləti və bölgədəki terrorçu dəstə nələr törədib - göz qabağındadır. Buraya həmin dövrdə silah verənlər də terrorçuları silahlandırıblar deməkdir. Türkiyə Prezidentinin baş məsləhətçisi də bunu deyib:

"Xamneyi bir yandan "Qarabağ ermənilərinə silah göndərib, o biri yandan Qarabağın azadlığı üçün fətva verib. Yəni öz fətvası öz silahına qalib gəlib".

Bu sualı da Şeyxə veriblər, cavab - sıfır. Sadəcə, özünün siyasətə qarışmadığını bildirib:

"Mən din xadimi kimi danışmışam, siyasi adam deyiləm"

Yaxşı, siyasi adam deyilsinizsə, nədən Azərbaycan Silahlı Qüvvələrinin, onun Ali Baş Komandanının, əsgərin, zabitin qələbələrdəki rolunu azaldıb, bütün uğurları İranın adına, İran dini liderinin fətvasına bağlayırsınız?! Cənab Şeyx, bu söhbəti belə fırladırsınız ki, bir işi görəndə də Allaha dua edirik, o iş düzəlsin və sair. Məgər Xamneyinin duası bizim xalq olaraq etdiyimiz dualardan daha tezmi çatır Allahın dərgahına?! Necə olur, Azərbaycan əsgərinin, ordusunun, dövlətinin, dövlət rəhbərinin qələbədəki rolunu vurğulamaq lazım gələndə din xadimi kimi danışırsınız, qələbəni bütövlükdə İranın adına yazmaq lazım gələndə "siyasi adam" olursunuz?! Bunu necə bacarırsınız?! Yəqin xatırlayırsınız ki, 44 günlük müharibənin gedişində ermənilər guya bizim və Türkiyənin Suriyadan Qarabağda döyüşmək üçün muzdlu terrorçular gətirdiyimizi deyirdilər. Azərbaycan Prezidenti də savaşı idarə edən Ali komandan - yəni ən birinci, ən məlumatlı və ən mötəbər mənbə olaraq xarici media orqanlarına müsahibələrində hər dəfə bu iddianı təkzib edirdi. Hətta tələb edirdi ki, bunu iddia edənlər ortaya bir fakt qoysun. Az qalıb ki, müharibənin başlamasından bir il keçə. Hələ də heç kim ortaya konkret bir dəlil-sübut qoymayıb; axı hüququn əlifbasıdır ki, sübut təqdim etmək ittiham edən tərəfin borcudur, ittiham olunanın deyil. Xeyr! Heç bir fakt qoya bilmədilər. Ancaq sanki İlham Əliyevin təkziblərinə hamı inandı, bir Ermənistanla, İrandan başqa. 2021-ci il fevralın 26-da Azərbaycan Prezidentinin mətbuat konfransında o "suriyalı terrorçular" haqda təxribat xarakterli sualı İranlı jurnalist verdi. Məqsəd suala cavab almaq deyildi, çünki Prezident Əliyev dəfələrlə ən geniş və tutarlı şəkildə cavablamışdı və o, mətbuat konfransında yenə də eyni qətiyyətli inamla cavab verdi. İran dövlətinə bağlı media orqanının jurnalistinin cavabını bildiyi sualı verməsi, əslində, məzmunu "Qarabağda Azərbaycan tərəfdən Ermənistana qarşı suriyalı terrorçular vuruşur" olan uydurma iddianı bir daha dünyaya eşitdirmək məqsədi daşıyırdı. Və Şeyximiz deyir ki, Xamneyinin fətvası olmasaydı, bəlkə də qələbə olmazdı. Baxın, müharibə sentyabrın 27-də başladı. Xamneyi isə məlum fətvasını noyabrın 4-də - artıq Ermənistan ordusu darmadağın edildikdən, Azərbaycanın qələbəsi hətta Ermənistanın özündə belə şübhə doğurmadığı zaman verib. İran Ali Dini lideri 44 günlük müharibənin 38-ci günündə fətva verib. Ona qədər nə edib? Hər kəs bilir: Azərbaycanla sərhədə qoşun yığmaq, "Zəngəzur qırmızı xəttimizdir" demək, Azərbaycan ordusuna məxsus dronların sərhədboyu uçuşuna etiraz etmək, İran ərazisindən Ermənistana hərbi yüklərin daşınması, buna etiraz edən Güneyli soydaşlarımızın həbsi və sair. Çox şeylər. Bunun qarşısında Şeyxülislam Allahşükür Paşazadənin belə bir açıqlaması!

Şeyx deyir ki, Türkiyənin adını birinci çəkib. Elədir. Türkiyə və İran dedi. Ancaq Qarabağın azad olunmasına dəstək baxımından Türkiyənin və İranın müqayisəsi mümkün deyil. Türkiyə Ermənistana: "Qarabağı azad et" deyə öz sərhədlərini bağlı saxladı, hələ də bağlıdır (ki, Ermənistan yekun sülhə imza atsın). Bəs İran?! Ermənistana hər mənada qaz verməkdən tutmuş hərbi yüklərin daşınmasına qədər, işıq verməkdən tutmuş neft məhsulları göndərməyə qədər, İrəvandakı və Şuşadakı məscidlərimizi fars üslubunda təmir edib İran məscidi kimi təqdimata qədər hər cür yardım etdi.

Hə, bəs niyə belə olduğunu soruşsanız... ABŞ-la İran arasında münasibətlər məlum; zaman-zaman çox gərginləşir. Sanksiyalar öz yerində, bəzən böhran az qala açıq müharibənin astanasına gəlib çatır. O cür kritik məqamlarda İran tərəfi Amerikadakı erməni lobbisinin Vaşinqtona təsiri vasitəsilə vəziyyəti yumşaltmağa çalışır. Bu zaman da İranın xarici siyasətinin bu vektoru Ermənistanın və ABŞ-dakı, eləcə də, Avropadakı erməni lobbiçilərinin, diasporunun qarşısında öhdəliklərlə yüklənmiş olur. Ancaq zaman dəfələrlə göstərib ki, Ermənistanla geosiyasi flirt İranı nə sanksiyalardan qoruya bilər, nə hadisələrin başqa inkişaf ssenarilərindən. Özü islam həmrəyliyindən danışıb İslam dəyərlərini dağıtmaqla ən az 30 ildir məşğul olan Ermənistana dəstək vermək! Bunun adı yoxdur. Əgər Şeyximiz bunun adını "İslam torpağının azadlığına dəstək" qoyursa, o postda oturub qalmağa nə haqqı var, nə iqtidarı. Və əslində bu gün o, dini və hətta siyasi stabilliyə təhlükə faktoruna çevrilir; məlum olur ki, 30 ildir müstəqil olan bir ölkənin ən azı 30 ildir xarici aktorlardan asılı qalan bir Şeyxi var. Yaxasından asılı qalan xarici ordenlər kimi...

Bizimyol.info

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› MN: "Rusiya Müdafiə Nazirliyinin 2 erməni silahlısının yaralanması məlumatı təəssüf doğurur"
Son xəbərlər
Bütün xəbərlər »