Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat və ruhanilər öz işini görsəydi...
Deputat və ruhanilər öz işini görsəydi...

Mərhum xalq şairi Qabilin “Səhv düşəndə yerimiz” adlı çox məşhur bir şeiri var.

Bəzən cəmiyyətdəki absurdları görəndə, xüsusilə də mətbuatda “ultra-intellektual” açıqlamalara rast gələndə həmin şeirdən misralar yadıma düşür:

Duman dağı dolanar,

Qiyamət olar.

Duman yola sallanar,

Müsibət olar.

Müsibət oluruq biz,

Səhv düşəndə yerimiz.

Son günlər ölkə gündəmində yaranan “komediya”ların da əsas səbəbi yerlərin səhv düşməsi ilə bağlıdır.

“Səhv düşməsi” deyirəm, amma belə baxıram ki, bizdə uzun illərdir elə bu cür mənzərə hökm sürür və “səhv düşmə” də artıq “düz mütənasib” status alıb. O qədər ki, hansısa vəzifədə savadlı, öz işini bilən adam görəndə təəccüblənirik.

“Öz ixtisası üzrə işləmək” məsələsi deyil bu. Kimsə ixtisasca həkim ola bilər, amma yaxşı bəstəkarlığı ilə də fərqlənə bilər. Əsas odur bacardığın işi görəsən. Həm də ki, öz işinlə məşğul olasan. Ara-sıra müxtəlif deputatlarla bağlı qalmaqallar yaşanır və bu mövzuda polemikalar sosial şəbəkələrə də yansıyır.

Bundan əvvəl biriləri müəllimlərə işdən sonar fəhləlik etməyi tövsiyə etmişdi. Sonra, Allaha şükür, bir başqaları öz seçicilərinə soğan satmağın sirlərini də öyrətdilər. Bu günlərdə isə gördük ki, qanunların təklifi ilə məşğul olmalı (həm də təhsil eksperti) adam "jurnalistlərin ifşası" ilə məşğul olur.

Allah bilir nə işlə məşğul olan din adamlarımız isə siyasətçilik edir.

Ölkədə dövlət siyasəti ilə məşğul olan şəxslər bəlli, qurumlar bəlli… Bu günədək hər hansı ictimai-siyasi prosesə qarışmayan, hətta sosial mövzularda belə səsi çıxmayan, hər hansı qazi və şəhid ailəsi ilə maraqlanmayan şəxslər bir anda ölkə gündəmini “silkələməyə” başlayır.

Deputat öz işini, ruhani də öz işini görsə idi... Nə dərdimiz vardı?

Suriyada və digər ölkələrdə ekstremist qrupların tərkibində döyüşdüyünə görə, həbsdə və axtarışda olan yetərincə həmvətənimiz var. Hətta eyni potensialda olan, ya fürsət olmadığından, ya da sadəcə, ehtiyat etdiyindən getməyən ekstremist düşüncəli gənclər də var ki, onlar da “saatlı bomba” kimidirlər. Hər an partlaya bilərlər.

Bu gənclərin də müxtəlif təsir altına düşməsində günahkar məhz yeri səhv düşənlərdir. Məhz onların “sayəsində” bu gün cəmiyyətimizdə dərin bir mənəvi boşluq hökm sürür. Məhz onların “şanlı fəaliyyəti”nin nəticəsidir ki, Azərbaycan cəmiyyətində narkotik problemi hər gün daha çox böyüyür.

Və bu yeri səhv düşənlər hələ çox rahatdırlar. Çünki heç də az deyillər. Arxaları bərkdir, onları da özləri kimi yeri səhv düşənlər qoruyur, dəstəkləyir.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »