Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İlham Əliyev Avropaya konkret mesajlar verdi”
“İlham Əliyev Avropaya konkret mesajlar verdi”

Asim Mollazadə: “Prezident Avropaya meydan oxumadı, ədalətli və qərəzsiz tərəfdaşlığa çağırdı”

Azərbaycan Prezidenti İlham Əliyev AZTV-yə müsahibə verib. Dövlət başçısı bu müsahibəsində bir çox məqamlara, həm daxili, həm də xarici siyasi və iqtisadi mövzulara toxunub.

Xüsusilə də, müsahibədə Ermənistanla son zamanlar yaşanan gərginlik, Avropa İttifaqının Ermənistana yardımları və Azərbaycana qarı olan ikili standart yanaşmaları ilə bağlı bir sıra məqamlara toxunulub.

Müsahibədən ayrı-ayrı video və mətn çıxarışları sosial şəbəkələrdə də paylaşılıb və müzakirələrə səbəb olub.

Müsahibə zamanı müxbirin “Avropa İttifaqının Ermənistana 2,6 milyard avro, Gürcüstana isə 2,3 milyard avro yardım ayırması, amma Azərbaycanın adının çəkilməməsi” barədə sualına Azərbaycan Prezidenti belə cavab verib:

Asim Mollazadə Asim Mollazadə

“Əlbəttə, bu mövqe ədalətsizdir. Azərbaycana gəldikdə, 150 milyon avro rəqəmi səsləndirildi, amma konkret bizə deyilmədi bu, nə rəqəmdir və nə vaxt veriləcək, verilməyəcək, bunun şərtləri nədir? Əlbəttə, mən hesab edirəm ki, bu, ədalətsiz mövqedir. Çünki Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir həm ərazisi, həm əhalisi, həm də potensialı baxımından. Bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsait verilmirdi. Yəni bu, onu göstərir ki, bu vəsait məhz müharibədən sonra verilir. Yəni, bu vəsaitin verilməsinin səbəbi müharibədir. Əks təqdirdə, 30 il bundan əvvəl verəydilər, niyə məhz indi verirlər? Əgər belədirsə, onda müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Azərbaycana bu vəsait verilməlidir. 10 min kvadratkilometr ərazi tamamilə dağıdılıb, erməni vandalları tərəfindən məhv edilib. 100 minlərlə mina döşənilib və bütün binalar, tarixi binalar, bütün infrastruktur məhv edilib. Amma pulu verirlər Ermənistana. Ermənistanda bir dağıntı var? Yoxdur. Mina döşəmişik orada? Yox. Bu qədər işğaldan əziyyət çəkən ölkə olub? Yox. Əlbəttə bu, ədalətsizdir. Bu məsələ ilə də bağlı əlbəttə, fikir mübadiləsi oldu. Cavab elə oldu ki, Azərbaycana elə bil ki, vəsait lazım deyil. Birincisi, bizə heç kim təklif etməyib, bizə təklif edin, mən deyərəm, bizə lazımdır, yoxsa yox. Amma bizə heç kim təklif etmədiyi halda deyirlər ki, Azərbaycana vəsait lazım deyil. Bəs azad edilmiş torpaqları biz bərpa edəsi deyilik? Milyardlarla dollar vəsait lazımdır, o, göydən düşür. Azərbaycan şəffaf bir ölkədir. Maliyyə resursları da bəllidir. Bəli, biz özümüzü təmin edən ölkəyik. Amma əgər bizə də Ermənistan kimi qrant olaraq vəsait verilsə, biz heç vaxt imtina etmərik. İkinci tezis odur ki, verilən o 2,6 milyardın bir hissəsi kreditdir, bir hissəsi qrantdır. Azərbaycan elə bil ki, kreditlər götürmür. Düzdür, götürmürük, ancaq güzəştli şərtlər olsa, niyə də götürməyək, götürərik. Bir də ki, Ermənistana qrant verilir, yəni hədiyyə. Bizə isə verilmir. Amma buna daha çox bizim ehtiyacımız var. Ona görə bu məsələlər gərək gündəlikdən düşməsin. Əlbəttə, biz Avropa İttifaqı ilə növbəti təmaslar əsnasında bu məsələni daim müzakirə edəcəyik, baxacağıq Ermənistana nə qədər qrant verilirsə ən azı o qədər də bizə verilməlidir. Əgər verilmirsə, qoy desinlər nə üçün? Qoy desinlər ki, bu ermənipərəstlikdir, qoy açıq desinlər, mən açıq söhbətin tərəfdarıyam. Bütün görüşlərdə, o cümlədən cənab Mişellə çox səmimi və açıq söhbət etmişik. Çünki biz ona görə söhbət edirik ki, məsələləri həll edək, bir-birimizin mövqeyini öyrənək. Hansısa diplomatik sözlər arxasında gizlənməməliyik. Ona görə biz ümid edirik ki, bu məsələyə aydınlıq gətiriləcək və Ermənistana verilən qədər eyni şərtlərlə bizə də təklif olunsun. Biz o təklifi qəbul edəcəyik, etməyəcəyik bu, başqa məsələdir”.

Azərbaycan Prezidentinin müsahibədə səsləndirdiyi bu və digər fikirləri Bizimyol.info saytına şərh edən millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirdi ki, dövlət başçısı müsahibədə çox vacib məqamlara toxunub.

“İlham Əliyev Avropaya konkret mesajlar verdi. Bu müsahibəni oxuduqda, son günlər yaşanan proseslər, Qərbin regiona yanaşması, habelə Azərbaycanın “post-müharibə” dövrünü necə görməsi ilə bağlı təsəvvürümüz yaranır”, - deyə A.Mollazadə vurğulayıb.

O bildirdi ki, İlham Əliyevin Moskva səfərindən sonra Avropaya sərt mesajlar göndərməsi ilə bağlı fikirlərlə razı deyil.

“Prezident Avropaya meydan oxumadı, ədalətli və qərəzsiz tərəfdaşlığa çağırdı. Azərbaycan bir suveren dövlət olaraq heç bir zaman Avropa İttifaqı ilə münasibətlərin pis olmasını istəməyib. Əksinə, Azərbaycan tərəfi daim Avropa İttifaqına strateji tərəfdaş kimi yanaşıb. Çünki bizim Aİ ilə çox böyük ticarət dövriyyəmiz var. Avropanın enerji təhlükəsizliyində Azərbaycan da özünün xüsusi yerini tutur. Lakin bu göstəricilərə və Azərbaycanın daim sadiq tərəfdaşlıq səylərinə baxmayaraq, Avropa İttifaqında bəzi siyasi dairələr inadla ikili standardlar yürüdür, ermənipərəst mövqe sərgiləyirlər. Ermənistan isə bizi “ərazi iddialarında” ittiham edir, amma nə Azərbaycan, nə Gürcüstan, nə də Türkiyə ilə normal münasibətlər qurmaq istəmir. Belə baxıram, Ermənistan bir dövlət kimi yox olmaqla üz-üzədir. Bunun günahını isə özgələrdə görmək lazım deyil”,  - deyə DİP sədri qeyd edib.

Asim Mollazadə söyləyib ki, əvvəllər də Aİ tərəfindən Ermənistana böyük yardımlar, güzəştli kreditlər ayrılıb: “Ammma həmin yardımların və kreditlərin hara xərcləndiyi məlum deyil. Bunu heç araşdıran da yoxdur. Lakin yenə də, işğalçı dövlətə, həm də bütün qonşulara qarşı ərazi iddiaları olan dövlətə yardımlar göstərirlər. Biz artıq bu yanaşmalara öyrəşmişik, amma barışmamalı və Aİ rəsmiləri ilə görüşlərdə və müxtəlif tədbirlərdə həqiqəti səsləndirməliyik. Digər tərəfdən, düşünürəm ki, Azərbaycan BMT və beynəlxalq təşkilatların qətnamələrini təkbaşına icra edib, erməni işğalına son verərək, ədaləti bərpa edib. Və bundan sonra, işğaldan azad olunan əraziləri öz gücümüzə bərpa edəcək, öz gələcəyimizi özümüz yaradacağıq. Bəli, bu çətin olacaq, amma biz bunu bacaracağıq. Necə ki, 30 il işğalda qalan torpaqlarımızı azad etdik, azad etdiyimiz torpaqları cənnətə çevirmək də bizim əlimizdədir”, - deyə deputat əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »