Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Güclü və nüfuzlu mediadan qorxmaq lazım deyil
Güclü və nüfuzlu mediadan qorxmaq lazım deyil

“Aparıcı media qurumlarımızın əksəriyyətində yetərli sayda tənqidin olmaması yerli auditoriyanı söyüş söyən internet resurslarına, o cümlədən səviyyəli xarici auditoriyalara itələyir. Bu isə ictimai-siyasi proseslərin rənginin daha da bozarmasına gətirib çıxarır”. Bu fikirləri bizimyol.info-ya Müasir İnkişaf Birliyinin sədri, Dialoq.info saytının baş redaktoru siyasi şərhçi Mübariz Göyüşlü səsləndirib.

“Azərbaycan mediası özünün 146-cı ildönümünü tamamladı. İndi qeyd edəcəyimiz fikirləri bayram ovqatından sonraya saxladıq ki, səsləndirəcəyimiz bəzi həssas məsələlər ovqata mənfi təsir göstərməsin. 1998-ci ildən jurnalistikadayam. Nəinki aktiv şəkildə çalışdığım dövrlərdə, müşahidəçi mövqeyində olanda belə media ilə əlaqəmi kəsməmişəm. Bir jurnalist, eyni zamanda media ilə bağlı elmi tədqiqat üzərində işləyən şəxs olaraq mediamızın hazırkı durumuna tərifi bu şəkildə verərdim: Mediamız formaca dəyişib, məzmunca dəyişə bilməyib. Yəni internet və sosial şəbəkələr həyatımıza aktiv şəkildə daxil olub, çəkiliş, çap, səsyazma və s. üçün olan avadanlıqlar yenilənib. Amma məzmun, daha dəqiq desək media qurumlarının müstəqilliyi, reklam bazarı ilə bağlı olan məsələlər, jurnalistlərimizin (hamıya aid deyil) peşəkarlığı və s. problemlər demək olar ki, öz aktuallığını saxlamaqdadır”,- deyə o qeyd edib.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

Mübariz Göyüşlünün fikrincə, mediamızın ən əsas problemi müstəqillik və reklam bazarı problemi bugün dünən olduğundan daha aktualdır.

“Bir neçə oliqarxdan, dövlət qurumlarından, hansısa imkanlı təşkilatlardan, şirkətlərdən, xarici xüsusi xidmət orqanlarından müxtəlif yollarla əldə edilən pul vəsaiti ilə media, daha dəqiq desək müstəqil media qurmaq mümkünsüzdür. Tərif və söyüş arasında qızıl xətti - doğru olanı faktlarla qeyd etmək, yanlışı tənqid etməkdən ibarətdir. Deyəsən bizdə bu mənzərənin yaranmasına hələ bir müddət daha var. Reklam bazarının məhdudluğu, maliyyə müstəqilliyinin olmaması bir çox hallarda çox önəmli hadisələrə operativ, dəqiq və qərəzsiz münasibət bildirməyə, onunla bağlı lazımi araşdırmaları aparmağa imkan vermir. Nümunə olaraq son aylarda baş verən bahalaşmanı, Tarif Şurasının qəbul etdiyi və xalqın narazılıqla qarşıladığı qərarları göstərə bilərik. Özünü peşəkar, operativ adlandıran media holdinqlərə daxil olan media qurumları bu qərarın yanlışlıqlarını çatdırmaq əvəzinə onu malalalmaqla məşğul oldular. Bu isə onların olan-qalan etimadını xalqın gözündə daha da sarsıtdı. Nəticədə auditoriya söyüş mediasına istiqamətləndi. Bizim bu fikirlərimiz böyük bir kollektivlə çalışan, yaxşı maddi imkanlara malik olan qəzetlərə, saytlara, agentliklərə, TV və radioalara aiddir. Onlarda tənqidin, obyektiv fikrin, hadisələrə peşəkar yanaşmanın get-gedə daha da azalması auditoriyanın itirlməsi ilə nəticlənməkdədir. Bəlkə də məhz buna görədir ki, türkiyəli jurnalistlərin II Qarabağ müharibəsindəki, o cümlədən digər sahələrdə olan fəaliyyəti daha qabarıq görünür, nəinki azərbaycanlı jurnalistlərin. Türkiyədəki media qurumları müxtəlif maliyyə, siyasi qruplardan asılı olsa da belə jurnalistlər öz vəzifə borclarını icra etməkdə daha çox sərbəstliklərə, buna görə də yaxşı qazanc əldə etmək imkanlarına malikdirlər. Ona görə də orada ictimai-siyai həyat, media ilə bağlı proseslər daha dinamik, zövqoxşayan və cəlbedicidir. Bizdə isə tənqidi medianın azlığı, hətta yoxluğu (təhqir yox məhz tənqid) tamaşaçı, dinləyici və oxucunu yerli auditoriyadan uzaqlaşdırır. Aparıcı media qurumlarımızın əksəriyyətində yetərli sayda tənqidin olmaması yerli auditoriyanı söyüş söyən internet resurslarına, o cümlədən səviyyəli xarici auditoriyalara itələyir. Bu isə ictimai-siyasi proseslərin rənginin daha da bozarmasına gətirib çıxarır. Belə bir durum isə yaxşı heç nə vəd etmir. Fikimcə durumu düzəltmək üçün geniş reklam bazarı, sağlam və normal rəqamət mühiti yaratmaq lazımdır. Mediaya imkan vermək lazımdır ki, o hadisələri olduğu kimi, faktların dili ilə çatdıra bilsin. Bu durum mediaya olan inamı bərpa edəcək. Nəticədə o daha da güclənəcək. Güclü və nüfuzlu mediadan isə qorxmaq lazım deyil. Güclü media güclü cəmiyyət və güclü dövlət deməkdir”.

İlhamə

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »