Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir

İcbari tibbi sığorta tətbiq edilən bəzi yerlərdə isə vətəndaşlar hələ də həkimlərə ödəniş etdiklərini deyirlər.

2021-ci ilin yanvar ayından “Tibbi sığorta haqqında” Qanuna əsasən, ölkə üzrə dövlət və özəl sektorda çalışanlardan icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılıb. Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulur. 2021-ci ilin aprel ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat + 67,5 manat və üstəgəl ölkə üzrə istehlak qiymətlərinin indeksi müəyyən edilib.

Bu şablon ifadələr anlayan üçün bəlkə də gözəldir. Anlamayanlar da var. Yanvar ayından 7 ay keçməsinə baxmayaraq hələ də ortada məmnunedici bir durum yoxdur. İcbari tibbi sığorta təbiqə başlayanda hamımız sevindik, palaz-palaz tərifli məqalələr yazdıq, inandıq ki, indi daha dərdi olan türkəçarəyə yox, xsətəxanaya, həkimə baş vuracaq, maddi imkanları buna əl verəcək. Amma sən saydığını say, gör, TƏBİB nə sayır.

Redaksiyamıza yenə səhiyyəmizdən şikayət daxil olub. Nə zamandır adını eşidib, üzünü görə bilmədiyimiz, istifadə edə bilmədiyimiz əlçatmaz tibbi sığorta barədə. “Artıq qışdan bəri tibbi sığorta üçün vəsait ödəyirik, amma hansı dövlət xəstəxanasından maraqlasan, "hələ başlamamışıq" deyirlər. Bəs biz bu pulu niyə ödəyirik? Onsuz da maaşımız yetərsiz qalır, vergi veririk, xidməti isə ala bilmirik”,- deyilir şikayətlərdə.

Özüm də dəfələrlə qeydiyyatda olduğum 32 saylı klinikaya müraciət etmişəm. Əksər dövlət klinikalarında olğuğu kimi, məlumatlandırma və rəqəmsal transformasiya işlərində ciddi qüsurlar var. Vətəndaşın sığorta statusunun vəziyyəti haqqında, hansı xidmətləri və haradan ala biləcəyi haqqında, pulsuz hansı xidmətləri və dərmanları ala biləcəyi haqqında, hansı ailə həkimi və ya poliklinikanı seçə biləcəyi haqqında bilgiləri olsa da, klinikada elə həkimlər bütün bildiklərimizi alt-üst edirlər. Uzun müddət keçib, bir neçə rayonda pilot qaydasında bu sistemin bir neçə ildir ki, tətbiq edilməsinə baxmayaraq hələ də normal bir rəqəmsal infrastruktur formalaşmayıb, hələ də təcrübə formalaşmayıb. Bakı kimi bir şəhərdə icbari tibbi sığortanın bu qədər problemlər yaşaması anlaşılan deyil.

Dövlət xəstəxanalarında işləyən həkimlərin əksəriyyəti günortayadək işini tez bitirir, xəstələrə başdansovdu münasibət göstərirlər. Günortadan sonra gedirlər ödənişli tibbi mərkəzlərdə işləməyə. Bir çox həkimlər xəstələrdən pul ala bilmədiklərinə görə icbari tibbi sığortanın tətbiqindən narazıdırlar. Kiminsə savadına uyğun artıq pul qazanmasının əleyhinə deyilik, təbii ki. Əleyhinə olduğumuz məqam başımızın aldadılmasıdır. "Peyvənd könüllüdür, peyvənd olunun bu bəlanın sonu gəlsin" dedilər, sonra peyvənd oldun-olmadın fərqi yoxdur, yenidən qapadılma ola bilər siqnallarını aldıq.İndi bu karantin davam etdikcə sığortamız da düşəcəkmi arxa plana? Niyə bu məsələni də pensiya kimi əlçatmaz görürük? Belə çıxır ki, icbari tibbi sığorta sağlamlığımıza fayda vermək əvəzinə cibimizə girməklə məşğuldur? Can vergisi veririk?

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »