Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sayğac dəyişikliyi vətəndaşın "cibini kəsməkdən" başqa nə işə yarayır...
Sayğac dəyişikliyi vətəndaşın "cibini kəsməkdən" başqa nə işə yarayır...

Nəriman Nərimanov rayonu Şahin Mustafayev küçəsi 27, 159 saylı mənzilin sahibi Əbülfət Şirinov Bizimyol.info saytına müraciət edərək, “Azəriqaz” İB -dən şikayətini dilə gətirib. O, bildirib ki, qeyd olunan ünvanda uzun müddət bacısının ailəsi yaşayıb.

“Füzulinin işğalından sonra mən evi bacımgilə yaşamaq üçün verdim. 2011-ci ildə qaz idarəsindən gəlib, sayğac qoyulan zaman sayğacı bacımın yoldaşı Nəcəfquliyev Məsud Polad oğlunun adına qeydiyyata salıblar. Hazırda bacımın yoldaşı köçüb, rayonda yaşayırlar. 2020-ci ildə smart sayğacı çıxarıb, mexaniki sayğacla əvəz etdilər. Sayğac dəyişdirilən zaman bizə 834 manat 90 qəpik borc yazıldı. Deyilənə görə, həmin məbləğ 2016-cı ildə yığılıb qalıb”.

Bundan sonra Ə. Şirinov aidiyyatı qurumlara müraciət edərək, borcun hansı səbəblə yazıldığını öyrənməyə çalışıb. Ancaq müraciətləri nəticəsiz qalıb. Ona bildirilib ki, bu məbləğin silinməsi üçün məhkəməyə müraciət etməlidir:

“Mən “Azəriqaz” İB-də İbrahim Kərbalayevin qəbulunda oldum. Ona problemimi danışdım. Bildirdim ki, həmin dövrdə ünvanda smart sayğac olub və əlavə qaz çəkilməyib. Borcun hansı səbəblə yazıldığını öyrənməyə çalışdım. O, mənə bildirdi ki, borc səhvən yazılıb. Və məhkəməyə müraciət etməyimizi məsləhət gördü. 834 manat az məbləğ deyil. Təbii ki, məhkəməyə müraciət edəcəyik”.

Hazırda Ə.Şirinov ona səhvən yazılmış borcun silinməsi üçün məhkəməyə müraciət etməyə hazırlaşır. O hesab edir ki, məhkəmə yolu ilə borcun səhvən yazıldığını sübut edə biləcək. Məhkəmə prosesləri isə qısamüddətli proseslər deyil. Aidiyyatı qurumun əməkdaşlarının kiçik bir səhvi vətəndaşı süründürməçiliyə salıb. Bu gün yəqin ki, Ə.Şirinov kimi yüzlərlə abonent var. Ancaq onların hamısı heç də Şirinov kimi sonuna qədər mübarizə aparmağı düşünmür. Beləcə səhvən yazılmış borclar vətəndaşın cibindən qanunsuz olaraq çıxarılaraq “Azəriqaz” İB-in büdcəsinə axır.

sayğac

Məsələ ilə bağlı “Azəriqaz” İB-in mətbuat katibi Ceyhun Səfərova müraciət etsək də müraciətimizə hələ cavab almamışıq.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »