Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəyalımızın paytaxtına səyahət
Bakı, Azərbaycan, Xəzər sahili

Bu aralar hamı gileylənir; qiymətlərdən, nəqliyyatdan, ...istidən. Çoxları da deyir: “Orta Asiyanın qurtaracağında, səhrada paytaxt olar?! Əksər adamlar da ölkənin dörd bir yanından Bakıya axışıb oturublar və: “Bakı yaşamalı yer deyil” deyirlər. Sonuculara yazıçı Şərif Ağayar yaxşı bir cavab yazmışdı da. Mövzu o deyil.

Və bəlkə də mövzu elə həm də odur. İnsanlar Bakıda doğulub, böyüyüb. Yaxud rayondan gəlib yerləşib. Təhsil alıb. Mənzil alıb. Evlənib – xoşbəxt olub, ayrılıb - bədbəxt olub (və ya əksinə). Maşın alıb. Çin dili öyrənib. Restoran açıb. Dost tapıb, düşmən qazanıb. Pul toplayıb, pul xərcləyib və sair və ilaxır. Bir sözlə, burda yaşayıb. Və yaşamaqda davam edir. Ancaq istisinə-tüstüsünə davam gətirməyəndə deyir: “Bakı yaşamalı yer deyil”. Hər birimiz bu sözü ən azı bir dəfə işlətmişik. Və sanki nə zamansa neft iyinə gəlmişik, görmüşük ki... adam dağlanır.

Birisi bu yaxında mediaya çıxıb dedi ki, paytaxtı Kürdəmirə köçürmək lazımdır. Adam o qədər ciddiyyətsiz və ictimai sevimsizdir ki... Adını çəkmədik. Bəlkə də Bakının da bu aralar havasına görə Kürdəmirlə “yarışdığına” eyham vurub. Elədirsə, buna deyəcəyik: “Dəlidən doğru xəbər”...

Əlbəttə, Bakının da hər bir meqapolis kimi zəif tərəfləri var; hər gözəlin bir (indi bir neçə) eybi var. Bir “eyb”ini tez-tez deyirlər: bu boyda paytaxt olar?! Paytaxtda bu qədər əhali olar?! Və sair. Hərçənd 127 milyon nəfərə yaxın əhalisi olan Yaponiyanın paytaxtı Tokioda 34,5 milyon (!) adam var. Elə Azərbaycan, Bakı kimi. Hər dörd nəfərdən biri paytaxtdadır (bizdə də aşağı-yuxarı bu həddədir).

Bəli, dünyanın ən böyük paytaxtı Tokiodur. Paytaxtın balaca olması yaxşıdır, ya böyük? Bu mübahisə də var. Mən bir az internetdə gəzişdim; Amerika Birləşmiş Ştatlarının paytaxtının - əhalisinə görə  ikinci ən böyük şəhəri olan Nyu-Yorkunkundan 13 dəfə azdır; Vaşinqton ABŞ şəhərlrinin ilk 20-liyində belə yoxdur. Yaxud Türkiyənin ən böyük şəhəri İstanbulda paytaxt Ankaradakından ən azı 3 dəfə çox insan məskunlaşıb. Başqa xeyli misal çəkmək olar.

Doğru düşündünüz; mütləq deyil ki, paytaxt çox böyük olsun, meqapolis olsun; kiçik də ola bilər. Yəni Tokio kimi 34,5 milyonun sığışdığı (daha doğrusu, sıxışdığı) şəhər də ola bilər, Pitkernin administrativ mərkəzi olan Adamstaun kimi çox kiçicik də. Şəhərin adındakı “adam” sözü sizi çaşdırmasın; burda o 49 nəfərlik əhalini saymasaq, heç adam yoxdur. Qərəz, əsas məsələ şəhərin böyük, ya kiçik olması deyil. Paytaxt olub-olmaması da deyil (ona qalsa, heç İsveçrənin paytaxtı yoxdur; ölkə elə ölkənin hər yerindən idarə olunur)

Məsələ yəqin ki, şəhərin (həm də paytaxt şəhərin) harda yerləşməsindədir.

Hə, Bakının şansı var; Xəzərin Qərb sahilindədir (buna görə ikiqat şanslıdır – Şərq sahilində də ola bilərdi). Ancaq dənizində nefti də var (indi buna şansmı deyək, ya şanssızlıqmı? Kim hardan baxırsa artıq). Böyük şəhərin şansı onun bir dəniz, ya göl, yaxud çay sahilində olmasıdır. Hətta çay şəhərin içindən keçirsə, bu da başqa üstünlük (gözəllik). Dneprin üstündəki Kiyev kimi, çayın ikiyə böldüyü Tiflis kimi, Budapeşt, məsələn (Hərçənd Budanı və Peşti birləşdirib Budapeşt edən elə Dunay olub).

Ancaq Bakını bir mənada Kiyevlə, heç Tiflislə də müqayisə etmirik. Bakıdan gileylənənlər Antalya turpaketinə həsrət qalan, Gürcüstana qurudan keçə bilməyən və iyulda Xəzərin sularında neft təbəqəsi və ya kanalizasiya tullantıları ilə yanaşı üzən orta statistik (turistik baxımdan “statik”) Azərbaycanlılardır.

Həmin o adamlar istərdi ki, Şahdağ Qusarda yox, Xırdalanda, Tufandağ, heç olmasa, Mərəzədə, Babadağ da, mümkünsə, ən uzağı, Qobuda olaydı; onda Ağsu aşırımı bizi Sulutəpədə "qarşılayacaqdı". Və Pirquluya Şamaxıda deyil, ...“Şamaxinka”da qalxardıq.

Belə baxanda qınanılası deyil; Bakıdan gərək ən azı 100-120 kilometr gedəsən ki, bir dağa-bağa rast gələsən. Ən yaxında Altıağacdır. O da ki... Yaxındakı ...gözdən uzaq Altıağac.

Yox, biz demirik ki, Bakı da Boliviyanın La Pası kimi dəniz səviyyəsindən 3600 metr hündürdə olsun. Bu, mümkünsüzdür. Sadəcə, kaş ki... İnsanı da anlamaq lazım; təbiətin boz üzünü gördükcə, yaşıla qaçır. İşləməyə paytaxta məhkumdur sanki, dincəlməyə dağlıq əyalətə.

Bundan qabaqkı 3 gündə Bakı-Şamaxı, Bakı-Qusar yollarındakı tətil tıxacları uzunluğuna və işgəncəsinə görə 11 il bundan qabaq avqust ayında Pekin-Tibet avtomagistralındakı məşhur tıxacla yarışa çıxardı; imkan düşən kimi hamı Bakının istisindən rayonların sərininə qaçır. Ən maraqlısı da odur ki, rayon kökənli olmayan Bakı əhli dağ rayonlarının camaatına həsəd aparır, dağ əhli də, əksinə, Bakıdan gələnlərə qibtə duyur. Paytaxt sakinidir axı. Rayon camaatında (hamısında olmasa da) belə fikir var ki, hökumətə (hökumət binasına) nə qədər yaxında yaşayırsansa, o qədər xoşbəxtsən. Daha demirlər ki, hökumətin binasında oturub axırda bədbəxt olanlar nə qədər istəsən.

Paytaxtımı qaldı, canım?! Bax, elə indi bu saat Yardımlıda işıq var, Biləcəridə “göz vurur”...

Məsələ, harda yaşamaq deyil bəlkə də. Necə yaşamaqdır yəqin. Ancaq...

Bakıda neftdolların “yaşıl”ından çox ola bilər, təbii yaşıllıq getdikcə azalır ki artmır. Əkilən ağaclar da qurudu çox yerdə.

Deyirlər, kişi gərək ağac əksin, ev tiksin, oğul böyütsün. Ağac əkdi, kəsdilər. Ev tikdi, qanunsuz deyib sökdülər. Oğul böyütdü, “patı”ya qurşandırdılar...

P.S. 1990-cı ildə paytaxtın Göyçaya köçürülməsi ideyası vardı; Nazirlər Kabinetində bir layihə də hazırlandı. Nazirlərin kabinetlərini dolaşdı, dolaşdı. Axırda da Prezident Aparatında... dolaşdı qaldı. O haqda yazmışdım mən.

Bax, indi paytaxt Göyçay olsaydı, Ucarı Ramana, Ağdaşı Masazır kimi təsəvvürünüzə gətir görək... İsmayıllı, Qəbələ ovcunun içində. Əlini uzatsan, Oğuza çatar, ordan da bir addım atsan, Şəkiyə nə qalır?!

Yəqin elə olsaydı, həm cəmiyyətimizin, həm də təbiətimizin ortasında – xəyalımızın paytaxtında yaşayardıq. Kim bilir, bəlkə o zaman da Bakının xiffətini edərdik...

Bahəddin Həzi Bahəddin Həzi
Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Milli Məclisdə “kədərli” anlar…
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »