Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cənnətə, yaşıl dünyaya 2 günlük səfər təəssüratlarım - Fotolar
Qax və Zaqatala

Keçən dəfə turla səfərə çıxmağımdan, bu səfərin dadının damağımdan getmədiyindən yazmışdım. “Ahey-ahey” qrupunun turlarını, təşkilatçı Vüqar Quliyevi məsləhət də görmüşdüm. Yenə də fikrimdə qalıram. Bir müddətlik aradan sonra yenə Vüqarı aradım, Qurban bayramı günlərimi dəyərləndirmək istədim. Vüqar da sağ olsun Qax və Zaqatalaya 2 günlük səfər olduğunu deyincə heç düşünmədən çantamı topladım.

Yola çıxarkən ömrümün ən gözəl iki gününü yaşayacağımı, yaşıl və sehirli bir dünyaya düşəcəyimi bilmirdim

Qax və Zaqatala Vüqar Quliyev, turizm bələdçisi

35 nəfərlik qrupumuzun olduğu “Mersedes” avtobusu dünyagörmüş sürücü Aydın idarə edir. Çox gözəl insan və peşəkar sürücüdür. Dünyanın az guşəsi tapılar ki, orda olmasın.Çox mehriban, səxavətli,eyni zamanda da yüksək insani keyfiyyətlərə malik olduğunu yolçuluğumuz davam etdikcə öyrənəcəyəm. Süfrə başında Gürcüstanın Bolnisi rayonundan, Kəpənəkçi kəndindən olduğunu deyəcək, öz kəndinin də bir cənnət guşəsi olmasından, İraqa, İrana, Livana, Türkiyəyə, Rusiyaya, ərəb dövlətlərinə turlar aparmasından danışacaq. Maraqlı insandır.Hiss edirsən ki, əməyi ilə yaşayıb, halından da məmnundur. Deyir dünyanın ən yaxşı sənəti sürücülükdür. “Dünyanı gəzirəm, kimdənsə əmr almıram. Bir ara uzun yollara yük də daşımışam. Turist daşımaq üçün də iki avtobusum var. Yorulmadan işləyirəm, yollara həvəslə çıxıram. 5 saat yatmaq mənə bəs edir. Hər şeydən, hər yerdən xəbərdaram. Biz sürücülərə nahaq yerə 73-cü millət demirlər”,- deyib gülümsünür. Yolun həmişə açıq olsun, Aydın qardaş. Ayrılarkən bizi Kəpənəkçi kəndinə dəvət edir.

Tur rəhbərimiz Vüqar Quliyev də dünyanı çox gəzib dolaşmış, təcrübəli biridir, insan sərrafıdır. Deyir problemli turisti anında tanıyıram, amma nə edim, işim hamıyla yola getməyi, müştərini məmnun yola salmağı vacib edir. “Mənim üçün ən vacibi bütün səyyahlarımı sağ salamat aparıb, geri gətirməkdir”.Yol boyu özü yorulsa da gülüb danışmağından, çalıb oynamağından qalmır. Lazım gələndə samovar çayı da dəmləyir, xidmət də göstərir. Getdiyi zonanı addım – addım tanıdığı üçün hər kəsə hara getmək üçün ən yaxşı məsləhəti də özü verir. Yorulmadan hər kəslə ayrı- ayrı maraqlanır.Bir sözlə turla yola çıxacaqsınızsa özünüzü güvəndə hiss etmək üçün Vüqar Quliyevi yoldaş seçin. Peşman olmazsınız.

Qax və Zaqatala

Turlarda adətən qadınlar üstünlük təşkil edir. Tək- tək kişilər olsa da onlar da ailələri ilə gələnlər olur. Bütün yaş qruplarında səyyahlar var, 18 yaşdan 70 yaşa qədər.Əsas odur tur rəhbəri hamı arasında harmoniya yarada bilsin, qrupda kimsə kimsədən narazı qalmasın. Turla səyahətin üstünlükləri – qənaətlidir, bir səfər zamanı getdiyin bölgənin ən gəzməli-görməli məkanlarına ayaq basmış olursan, həm də birinə deyil, bir neçəsinə, proqramla hərəkət edildiyi üçün bu səni yormur, xoş təəssürat bağışlayır. Yeni tanışlar, dostlar qazanırsan, getdiyin rayonda bir nöqtədən, digər nöqtəyə hərəkət etmək üçün dağda-daşda əlavə taksi, avtomobil axtarmırsan. İndi isə sizi özümlə bərabər yaşıl cənnətə virtual səyahətə dəvət edirəm.

Qax və Zaqatala

Qaxın cənnət kimi gözəl olduğunu eşitmişdim, şəkillərdə görmüşdüm. Amma sizi inandırım ki, şəkillər real gözəlliyin onda birini belə təsvir etmir. Yaşıl meşələrin, dağların arasından keçən yolda ilk dayandığımız məntəqə qədim alban kilsəsi olur.

Kürmük məbədi ziyarətçilərin etnik və dini rəngarəngliyi ilə seçilir. Bura müsəlmanlar, xristianlar, zərdüştilər, ateistlər də gəlir.Məbəd xristianlığın qəbulundan çox öncə tikilib və deyilənə görə pncə Aya prəstiş edənlərin Ay məbədi olub.Bir dəfə məbəddə 3 min illik tarixə malik bir maket tapılıb və maket həmin bu kilsənin maketi imiş. Sonra sirli bir şəkildə yoxa çıxıb. Qaxdan. Gürcüstandan. ətraf rayonlardan bura çoxlu saylı ziyarətçi axır. Gürcülər, avarlar, ingiloylar, saxurlar, laklar,qısası bütün etnoslar bu məbəddə şam yandırıb dilək tutur.Mayın 6-da və noyabrın 23-də gürcülər buraya piyada dini ibadət üçün axın edirlər.

Qax və Zaqatala

Deyilənə görə hətta gürcülər bu ziyarətgaha piyada gəlirlər.Məbədə gedən yol dik olsa da nə sirdirsə insan heç yorulmur, qaranəfəs olmadan rahatca çıxırsan geniş cığırla üzüyuxarı. Cığırın bir tərəfi dağ, digər tərəfi yarğandır. Zirvədə yerləşən məbədə çatanda bütün Qax ovcunun içindəymiş kimi görünür.Gözəl bir enerji alırsan ilahinin məbədində. Hərə bildiyi kimi, öz tanrısına dua edir.Məbəd böyük deyil.Qapıdan içəri girincə nə zamansa bişmiş qırmızı kərpicdən tikilmiş qalın divarları, başının üzərindəki uca qübbəni görürsən. İçəriyə demək olar ki əl vurulmayıb, tarixin qorunub saxlanması üçün məbədin pəncərələrini örtən qədim taxta qapıları da, keçişlərin təklikdə çəkilib dua etdikləri 1 kvadratmetrlik hücrələri də olduğu kimi qorunub. Yalnızca şam yandırmaq üçün qoyulmuş dəmir şamdanlar yeni görünür. Bir də məbədin qülləsindəki xaçın sonradan əlavə edildiyini öyrənirik.Bu gözəl enerji ilə məbədi tərk edib üz tuturuq Mamırlı şəlaləyə.

Qax və Zaqatala

Mamırlı şəlalə Qaxın Ləkit kəndi ərazində yerləşir. Dağların qoynunda olan bu yaşıl gəlinə qovuşmaq üçün öncə avtobusdan düşüb kəndin mərkəzində toplanmış 2 manatlıq taksilərə minməlisən. Taksilərlə kəndin narahat, dolambaclı , dar yolları ilə 3-4 km getdikdən sonra meşədə taksidən düşüb təxminən bir kilometr də piyada üzüyuxarı qalxmalısan. Gedə - gedə bu qədər zəhmətə dəyərmi deyib deyinməyə başlamışdım ki, qarşımda açılan mənzərənin gözəlliyindən lal oldum. Yaşıl mamırla örtülmüş qayanın üzərindən süzülən çay füsunkar bir gözəllikdə şəlalə yaradıb. Ətraf o qədər sıx meşəlik və yaşıllıqdır ki, temperatur kənddəkindən kəskin fərqlənir. Sərindir, çox sərin, bulaqları bal kimi dadlı, üstəlik gün düşmür deyə günün hansı saatında olduğunu belə unudursan. Şəxsən mənim üçün bu gün o qədər uzun görünür ki sanki bir gündə bir neçə fəsil, bir neçə gün yaşamışam. Amma əsla yorğun deyiləm. Yerli cammat şəlalənin ətrafında öz bildikləri qaydada stol qoyub çay satır. Qaxın camaatı çox mehribandır, qonaq sevəndir.

Qax və Zaqatala

Qədimi “Volqası” ilə bizi bu şəlaləyə gətirən Mehdi dayı kimi. Onun haqqında ayrıca danışacam. 60-cı illərdən qalmış bu ağ, möhkəm avtomobili ona oğlu hədiyyə edib. Antikvar avtomobilə sevgisini bildiyi üçün. O da kənd yollarında aşağı yuxarı sürür. Deyir canı bərkdir bu maşının, o biri avtomobillərə bənzəmər, dözər. Mehdi dayı gündə bulağa ən az 5 dəfə səfər edir. Hər dəfəsində gediş gəliş üçün 10 manatdan günə 30-50 manat qazanır. Mövsümi iş olsa da “Min bərəkət deyir”. Kəndin mərkəzində yerləşən , qımızı zanbaq rəsmləri ilə bzənmiş gülli-çiçəkli darvazanı göstərib”Bizim qapıdır, nə zaman gəlsəniz qonağım olun” deyir. Mehdi dayıdan öyrənirik ki, Ləkit kəndində bir gecəlik qonaqlama kirəsi 30 manatdır. Aylıq 100-150 manata ev tutmaq olar. Ev sahibləri evlərini əşyaları ilə birlikdə kirayə verib, qonaqların qayğısına da qalırlar. Məni eşidəcək olsanız mütləq Qaxa gedin. Mamırlı şəlaləni görməmisinizsə heç nə görməmisiniz deyirəm, səfərinizi tam edib, bu yaşıl dünyay baş çəkin. Özünüzə qayğılarla dolu ömrünüzdən bir gün oğurlayıb, səyahət imkanı verin. Və bu ünvan mütləq Qax olsun.

(ardı var...)

İlhamə Rəsulova, Bizimyol.info

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Dünyanı qorxudan 8.2 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› İtaliyada yumruq böyüklüyündə dolu yağdı: Şəhəri cəhənnəmə çevirdi - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »