Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bütün Qafqazın Şeyxindən maraqlı Qarabağ açıqlamaları
Allahşükür Paşazadə və Ocaqnejad Şuşada

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə bu gün bayram namazından sonra çıxışında 44 günlük müharibə, Qarabağda rayonların azad olunması haqqında bir neçə anlaşılmaz fikir işlədib. Bu fikirlərdən biri budur:

"Biz inanırıq ki, dövlətimiz və xalqımız torpaqlarımızı bərpa edəcək. Çünki orada bizim şəhidlərimizin ruhu, qanı var".

Burada aydın olmur ki, ərazi bütövlüyünün, sərhədlərin bərpasından söhbət gedir, ya dağıdılmış kəndlərin, şəhərlərin bərpasından. Əgər birincisidirsə, bu, Şeyxin Qarabağdakı qələbə haqda dedikləri ilə uzlaşmır.

Və nəhayət. "Mus-mus"dan sonra axır ki, Mustafa da gəldi:

Allahşükür Paşazadə deyib ki, qələbəyə nail olmaqda Türkiyənin və İranın böyük zəhməti olub: "Bu gün qonşularımız, arxamız bərk olmasaydı, qələbəmiz bəlkə də ola bilməzdi". O, Türkiyə Prezidenti Ərdoğanın adını çəkib, dərhal keçib İranın Ali Dini Liderinə və deyib ki, Ayətullah Xameneyi cənablarının fətvası "qələbəyə gətirib çıxardı".

Türkiyənin qələbədə zəhməti, əslində, danılmazdır; müharibədən əvvəl Türkiyə və Azərbaycan ordularının birgə təlimləri, müharibə dövründə və ondan sonra Türkiyənin rolu haqqında istər Qərbdən, istər Rusiyadan, istər İranın özündən səslənən narahat, narazı bəyanatlar da bu zəhmətdən xəbər verir. Prezident Ərdoğanın Bakıda keçirilən qələbə paradında çıxışının və dediyi şeirin doğruduğu rezonans da var ortada. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin "Laçın" şeirinin Ərdoğanın dilindən paradda səslənməsinə ağrılı reaksiyası da məlumdur. Eyni zamanda Zəngəzur nəqliyyat dəhlizi haqda Azərbaycanın və Türkiyənin ilk bəyanatlarına İran tərəfdən: "Zəngəzur bizim qırmızı xəttimizdir" cavabı gəlmişdi. Bu da var. Ən nəhayət, Ermənistanın mövqeyinə, Ermənistan rəsmilərinin açıqlamalarına, mediasına, sosial şəbəkələrin erməni seqmentinə baxmaq və o dövrü təhlil etmək çətin deyil. Ermənistanda hər bir siyasətçi, hər bir media orqanı, sosial şəbəkələrin erməni seqmenti Türkiyəni Azərbaycana dəstək verməkdə, hətta Suriyadan terrorçuları gətirməkdə ittiham edirdi. Eyni iddialarla Rusiyanın, Fransanın və sair mediası və siyasiləri də çıxış edirdi. Hər yerdə Türkiyənin Azərbaycana dəstəyindən danışılırdı. Ermənistanda İranın Azərbaycana müharibə zamanı hər hansı yardımını qınayan yazılara, çıxışlara kimsə rast gəlibsə, yazsın. Şeyx bu haqda danışanda deyir ki, elə məsələlər var, açıqlanmır, deyilmir. Bu da maraqlı sualdır ki, niyə açıqlanmır?! İranın Ermənistanla münasibətləri pozularmı deyə açıqlanmır?! Yoxsa başqa səbəblər var?! Sual çoxdur. Əgər izləyicilərimizdə İranın 44 günlük müharibədə Azərbaycana dəstəyini ifadə edən, təsdiqləyən materiallar, görüntülər varsa, xahiş edirik, bizə təqdim etsinlər. Məmnuniyyətlə, dərc edərik.

P.S. Bu arada Təzəpir Məscidindəki bayram namazında İranın Ali Dini liderinin xüsusi nümayəndəsi Höccətülislam Ocaqnejadla yanaşı, İranın Azərbaycan Respublikasındakı səfiri də iştirak edib. Başqa müsəlman dövlətlərinin, o cümlədən, Türkiyənin səfiri orada yox idi.

Bizimyol.info

Paylaş »
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› “Ermənistan yeni itkilərini gözə almalıdır”
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda zəlzələ olub
››› Saxta peyvənd sertifikatlarının qarşısı niyə alınmır...
Son xəbərlər
Bütün xəbərlər »