Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Həmin qəlpələr 2 qardaşımızı şəhid etdi"
Qazi baş leytenant Yusif Vüsal oğlu Abdullayev

30 ildən çoxdur ki, düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Minlərlə oğulun qanı bahasına torpaqlarımız geri alındı. Minlərlə oğullarımızın canı bahasına Azərbaycan qələbə çaldı. Və indi heç kim şəhidlərimizi, qazilərimizi unutmur. Çünki hər an onları xatırlamaq bizim mənəvi borcumuzdur.

Qazi baş leytenant Yusif Vüsal oğlu Abdullayev 1996-cı il, aprelin 20-də Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində anadan olub. Bizimyol.info qazimizlə həmsöhbət olub. O, İkinci Qarabağ Müharibəsində yaşadıqlarından, həyatından danışıb.

“Müəllimlərim Mübariz İbrahimovun etdiyi qəhrəmanlıqlardan hər gün danışırdı. Bu mənim ürəyimdə qürur hissi yaradırdı. Beləcə həyatımı hərbiyə həsr etməyə qərar verdim. 2011-ci ildə sənədlərimi Naxçıvanski adına hərbi liseyə təqdim etdim və qəbul olundum”- deyə Yusif danışır.

Liseyi bitirdikdən sonra Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan Yusif 2018-ci ildə leytnant rütbəsi alır. Bundan sonra Silahlı Qüvvələrin N saylı hərbi hissəsində zabit kimi xidmətini davam etdirir.

İkinci Qarabağ müharibəsi zamanı Yusif bir sıra təlimlərdə iştirak edir. Sentyabrın 27-də başlanan Vətən müharibəsində Füzulidən başlayaraq, Şuşaya kimi döyüş yolu keçən Yusif müharibənin bitməsinə saatlar qalmış, noyabrın 8-də başından yaralanır. Vəziyyəti ağır olsa da, həkimlərin səyi nəticəsində həyata tutunur. Hazırda qazimizin beyninin dərinliyində çıxarılması mümkün olmayan qəlpə qalıb.

“Noyabrın 8-i idi. Dörd nəfər Şuşa istiqamətində hərəkət edirdik. Düşmən tərəfindən atılan tank mərmisi qarşımızda olan qaya parçasına dəydi. Qaya ilə birlikdə qəlpələr ətrafa yayıldı. Həmin qəlpələr 2 qardaşımızı şəhid etdi. Məndən başqa da bir qardaşımzı yaralandı. Mənim isə başımdan dəydi. Kəllə sümüyünü qırıb beynimə girən o qəlpə məni bir neçə dəqiqəlik o biri dünyaya apardı. Özümü o biri dünyada cənnətdə hiss etdim. Fikirləşirdim ki, az qalıb şəhid qardaşlarımın yanına çatıram. Ora gedəndə heç kim məni yolda saxlamırdı. Mələklər belə səni yolda saxlayıb nəsə soruşmur. Amma son anlarda gözəl Allahım buyurdu ki, “sən yaşamalısan, sağ qaldın”. İndi şükür Allaha yarımcan olsam da yaşayıram. İnsanı idarə edən orqan baş-beyindən yaralansam da, özümü idarə edə bilirəm. Ağlım, yaddaşım, görmə və eşitmə qabiliyyətim şükür olsun yerindədir”- deyən qazimiz bu gün də Ali Başkomandanın əmrlərinə hazır olduğunu deyir.

Qazi Yusif Abdullayev, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilir. Bundan sonra isə baş leytenant hərbi rütbəsi alır.

Müharibədən 8 aydan çox zaman keçsə də, Yusif Abdullayev KİV-lərin yadına düşməyib. Elə yaralı qazimizi də narahat edən məsələlərdən biri budur. O da, digər qazilər kimi televiziya proqramlarında iştirak etmək istəyir. Bunu dilinə gətirməsə də, onunla söhbətimizdə hiss etdim ki, ürəyi doludur. Çünki bu günə kimi heç bir media qurumu Yusifi yada salmayıb. Bir tərəfdən keçirdiyi ağır günlər, aldığı yaralar, digər tərəfdən isə mətbuatın ona laqeyidliyi... Əziz həmkarlar, Neftçalanın Yuxarı Qaraman kəndində sağlamlığını torpaqlarımızın işğaldan azad edilməsi uğrunda itirmiş, başından ağır qəlpə yarası almış və gözü yolda olan bir qazimiz var. Qazi baş leytenant Yusif Abdullayevi yada salın, xatırlayın, ona bu xalqın hər bir nümayəndəsi kimi borclu olduğunuzu unutmayın.

İlahin, Bizimyol.info

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »