Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Oxuyanda nəğməmi, xatırlayarsan məni" - Heç unutmadıq ki...
Məmmədbağır Bazğırzadə

"Arzular çox ömür az, mən olmayanda bir yaz,

Oxuyanda nəğməmi, xatırlayarsan məni..."

Hələ sağlığında unudulmamaq üçün deyirdi, “xatırlayarsan məni”. Bir gün gələn, bir gün gedir. Bu həyatın yazılmamış qanunudur. Kimi uzun illər yaşayıb, iz qoymadan dünyadan köçür, kimi isə qısa ömrünə əsrləri sığdıra bilir.

Bu gün Azərbaycanın xalq artisti, bəstəkar-müğənni Məmmədbağır Bağırzadənin doğum günüdür. O, 1950-ci il iyul ayının 21-də Bakının Nardaran kəndində dünyaya gəlib. Uşaqlıqdan musiqiyə, ifaçılığa marağı olan gənc Məmmədbağır hərbi xidməti başa vurandan sonra el şənliklərinə, toylara getməyə başlayır. 20 yaşlı Məmmədbağır bütün səsi, ifası ilə hamının sevimlisinə çevrilmişdi. Bir müddət sonra Əlibaba Məmmədov, onu “Humayun” ansamblına dəvət edir. Beləcə istedadlı gəncin yaradıcılığı Azərbaycana yayılmağa başlayır. Onun ifaları dillər əzbəri olur.

Məmmədbağır Bazğırzadə Məmmədbağır Bazğırzadə

Oğlu Rahim danışır ki, M.Bağırzadə Asəf Zeynallı adına musiqi kollecində Xan Şuşinski sinifində və muğam kafedrasında, həmçinin 3 saylı musiqi məktəbinin muğam sinifində müəllim idi. Bununla yanaşı, sənətkar Azərbaycan Dövlət Televiziya və Radiosunun 1976-2005-ci ilə qədər solisti olub. 2002-ci ildə Heydər Əliyevin şəxsən təqdimatı ilə xalq artisti adına layiq görülüb:

“Atamın xəstəliyi ağır idi. Mədəaltı vəzin xərçəngi idi. Çoxsaylı şişlər şah damarın üzərində olduğu üçün müalicəsi yox idi. Özü əməliyyata girməmişdən öncə atasına, bacılarına vəsiyyət etmişdi ki, əməliyyatdan sağ çıxmasa, onu Nardaran qəbirstanlığında anasının ayağı altında dəfn edilsin. O vəsiyyətdən dönmək olmazdı. Biz atamızın dünyadan tez köçməsinə çox kədərlənirik. Ancaq insan dünyasını dəyişsə belə xatırlandıqca həmişə yaşar olur”.

Rahim Bağırzadə Rahim Bağırzadə

Qonşuları danışır ki, Məmmədbağır sakit təbiətli, gülərüzlü, xeyirxah bir gənc olub. İnsanlara yardım etmək üçün əlindən gələni əsirgəməyib:

“Yadıma gəlir, əlində diktafonu var idi. Bəzən saatlarla həyətdə oturub, ifa edər, nəsə yazardı. Biz o zaman uşaq idik. Məmmədbağır isə, tanınmış müğənni idi. Nardaran gəncləri ağırtəbiətli olur. O da elə idi. Səhərlər onun mahnıları, ifası ilə durardıq yuxudan. Amma yorulmazdıq səsindən. Ailəsinə, anasına bağlı insan idi. Anası onu “Bağır” deyə səsləyərdi..."

Məmmədbağır Bağırzadənin həyatında Ələkbər Tağıyevin də böyük rolu olub. Ə.Tağıyev onun televiziyaya çıxmasında, tanınmasında böyük rol oynayıb. O, Əlağa Vahid, Mədinə Gülgün, Fikrət Qoca və digər şairlərin yaradıcılığından bəhrələnərək, mahnılar ifa edib. Məmmədbağır Bağırzadə əsl xanəndə idi, ifa etdiyi mahnıların hamısı sevilirdi. “Axşamlar”, “Səni unuda bilmirəm”, “Olmaz, olmaz”, “ Belə qəmli dayanma”, “Xatirələr”, “ Ayrılıq olmayaydı” və s. bu kimi ifaları ilə bütün Azərbaycanın sevimlisinə çevrilmiş Məmmədbağır Bağırzadə yaşasaydı bu gün 71 yaşı olacaqdı.

Sakittəbiətli, qapalı xarakterə malik olan xanəndə xəstəliyini də bir müddət gizli saxlayır. Xəstəliyi ağırlaşanda isə müalicə artıq faydasını vermir. 2005-ci ilin oktyabr ayında dünyasını dəyişir. Və bu dünya bir səs, bir nəfəs, bir istedad itirir. Ailəsi onu Nardaran qəbirstanlığında dəfn edir.

Bu gün həyatda olmasa da, mahnıları sevə-sevə dinlənilir. M.Bağırzadə dünyasını dəyişdikdən sonra xatirəsi əbədiləşdirilir və anadan olduğu Nardaran kəndində küçələrdən birinə onun adı verilir.

Xanəndə haqqında bu günə qədər 7 sənədli film çəkilib. Dövlət səviyyəsində Heydər Əliyev Fondu tərəfindən çap edilmiş 4 musiqi ensiklopediyasında haqqında qeyd edilib. Fonetekamızın qızıl fondunda iki “Rast və Zabul” muğamları yer alıb. M.Bağırzadə dünyasını dəyişdikdən sonra haqqında “Doymadım bu dünyadan” və “Azərbaycan oğluyam” adlı iki kitab işıq üzü görüb. Bu gün onun mahnıları digər müğənnilər, xanəndələr tərəfindən ifa edilir. “Xatırlayarsan məni” adlı mahnısı xalq mahnısı hamı tərəfindən sevilir və ifa edilir. Xanəndənin mahnıları təkcə Azərbaycan deyil, Türkiyə sənətçiləri tərəfindən də səsləndirilir. Nəşə Karaböcək, Müşərrəf Akay, Zara, İzzət Altunmeşə kimi müğənnilər onun mahnılarını ifa edir.

Xanəndə, Vahidin “görüşərsən” qəzəlini xüsusi zövqlə ifa edib:

"Bir salmadın öz aşiqini yadına zalim,

Bir başqası ilə gedib hər gün görüşərsən.

Rəhm eyləmədin Vahidə zalim dirilikdə,

Öldükdə məzarı ilə gedərsən görüşərsən...."

Ölümündən 16 il keçməsinə baxmayaraq, istedadlı xanəndə bu gün də xatırlanır. Həyatda onu görə bilməyənlər belə Nardaran qəbirstanlığına gəlib, məzarı üzərinə gül qoyur. Xalq sənətkarını unutmur!

İlahin, Bizimyol.info

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »