Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gizli “casus proqramı” və ya casusların gizli proqramı
Haker, internet təhlükəsizliyi

Artıq mübahisəsizdir ki, yeni texnolgiyalar bəşəriyyətə təkcə yeni rifah deyil, yeni problemlər də gətirə bilir; insansız uçan aparatlarla – dronlarla pizza da daşınır, bomba da. Bu, yəqin həmişə belə olub; məşhur Alfred Nobel də partlayıcını dağ-mədən işləri üçün icad eləmişdi. Sonra onunla insanlar dünyanı dağıtdılar. Rəqəmsal inkişafın da belə zəhərli meyvələri var; İT bumu bizə proqressiv təhsil proqramları da verir, amansız “casus proqramları” da.

Bu “casus proqramaları” günümüzün gündəmidir; İsrail şirkətinin “Pegasus” adlanan “NSO” proqramından söhbət gedir. Dünyanın bir sıra aparıcı media orqanları bu haqda yazırlar. Eləcə də, onlardan bəzilərinin yaxından əməkdaşlıq etdikləri – araşdırmaçı jurnalistlərin beynəlxalq şəbəkəsi – Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Layihəsi (MCKL) bu haqda jurnalist araşdırması apardığını elan edib. Bu araşdırmanın tam olmayan ilkin versiyası artıq açıqlanıb və orda deyilir ki, yuxarıda adı çəkilən proqramları Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Hindistan, Macarıstan, Ruanda, Azərbaycan, Meksika və Mərakeş kimi dövlətlər alıb istifadə edir. Maraqlıdır ki, bu qədər dövlətin adı çəkilib. Ancaq nədənsə yalnız Azərbaycandan telefon danışıqları və yazışmaları izləndiyi iddia edilən şəxslərin adları açıqlanıb, onlardan hər biri haqqında əlavə məlumat xarakterli arayışlar da verilib. Bu birinci maraqlı nüansdır. İkincisi, bu qədər ölkələrin heç birinin vətəndaşlarına deyil, məhz Azərbaycandan olan ictimai fəallara, jurnalistlərə fərdi məktublar göndərilib və onlardan bu məsələyə öz şərhlərini vermələri istənilib. Bundan başqa, Azərbaycanla bağlı hissədə daha çox subyektiv mülahizələr üzərindən ittihamlar irəli sürülür. Və: “İnanırıq ki belə ola bilər”, “düşünürük ki, belə olub” formasında təqdimat edilir, həmin mülahizələr fakt kimi irəli sürülür. Azərbaycan xüsusi xidmət orqanları isə yerli mediaya deyiblər ki, bu iddialar yanlışdır. Bildirilib ki, onların əməliyyat işi çərçivəsində dinlədiyi insanlar var, ancaq MCKL-in açıqladığı siyahıdakı adamlar o dairəyə daxil deyil.

Məlum siyahıda hakimiyyətə çox yaxın, hətta bağlı adamların dinlənilmiş, izlənilmiş olması haqda mülahizə də mediada çox təhlil olunur; “Dövlətin ona bağlı olan adamları izləməyə xüsusi olaraq nə ehtiyacı var?!” kimi ritorik sual da verilir. Hökumətin tənqidçilərinin fikrincə, bu, həmin şəxslərin sədaqətini yoxlamağa hesablanmış bir iş olub. Buna qarşılıq olaraq da: “Hər kəsin mövqeyini onun konkret əməlləri ilə ölçmək kifaəyətdir” deyə bir yanaşma ortaya qoyulur. Eyni zamanda bu proqramdan istifadənin, əldə olunan məlumatların təhlilinin heç də ucuz bir iş olmadığı da önə sürülür.

Bundan başqa ölkə xaricində olan jurnalistlərin, fəalların izlənməsinə dair iddialara iki formada suallı cavab var: əvvəla, Azərbaycan hökumətinə müxalif mövqedə olanların və xarici ölkələrdə yaşayanların onsuz da öz fikirlərini və tənqidlərini açıq ifadə etmək üçün çox platformaları var. Və bunu açıq ifadə də edirlər. Yəni mediadan, sosial şəbəkələr üzərindən açıq-aşkar - heç bir məhdudiyyət olmadan yayılan fikirləri bir də gizlicə telefondan izləməyə nə lüzum var?!

İkincisi, qeyd olunur ki, Azərbaycan bu qədər mürəkkəb coğrafiyada yerləşən bir dövlət olaraq belə proqramdan xarici təhlükələrə qarşı istifadə edərdi, nəinki hansısa mühacir blogeri izləmək üçün. Və belə bir arqument də var ki, əgər bu proqram Azərbaycanda vardısa, təbii ki, Ermənistanla münaqişə və müharibə dövründə yerli xüsusi xidmətlər bundan Ermənistanın rəsmi, hərbi, ictimai şəxslərini izləmək üçün ilk növbədə istifadə etmiş olardılar. O zaman MCKL-in yaydığı o siyahıda Azərbaycan tərəfinin dinləmiş olduğu şəxslərin də adları çəkilərdi. Bu da yoxdur.

Daha maraqlısı var: özünün və özgənin vətəndaşlarını, jurnalistlərini, siyasətçilərini, hətta dövlət və hökumət başçılarını dinləyən kəşfiyyatlar daha çox Qərbdən çıxıb. Elə təkcə Edvard Snoudenin Amerika Mərkəzi Kəşfiyyat İdarəsindən oğurlayaraq yaydığı sənədlərdən görünürdü ki, MKİ, Milli Təhlükəsizlik Agentliyi kimi federal Amerika xidmətləri bu cür əməliyyatlarla məşğul olublar. Avropada da, Amerikada da müxtəlif siyasi və hüquqi səviyyələrdə - parlament komitələrində, məhkəmələrində və sair vətəndaşların telefon danışıqlarının və yazışmalarının gizli olaraq və kütləvi şəkildə izlənməsi dəfələrlə müzakirəyə çıxarılıb. Buna dair xeyli misallar gətirmək olar. Ancaq qəribədir ki, bu ölkələrdəki anoloji hallara görə dövlət və ya hökumət rəsmilərindən siyasi və ya hüquqi məsuliyyət tələb olunmur. Konkret bu halda da eyni şey baş verib; xeyli ölkənin adı çəkilir, ancaq Azərbaycanla bağlı hissə daha çox incələnir və qabardılır.

Bəli, ortada bir siyahı var. Ancaq bu, iddia formasındadır, fakt kimi yox. Problem budur. Araşdırmaçıların özləri bir yandan hökumətləri ittiham etmək üçün dəlil yetərsizliyini etiraf edirlər, o biri yandan da öz mülahizələrini fakt kimi təqdim etməkdədirlər. Ehtimal olunur ki, Azərbaycan məlum “casus proqramı”nı alıb. Bu ehtimalın davamı olaraq da bu proqramdan müxaliflərə və jurnalistlərə qarşı istifadə olunması versiyası qurulur. Sonra bu versiyanı məzmunla doldurmaq üçün bir siyahı hazırlanır. Və nədənsə, bu, Avropa İttifaqı Şurası Prezidentinin Azərbaycana səfəri ilə eyni vaxta düşür.

Təsadüfdürmü?! Ola bilər. Ancaq təsadüfə az oxşayır; bu məlumatlar Aİ Şurasının Prezidenti Şarl Mişelin səfərin yekunlaşdıqdan və Azərbaycanlı həmkarı İlham Əliyevlə birgə mətbuat konfransında verdiyi bəyanatlardan sonra yayıldı. Şarl Mişelə, “Tərəfdaşlıq etdiyiniz şəxs, öz müxalifətini və jurnalistlərini gizli izlədən adamdır” mesajı verdilər. Görünür, MCKL kimi təşkilatın arxasındakı güclər Şarl Mişeldən daha sərt mövqe və ritorika gözləmişdilər. Yəni ən azı Qarabağla bağlı. Məsələn, Şarl Mişel Bakıda Qarabağdan danışarkən, “Dağlıq Qarabağ” ifadəsini işlətmədi. Yəni gələcək “status” danışıqlarına işarə etmiş olmadı. Bundan başqa, o, “mübahisə” sözünü işlətdi, “münaqişə” ifadəsini işlətmədi. “Münaqişə” ifadəsi beynəlxalq vasitəçilərin müdaxiləsinin zəruriliyinə işarə etmiş olardı. Mübahisəni isə tərəflər öz aralarında danışaraq həll edə bilirlər. Bundan başqa Şarl Mişel Azərbaycanla iqtisadi tərəfdaşlığı daha da genişləndirməkdə və dərinləşdirməkdə maraqlı olduqlarını ifadə etdi. Yəni siyasi mövzularda polemikalara deyil, iqtisadi əməkdaşlığa fokuslandıqlarını anlatmış oldu. Bu, əlbəttə, Azərbaycana qarşı daha sərt mövqe tələb edən dairələri razı salmadı.

Və... Yayılan siyahıda ölkənin çox tanınmış, fəal ictimai xadimlərinin, jurnalistlərinin adları çəkilir; onların hökumətə qarşı hərəkətə keçəcəyi hesablanıb. Qismən də nail olurlar; bəzi fəallar məhkəməyə müraciət etməyə hazırlaşır. Bu faktların və prosesin təhlili onu göstərir ki, MCKL üzərindən edilən həmlənin məqsədi Azərbaycanda eyni vaxtda həm xaricdən (o cümlədən, Şarl Mişelin turnesi çərçivəsində), həm də daxildən (izlənildiyi iddia olunanların qəzəbini formalaşdırıb yönləndirməklə) hökumətə hücum təşkil edib ölkə daxilində ictimai tarazlığı pozmaq olub. Məlum dairələr ən azı bunu test etmiş oldular. Elə həmin məşhur Soros Fondu bu metodologiyanı başqa ölkələrdə daha əvvəl tətbiq edərək bəzilərində nəticə ala bilmişdi. O cümlədən, Ermənistanda. Azərbaycanda da buna cəhd edildi. Ancaq daha əvvəlki kimi bu dəfə də alınmadı. Beləliklə, bu baş verənlərin təhlili gizli “casus proqramı” tematikası üzərindən casusların gizli proqramı haqqında mülahizə yürütməyə əsas verir. Əgər mülahizə fakt gücündədirsə, bizim mülahizəmiz də bir faktdır demək...

Bizimyol.info

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› Canlı yayımda intihar cəhdi - Video
Son xəbərlər
Bütün xəbərlər »