Hazırda Azərbaycanda 100 yeni doğulan qıza 114 oğlan düşür. Bu gün bu problem kimi görünməsə də, gələcəkdə böyük fəsadlarını olacağını heç kim inkar edə bilməz.
Nigar Süleymanova 3 qız anasıdır. Dediyinə görə, 3 dəfə də abort etdirib:
“3 qız övladım var. Bir oğlumun da olmasını arzulayıram. “Oğul düşmən çəpəridir” deyir atalar. Amma qurban olum, Yaradana mənə ancaq qız övladı verir. 3 dəfə də abort etdirmişəm. Həkimlər qız olduğunu deyib. Dünyaya gətirə bilməzdim, çünki sosial vəziyyətimiz bunun üçün uyğun deyildi. Amma bir oğlum olsun istərəm”.
Aysel Quluzadənin isə bir oğul övladı var:
“Övladım gec olub. Ailə həyatı qurduqdan 10 il müddətində övladımız olmadı. Qız və ya oğlan bizim üçün fərq etmirdi. Etmədiyimiz müalicə üsulu qalmamışdı. Uşaq isə olmurdu. Ayrılma qərarı vermişdik. Bir-birimizi bədbəxt etdiyimizi düşünürdük. Və Allah bizə övlad payı verdi. Bu övlad bizi birləşdirdi”.
Psixoloq Zeynəb Eyyubova Bizimyol.info saytına açıqlamasında bildirib ki, Azərbaycanda “hər ananın bir oğlu olmalıdır” şüuraltı fikri formalaşıb:
“Ölkənin bəzi bölgələrində belə bir tendensiya var, əgər bir xanımın 2-3 qızı varsa, onun oğlu olmayana qədər o sonsuz adlandırılır. Bu fikri daha çox təhsilsiz, savadı olmayan kütlə iddia edir. Çünki tibb elmi də sübut edir ki, uşağın qız və ya oğlan olması atadan asılıdır”.
Nə qədər qəribə olsa da, Azərbaycanda oğul övladı olmayan ailələrdə boşanmalar da müşahidə edilir. Mütəxəssisə görə, qız övladını abort edən qadınların 90 faizi öz istəyi ilə etmir. Evdə həyat yoldaşlarının “ayrılmaq” təhdidi, qaynana, qaynatanın söz-söhbətləri qadınları bu addımı atmağa məcbur edir.
“Ailələrin qız uşaqlarını doğulmadan öldürməməsi üçün maarifləndirmə işləri aparılmalıdır. Cəmiyyət maarifləndirilməlidir. Uşağın qız və ya oğlan olmasının atadan asılı olduğu cəmiyyətə izah edilməlidir. Qanunvericilikdə abortla bağlı dəyişikliklər edilməli, bəlkə də müəyyən cəzalar tətbiq edilməlidir”- deyə psixoloq bildirib.
Ginekoloq Xoşqədəm İbrahimova bildirib ki, abort hamiləliyin düşünülmüş şəkildə pozulmasıdır:
“İstənilməyən hamiləliklər zamanı dölü 12 həftəyə qədər xaric etmək mümkündür. Bəzən qadınlar daha gec mərhələdə abort üçün müraciət edir. Bu zaman ginekoloji baxış keçirilir. Xəstənin sağlamlığı və sosial vəziyyəti nəzərə alınaraq, abort həyata keçirilir”.
Həkim qeyd edir ki, heç bir qadın abort üçün gəldiyi zaman məcbur edildiyini dilə gətirmir. Yəni aborta gələn qadınlar bu proseduru normal prosedur kimi qəbul edib, həyata keçirirb gedirlər.
“Azyaşlı pasientlərim olmayıb. Düzdür çalışırıq, pasinetlə elə münasibət quraq ki, o bizə problemini deyə bilsin. Bu günə qədər ailəsi tərəfindən abort məcbur edilən qadın müraciət etməyib. Bəlkə aralarında eləsi olub, amma deməyib”- deyə həkim əlavə edib.
Radioloq Turanə Əliyevanın sözlərinə görə, qadınlar daha çox 3 aydan sonra yəni dölün cinsiyyətinin təyin edilmə mərhələsi zamanı USM-ə maraqlı olur.
“Düzdür, bütün qadınlar oğlan uşağı arzusunda olur. Deməzdim ki, bu kişilərdən qaynaqlanır. Ümumiyyətlə, qadınlar oğlan uşağını daha çox sevir. Abort isə çox zaman bizim verdiyimiz nəticələrdən sonra həyata keçirilir. Çox zaman bundan bizim xəbərimiz olmur. Ancaq abortdan 2 həftə sonra qadınlar yenidən USM müayinəsi edilməlidir ki, daxildə qalıq qalmasını öyrənə bilsin. Daxildə qalıq qalması, qanın zəhərlənməsi ilə nəticələnə bilər”- deyə radioloq əlavə edib.
İlahin, Bizimyol.info