Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan sərhəddə “yeni cəbhə açılması” görüntüsü yaradır
Ermənistan sərhəddə “yeni cəbhə açılması” görüntüsü yaradır

Tərlan Eyvazov: “Son təxribatların məqsədi diqqəti “Zəngəzur dəhlizi” şərtindən yayındırmaq və Azərbaycanı qınaq obyekti etməkdir”

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 16-sı saat 20:40-dan 22:30-dək Basarkeçər rayonunun Yuxarı Şorca kəndi ərazisində yerləşən mövqelərindən fasilələrlə və iyulun 17-si saat 01.00 radələrində Berd rayonunun Mosesqex kəndi istiqamətindən Azərbaycan Ordusunun #Kəlbəcər rayonunun İstisu kəndi və Tovuz rayonunun Ağdam kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

İyulun 17-si saat 08:30-dan isə Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının #Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əlavə olaraq qeyd edək ki, ötən gün erməni mətbuatına müsahibə verən, Azərbaycan ərazisində yaradılmış separatçı rejimin “xarici işlər naziri” David Babayan “yeni cəbhə”nin yaradılmasından söz açıb.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur haqda danışarkən “yeni cəbhə açdığını” və son günlər baş verən atışmaların də buna xidmət etdiyini bildirib: “Azərbaycan artıq Qarabağ məsələsini bitmiş hesab edir, Zəngəzurda “yeni cəbhə” yaratmağa çalışır.

Yeni cəbhə doğrudan da yaranırmı? Əgər proseslər həqiqətən də ona doğru gedirsə, bu cəbhəni yaratmaq istəyən qüvvələr kimi? Azərbayca, yoxsa, Ermənistan? Yaxud, burda üçüncü tərəfdən söz getməlidir?

Həmçinin qeyd edək ki, Müdafiə Nazirlyinin son günlərdə yaydığı rəsmi açıqlamalarda Ermənistanda atəş açılan kəndləri öz tarixi adları ilə (bu ərazilərdə 1988-ci ilə kimi azərbaycanlılar yaşayıb – red.) qeyd etməsi sosial şəbəkələrdə müzakirə mövzusu olub. Bəzi soydaşlarımız bunu alqışlayır, bəziləri isə bunun doğru olmadığını və beynəlxalq ictimaiyyətdə qıcıq yaradacağını deyirlər.

Bu və digər məsələlərlə bağlı Bizimyol.info saytına danışan hərbi ekspert Tərlan Eyvazov bildirib ki, “yeni cəbhə” anlayışı əslində erməni təxəyyülünün məhsuludur.

Tərlan Eyvazov Tərlan Eyvazov

“Azərbaycanın belə fikri yoxdur. İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirib ki, Azərbaycan qonşularının, o cümlədən Ermənistanın dövlət ərazilərinə qarşı hər hansı iddia səsləndirmir. İstər Qərbi Zəngəzur məsələsi, istərsə də Müdafiə Nazirliyi mətbuat xidmətinin kəndləri öz tarixi adı ilə yazmasında isə heç bir aqressorluq niyyəti görülməməlidir.

Tarixən belə olub. Biz Göyçə gölünə elə “Göyçə” demişik, “Sevan” yox. Və Prezidentin son açıqlamalarında “Zəngəzur dəhlizi”nin açılmasından söhbət gedir. Lakin Ermənistan dünya ictimaiyyətinin diqqətini başqa səmtə yönəltməyə çalışır”, - deyə ekspert vurğulayıb.

Ekspertin sözlərinə görə, hazırda Azərbaycan üçtərəfli bəyanata uyğun olaraq “Zəngəzur dəhlizi”nin açılmasını gündəmə gətirdiyinə görə, öz sözünü tutmaq istəməyən Ermənistan tərəfi müxtəlif təxribatlara əl atır.

“Naxçıvan, Şuşa və Ağdamda olan təxribatlar da bu qəbildəndir. Əsas məqsəd Azərbaycanı qınaq obyekti etmək, üçtərəfli bəyanatın bütün şərtlərinin reallaşmasını yubatmaqdır. Amma onlar bu məqsədlərinə çatmayacaq. Azərbaycan tərəfinin mövqeyi qəti və şəffafdır. Ermənistan tərəfi bir dəfə Qaragöl məsələsində dünyanı aldatmağa çalışdı, amma müvəfffəq olmadı. Bu dəfə də bir şey çıxmayacaq”, - deyə T.Eyvazov bildirib.

O əlavə edib ki, Ermənistan tərəfi və dünyadakı erməni diasporu məqsədli şəkildə elə görüntü yaratmağa çalışır ki, guya Azərbaycan “yeni cəbhə” yaratmaq niyyətindədir.

“Lakin yeni cəbhə açılsa, ilk öncə ərazimizdə hələ də qalmaqda olan quldur dəstələrinə qarşı açılacaq. Əslində qarşı tərəfi də narahat edən budur”, - deyə T.Eyvazov söyləyib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »