Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan ərazisində ən böyük mina sülhməramlı adlı rus qoşunudur”
Mirmahmud Mirəlioğlu

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun yenisabah.az-a müsahibəsi:

- Mirmahmud bəy, Rusiya sülhməramlıları Qarabağda yerləşəndən sonra hərbi əməliyyatların tamamilə dayanacağı proqnozlaşdırılırdı. Lakin son günlər atəşkəsin pozulmasının intensiv xarakter alması və xüsusilə ermənilərin Şuşanı atəşə tutması böyük rezonans doğurdu. Qarabağda hadisələrin belə cərəyan edəcəyini düşünürdünüzmü?

- Əlbəttə! Hələ başlanğıcda işğalçı qoşunların sülhməramlı adı ilə Qarabağa gətirilməsi çox şeydən xəbər verirdi. Biz bunun ilk gündən əleyhinə olmuşuq. Bunu həm şəhidlərimizə, həm qazilərimizə, həm də başladığımız müqəddəs Vətən müharibəsində əldə etdiyimiz nailiyyətlərə görə doğru saymamışıq. Konstitusiyamıza zidd hesab etmişik. Ona görə də aparılan proseslərin hamısının dərhal nöqtələnməsini, rus qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb eləmişik.

Hər şeyi biz həmin saatda növbədənkənar toplantımızda demişik. Bu səbəblə indi baş verənlərin məsuliyyəti birbaşa Azərbaycanın üzərindədir. O qoşunlar buraya gətirilməməli idi. Onun adı sülhməramlı yox, lap belə Quran vərəqlərinə düşmüş bir ad olsaydı belə, qəbuledilməzdir. Yəni indi baş verənlərin hamısının məsuliyyəti bizdədir və biz bunun qarşısını almalı, səhvlərimizi düzəltməliyik.

- Son günlər cəmiyyətdə antiterror əməliyyatının keçirilməsi ilə bağlı çağırışlar artıb. Azərbaycan Qarbağda antiterror əməliyyatlarına başlaya bilərmi?

- Antiterror əməliyyatına başlamaq bizim boynumuzun borcudur, amma terrorçuları da Bakıdan blok-blok, hissə-hissə göndərmək doğru deyil. Çünki terrorçular Bakıya gətirilirlər və bizim də başdanxarab hakimlərimiz xüsusi sifarişlə onların haqqında qərar qəbul edirlər və nəticədə onları azad edirik. Sonra da, “Gəl, antiterror əməliyyatı keçirək”,-deyirik. Axı hələ sən antiterror əməliyyatından qabaq məhkəmədə adamları cəzalandırmalısan. Biz də antiterror əməliyyatına məhkəmələrdən başlamalıyıq. Daha sonra terrorçuları beynəlxalq məhkəməyə verməliyik. Əlimizdə olanları, Azərbaycan əsgərinin canı və qanı bahasına tutulmuş diversantları buraxmalı deyilik. Bizi aldadaraq, “Siz bu terrorçuları buraxın, əvəzində sizə minalanmış ərazinin xəritələrini verəcəyik”,-deyirlər. Azərbaycan ərazisində ən böyük mina isə sülhməramlı adı ilə yerləşdirilən rus qoşunlarıdır. Onlar bu işi görməkdədirlər.

- Sizcə, rəsmi Bakı hərbi əməliyyatları bərpa etsə, Rusiyanın mövqeyi necə olacaq?

- Bizim özümüzün mövqeyimiz olmalıdır. Düşmənin və düşmənin arxasında duranların mövqeyinin necə olacağı bizi maraqlandırmalı deyil. Ona qalsa, Rusiya Azərbaycanı istədiyi vaxt işğal edə bilər. Onsuz da müəyyən ərazisini işğal edib. Orada sülhməramlı adı ilə dayanmaqla deyil ki... Rusiyanın münasibəti gün kimi aydındır. Rusiya Azərbaycanın müstəqilliyini təhdid edir, imperiya siyasəti aparır. Putin özünü Pyotrun davamçısı kimi aparır, bunu heç yerdə deməkdən çəkinmir, indi də başqa havalarda danışılır, Putinin sözünün çoxunu da müxalifət adı ilə Dumada olanlar, ayrı-ayrı siyasi partiyaların nümayəndələri deyirlər. Ona görə də bizi Rusiyanın mövqeyi yox, daha çox Azərbaycanın taleyi düşündürməlidir. Rusiya baş verənlərin arxasında dayanır, hər şey Rusiyanın planıdır. İndiki halda Şuşaya hücum, Naxçıvanda baş verənlər də birbaşa Kremlin layihəsidir.

- Ermənistanın müxtəlif bəhanələrlə sülh sazişini imzalamaqdan yayınması fonunda hadisələr hansı istiqamətdə inkişaf edə bilər?

- Sülh sazişi torpaqlarımız işğaldan tam azad olunanda imzalanacaq. Vasitəçiyə filan ehtiyac yoxdur. Biz özümüz Azərbaycan Ordusunun əldə etdiyi qələbəni nəzərə almalıyıq və diplomatiyamız da qalib olmalıdır. İndiki halda sülh müqaviləsindən danışmaq tezdir, çünki biz torpaqlarımızı tam azad etməmişik. Sadəcə bizim üçün nəzərdə tutulanlara uyuruq. Ancaq bu işin ardınca getməməliyik, biz ordumuzun qələbəsini davam etdirməli, ondan sonra sülh sazişinə getməliyik. İrəvanın mövqeyinin necə olacağı, Moskvanın bu məsələyə necə baxacağı, Parisdən hansı səsin eşidiləcəyi, Amerikanın buna qıyqacı baxacağı, Tehranın da başqa oyunlar oynayacağı bizi maraqlandırmamalıdır, bunlar ayrı-ayrı strukturların işləridir, biz isə öz işimizi başa çatdırmalıyıq. Qələbəmizi tam və qəti etməliyik.

Paylaş »
››› Rusiyada yaşayan soydaşımız elə bir əməl törətdi ki...
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› İran Ermənistanla yaxınlaşır: “Münasibətlərə hətta “bir millət, iki dövlət” prizmasından yanaşırlar”
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Fransada yeni şəxsiyyət vəsiqəsi qəzəbi: “Makron Fransanı alçaltdı”
Son xəbərlər
Bütün xəbərlər »