Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yeni qanun layihəsi hazırlanarkən qazi və şəhid ailələrinin fikri öyrənilməlidir”
Milli Məclis

Fazil Mustafa: “Burda qazilər və şəhid ailələri ilə bağlı heç bir məqamı diqqətdən qaçırmaq olmaz”

Nazirlər Kabineti “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslərlə bağlı qərar qəbul edib.

APA-nın məlumatına görə, Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, təhsil müəssisələrində milli qəhrəmanlara, şəhidlərə, müharibə iştirakçılarına aid stendlər, guşələr, muzeylər təşkil olunacaq.

Eyni zamanda qərara əsasən, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası "Azərbaycanın Vətən Müharibəsi qəhrəmanlarının imtiyazları və güzəştləri haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunmasına dair təkliflər hazırlayacaqlar.

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasına bu qanun layihəsini 2022-ci ilə qədər hazırlamaq tapşırılıb.

Məsələ bağlı Bizimyol.info saytına danışan millət vəkili, Böyük Quruluş Partiyasının sıdri Fazil Mustafa bildirib ki, yeni qanun layihəsi hazırlansın, mütləq konkret təklif və iradlarını səsləndirəcək.

Fazil Mustafa Fazil Mustafa

“Lakin ümumi şəkildə onu deyə bilərəm ki, hazırda boşluqlar var. Bəzi qazilər və şəhid ailələri diqqətdən kənar qalır, əlillik dərəcəsinin müəyyən olunmasında və ya sosial təminat məsələlərində ayrı-ayrı problemlər gündəmə gəlir. Bəzən də yerlərdə hansısa məmurların məsələyə yanaşması ilə bağlı şikayətlər eşidirik. Bu da onunla bağlıdır ki, konkret qanun və normativ aktlar yoxdur.  “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslərlə bağlı dövlət məmurları konkret nə addımlar atmalıdır, hansı qurumun üzərinə nə düşür, bu məqamlar yeni qanun layihəsində əksini tapmalıdır”, - deyə millət vəkili qeyd edib.

Onun sözlərinə görə, qanun layihəsi yetərincə obyektiv və geniş hazırlanmalıdır: “Burda qazilər və şəhid ailələri ilə bağlı heç bir məqamı diqqətdən qaçırmaq olmaz”.

Fazil Mustafa da o fikirdədir ki, qanun layihəsinin çoxşaxəli və obyektiv hazırlanması üçün mütləq ictimai müzakirəsi təşkil olunmalıdır.

“Xüsusilə də qazilər və şəhid ailələrinin fikirləri öyrənilməli, onları narahat edən ümumi problemlər qeyd olunmalıdır”, - deyə millət vəkili əlavə edib.

Hüquqşünas, vəkil Əsabəli Musatafayev də o fikirdədir ki, qanun layihəsi hazırlanarkən ictimai müzakirələrə ehtiyac var: “Təəssüflər olsun ki, cəmiyyətimizi və ya cəmiyyətimizin bir kəsimini əhatə edən bir çox qanun layihələri ictimai müzakirələr olmadan parlamentə təqdim olunur. Bu ənənə bizim ölkəmizdə elə də geniş yayılmayıb. Lakin bu və digər qanunlar qəbul olunarkən, müvafiq büdcə də nəzərdə tutulur. Bu da, vətəndaşların, vergi ödəyicilərinin maraqlı olduğu məsələ kimi nəzərə alınmalıdır. Bu baxımdan, tezliklə sözügedən qanun layihələrinin ictimai müzakirəyə çıxarılmasını gözləyirik. Şübhəsiz ki, bu mövzuda bizim də təkliflərimiz olacaq”.

Onun sözlərinə görə, “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslərlə bağlı konkret qanun və ya normativ aktların olmaması ayrı-ayrı yerlərdə, qurumlarda problemlərin üzə çıxmasına səbəb olur.

“Məmurların kobudluğu, yaxud hansısa müharibə iştirakçısının müraciətinə obyektiv yanaşılmaması, kimlərinsə hansısa şəkildə əlillik dərəcəsi alması, yaxud da əlillik dərəcəsinin düzgün verilməməsi cəmiyyətdə ən çox müzakirə olunan problemlərdən biridir. Qanun layihəsində qazi və şəhid ailələrinin evlə təmin olunması, sosial təminatının yaxşılaşdırılması da nəzərdə tutulmalıdır”, - deyə vəkil vurğulayıb.

Ə.Mustafayevin sözlərinə görə, Vətən müharibəsi iştirakçıları tərəfindən ona da müraciətlər olunub.

“Hazırda bu müraciətlər üzrə Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırma gedir. Ümid edirəm ki, yaxın zamanda məsələ həllini tapacaq”, - deyə Ə.Mustafayev qeyd edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »