Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elmar Vəliyevlə bağlı rəy açıqlandı: “Hadisələri qavraya bilmir”
Elmar Vəliyev

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə bağlı məhkəmə prosesi iyulun 15-də davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə baxan hakim Əfqan Hacıyev tibbi ekspertizanın Elmar Vəliyevin durumu haqqında verdiyi rəyi proses iştirakçılarına elan edib.

Bizimyol.info xəbər verir ki, tibbi ekspertizanın rəyində Elmar Vəliyevin 2018-ci il iyulun 3-də aldığı xəsarət nəticəsində hadisələri qavraya bilmədiyi yazılıb. Qeyd olunub ki, onun məhkəmədə iştirak etməsi məqsədəuyğun deyil. Çünki məhkəmədə iştirakı onun vəziyyətinin ağırlaşmasına səbəb ola bilər.

Hakim daha sonra məhkəmə istintaqının başa çatdığını elan edib. Prokuror bildirib ki, əvvəlki çıxışını müdafiə edir. O, əvvəlki çıxışında Yunis Səfərova ömürlük, Mahir Əzizov, Rasim Mustafayev və Akif Əliyevə 20, Firudin Zeynalov, Vüqar Məmmədov, Hamlet Abdullayev və Ceyhun Salahova 19, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəmişdi.

Daha sonra çıxış edən vəkillər çıxış edib. Müdafiəçilər məhkəmədən narazı qalıblar. Onlar bildiriblər ki, məhkəmə istintaqı təzələnəndə bu işlə bağlı ətraflı araşdırma aparılacağını gözləyirdilər.

“İndi isə onlara aydın olur ki, siz yalnız Elmar Vəliyevin məhkəməyə gəlməməsini hökmdə əsaslandırmaq üçün məhkəmə istintaqını təzələdiniz. O rəyi aldınız, ona görə məhkəmə istintaqını bitirirsiniz”, - vəkillərdən biri belə deyib.

Vəkillər hüquqlarını müdafiə etdikləri şəxslərin təqsirsiz olduqlarını vurğulayaraq, bəraət hökmü çıxarılmasını istəyiblər.

Yunis Səfərovun vəkili Bəxtiyar Hacıyev isə müvəkkilinə qarşı dövlət çevrilişi, terror və s. ittihamların əsassız olduğunu deyib. Vəkil bildirib ki, Yunis Səfərov icra başçısını əhaliyə qarşı amansız davranışına görə öldürmək istədiyini dəfələrlə məhkəmədə açıq şəkildə dilə gətirib.

Vəkil Elmar Vəliyevin hərəkətlərini qavramaması haqda ekspert rəyinə də diqqət çəkib: “Məhkəmədə zərərçəkmiş qismində Vəliyevi təmsil edən nümayəndə var. Hərəkətlərini qavraya bilməyən Vəliyev nümayəndəyə etibarnaməni necə, hansı şəraitdə verib?”

Təqsirləndirilən şəxslər arasında iki nəfər var ki, onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılarkən öldürülüb. Bunlar Anar Bağırov və Ağa Sərxanidir. Prokuror onların da təqsirli bilinməsini, lakin öldüklərinə görə cəza təyin edilməməsini istəyib.

Anar Bağırovun bacısı, onun hüquqi varisi qismində tanınan Aynur Bağırova bildirib ki, onun qardaşı heç bir cinayət törətmədiyi halda qətlə yetirilib: “Elmar Vəliyevə atılan güllə heç ona dəyməyib, Gəncənin yarısını tutdular. Qardaşımın ölümünü isə siz araşdırmadınız. Mən qardaşımın qanını yerdə qoymayacağam. Qardaşımın başından güllə ilə vurublar. Sonra daha dörd güllə vurublar ona. Birini də ürəyindən. Bu qədər güllə dəyən adamın əlində silah dayanardı? Əlinə silah verib şəklini çəkiblər ki, guya onun silahı olub. Yalandır, mənim qardaşımın silahı olmayıb. O, dini kitablar satan, kasıb adam idi...”

Məhkəmə prosesi iyulun 29-da vəkillərin çıxışı ilə davam edəcək.

Yunis Səfərov Elmar Vəliyevi öldürməklə ölkədə dövlət çevrilişinə cəhd göstərməsi, terror törətməsi haqda ittihamda yazılanları qəbul etmir. O bildirir ki, sabiq icra başçısını Gəncə əhalisinə zülm elədiyinə görə öldürmək istəyib. Yunis Səfərov digər təqsirləndirilən şəxslərin günahsız olduğunu, bu hadisəni terror kimi təqdim etmək üçün onların şərlənib həbs edildiyini vurğulayır.

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »