Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropada... təhlükəli əməkdaşlıq formatı 
Xankəndi

Biz hələ 44 günlük müharibə zamanında bizimyol.info saytı olaraq “Dağlıq Qarabağ” ifadəsinin dövriyyədən çıxarılmalı olduğunu yazmışdıq. Qısa müddət sonra Azərbaycanın rəsmi şəxsləri də bu fikri ifadə etdilər. Və Prezident İlham Əliyevin dünənki çıxışında da, ondan sonra da “Dağlıq Qarabağ” adlı yerin olmadığını deməsi çox doğru yanaşmadır.

İqtisadi rayonlara bölgü ilə bağlı Prezidentin qəbul etdiyi sənəddə də Qarabağ dağlıq və aran hissələrə ayrılmayıb. Əslində Qarabağ bütöv coğrafi anlayışdır. Bunun dövlət səviyyəsində qəbul və ifadə olunması müsbət addımdır. Xüsusilə indiki zamanda. Çünki hazırda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) artıq fəaliyyəti faktik olaraq dayandırılmış Minsk Qrupu həmsədrləri – Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası və Fransa Respublikası başda olmaqla müəyyən  xarici dairələr “Dağlıq Qarabağ” ifadəsindən istifadə edir və məqsəd Qarabağ bölgəsində silahlı münaqişənin bitmədiyini xüsusi olaraq vurğulamaqdır. Bu məsələdə əvvəllər də yazdığımız kimi, Azərbaycanla Ermənistanın mövqelərində diametral  fərqlər var. Azərbaycan münaqişənin bitdiyini bəyan edir, dinc quruculuğa keçidin vacibliyini vurğulayır. Bu baxımdan, istər Şuşada aparılan işlər, istərsə də, dəmiryolunun bərpası, avtomobil yollarının salınması, hava limanı tikintisi və sair kimi layihələrin icrasını həyata keçirən Azərbaycan nümunə göstərir.

Ancaq Ermənistan üçtərəfli sazişi imzaladığı gündən bəri belə bir fikri tirajlayır ki, münaqişə hələ bitməyib. Hansısa statusun müəyyənləşdirilməsi haqda danışır, ATƏT-in Minsk Qrupu formatında danışıqların bərpası haqda iddialar irəli sürür. Təbii ki, ATƏT-in faktik adı olub özü olmayan Minsk Qrupunun həmsədrlərinə sərfəlidir ki, tərəflərdən heç olmasa, biri münaqişənin başa çatmadığını desin; onda Rusiya üçün sülhməramlı kontingenti ilə bölgədə qalmaq, ABŞ və Fransa üçün də bölgəyə müdaxilə etmək asanlaşır. Demək, konkret olaraq  bu halda biz Avropada təhlükəsizlik və əməkdaşlıq deyil, üç böyük dövləıtin Ermənistan revanşistləri ilə TƏHLÜKƏLİ ƏMƏKDAŞLIQ formatı görməkdəyik.

Bəli, fikir verdinizsə, biz yazının əvvəlində ATƏT-in açılışını yazdıq; Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı. Yəni bu strukturun missiyası öz adında aydın şəkildə ifadə olnub. Azərbaycan da, Ermənistan da siyasi-coğrafi baxımdan Avropaya aiddir. Bu iki dövlətin elə ATƏT-ə üzv qəbul edilməsi də onların Avropa qitəsinə aid olduğunu vurğulayır. Əks halda İran, Pakistan, yaxud Çin də həmin Təşkilatda olardı. Deməli, ATƏT-in bir missiyası, mandatı varsa, bir məsuliyyət ərazisi də var. Bu iki dövlət – Ermənistan və Azərbaycan arasında münaqişə qaldıqca, Avropada daha bir isti konflikt ocağı qalır demək. Və bu da Avropada təhlükəsizliyə ciddi təhdiddir. Təhlükəsizlik olmadan isə əməkdaşlıq olmur. O halda bu 3 dövlət niyə Avropada təhlükəsizlikdə və əməkdaşlıqda maraqlı olmasınlar. Azərbaycan: “Münaqişə bitib, sülh müqaviləsi bağlayaq, Zəngəzur dəhlizini açaq” və sair deyir. Yəni bölgədə təhlükəsizlik tam təmin olunsun, müqavilə öhdəliklərində təsbitlənsin və əməkdaşlıq başlansın. Avropanın əsas üç, Avropa İttifaqının iki lokomotiv dövlətindən biri olan Fransa bunu niyə istəmir?!

Fransa özü İngiltərə ilə yüz il müharibə aparıb. Almaniya ilə iki Dünya Müharibəsində üz-üzə gəlib. İtaliya, İspaniya kimi qonşuları da heç də həmişə özlərini Fransaya qarşı sakit aparmayıblar. İkinci Dünya Müharibəsi zamanı  Almaniya, İtaliya, İspaniya kimi qonşularındakı faşizm Fransanı darmadağın etməmişdimi?! İndi adlarını çəkdiyimiz bu qonşuları ilə təhlükəsiz ortamda əməkdaşlıq etmirmi?! Edir. Bəs eynisini niyə Ermənistan üçün uyğun saymır?! Fransa, eləcə də, başqa dövlətlər, dairələr niyə imkan vermir ki, Ermənistan da öz qonşuları ilə - Azərbaycanla, Türkiyə ilə təhlükəsiz əməkdaşlıq üçün addım atsın?! Fransa Prezidenti Emmanuel Makron Ermənistana gəlir. Nə üçün?! Ermənistanın qonşulara qarşı aqressiv siyasətini dəstəkləmək üçün. Acı reallıq budur. Ermənistanı qoruduğunu deyən dövlət Ermənistan xalqının və dövlətinin dinc yaşamı seçməsini əngəlləyir. Bunun harası Fransa-Ermənistan dostluğudur?!

Rusiya “Dağlıq Qarabağ” ifadəsində israr edir: SSRİ-nin dağılması ərəfəsindəki inzibati-ərazi bölgüsünü əsas götürdüyünü deyir. Sual yaranır: Azərbaycanın öz ərazisində hər hansı inzibati bölgü tətbiq etməsi Rusiyanı niyə narahat edir?! Ona qalsa, Krım da SSRİ dağılan ərəfədə Ukraynanın tərkib hissəsi idi (yuridik olaraq indi də elədir). Gürcüstan 1991-ci ildə SSRİ-dən çıxanda Cənubi Osetiyanı, Abxaziyanı qoyub getməmişdi ki. Moldova da müstəqil olanda Dnestryanıdan imtina etməmişdi. Əslində İlham Əliyevin Zəngəzurla, Göyçə mahalı və İrəvanla bağlı dünən dediklərini cürbəcür formalarda interpretasiya edənlər də var. Müxalifəti onu tənqid edir ki, Ağdərəni nəzarətə götürməmiş Zəngəzurdan danışır, Xankəndinə Azərbaycanın bayrağını sancmamış İrəvana qayıtmaqdan bəhs edir. Və haqlı tənqidlərdir; gerçəkdən də Azərbaycan cəmiyyəti İrəvandan, Göyçədən, elə Zəngəzurun özündən də qabaq Xocalını, Ağdərəni, Xankəndini... istəyir və gözləyir. Əslində Azərbaycan vətəndaşlarının çoxu 10 noyabr bəyanatının özünə də isti baxmadı; hərbi əməliyyatları sona qədər aparmağı tələb edirdi və dəstəkləyirdi. Bu gün də ictimai fikir bu yöndədir. Ancaq...

Məsələnin başqa tərəfi var: İlham Əliyev demək istəyir ki, əgər Ermənistan, ondan da daha pisi, Rusiya Qarabağda SSRİ-nin dağılması ərəfəsindəki inzibati-ərazi bölgüsünü əsas götürəcəksə, bundan sülh müqaviləsindən yayınmaq və münaqişənin bərpası imkanlarını saxlamaq üçün istifadə edəcəksə, Azərbaycan hətta SSRİ qurulmazdan əvvəlki sərhədlər və sənədlər daxilində söhbət aparacaq. İlham Əliyevin mesajının mənası odur ki, kimlərsə rəsmi İrəvanı qızışdırıb yenidən münaqişə başlatmağa sövq etsə, Azərbaycan SSRİ-dən əvvəlki sərhədlərini bərpa etmək haqqını almaq üçün hərəkətı keçər. Onda heç Ermənistan adlı dövlət də qalmaz. SSRİ qurulmazdan və Azərbaycan “müttəfiq respublika” kimi ora daxil olmazdan qabaq Zəngəzur da, Göyçə də, hətta İrəvan da Azərbaycanın tərkibində olub. Qarabağa gəlincə, nə SSRİ-dən əvvəl, nə də SSRİ zamanında “Dağlıq Qarabağ” deyilən inzibati vahid olmayıb. Siyasi təsisat heç olmayıb. Bəli, Ermənistan rəhbərləri tez-tez deyirlər ki, Stalin Qarabağı Azərbaycana verib. Əvvəla, Qarabağın Azərbaycanın tərkibinə verilməsi deyil, Azərbaycanın tərkibində saxlanılması haqqında qərar verilib (bunu bir-birindən fərqləndirə bilməyənlərin siyasətdən və hüquqdan danışması absuddur); ikincisi, əksinə, həmin Zəngəzuru Stalin Ermənistana verib. Stalin dövründə verilmiş qərarlar təftiş olunursa, ordan başlamaq lazımdır. Üçüncüsü, Azərbaycan SSRİ-yə daxil olduqdan sonra Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. İndi Rusiya “Dağlıq Qarabağın Mardakert rayonu” deyəndə tamamilə məntiqsiz, hüquqi baxımdan əsassız, siyasi baxımdan təhlükəli bir şey alınır. Bu, ona bənzəyir ki, biz “Volqaboyunun Samara şəhəri”, yaxud “Kubanın Rostov şəhəri” ifadələrini işlədək, Rusiyanın adını çəkməyək.

Azərbaycan öz rəsmi sənədlərində Rusiya “sülhməramlı” kontingenti haqqında yazanda “Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş” ifadəsindən istifadə edir. Doğrudur: razılaşmada həmin kontingentin Azərbaycanda qalma müddəti göstərilib. Burada iki sual çıxır: Necə olur ki, Azərbaycan dövlətinin bir qərarını tanıyıb öz qoşunlarını Qarabağa göndərən Rusiya elə həmin dövlətin başqa bir qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunmasını tanımasın?! O qərardan 30 il keçib, 30 il vaxt Rusiya rəsmilərinin həmin qərarı oxuması üçün kifayət etməyibmi?!

Və nəhayət. Rus kontingentinin adındakı “sülh” sözü həmin kontingentin separatçıların silahlanmasına göz yumması və ya özünün onları silahlandırması ilə necə bir araya sığır?! Bunlara adekvat cavab olmalıdır. Azərbaycan da o mesajı verdi: bizim sərhədlərimizə, ərazimizə müdaxilə davam edərsə, münaqişəni körükləyərsə, o zaman münaqişə bizim sərhədlərimizi aşar və biz də öz sərhədlərimizdən kənara çıxmaq zorunda qalarıq... Bu qədər sadə.

Bizimyol.info

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› PKK-ya bağlı olan terror təşkilatı: “Türkiyədə yanğınları biz törətmişik”
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
Son xəbərlər
Bütün xəbərlər »