Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
O "uzaq", yaşıl ADA...
ADA Universiteti

Mediamızın QIZIL dövrü getdi, “qır-qızıl” dövrü gəldi...

Tanıyanlar yaxşı bilir; seminarlardan, hər cür toplantılardan, iclaslardan-filan tez sıxılıram. Çox vacib olmadıqca qatılmıram. Ancaq ADA Universitetindəki seminarlara qatıldım (Hərçənd bağlanış törənində də rahatsızlıq keçirdim deyə sona qədər otura bilmədim - sertifikatı da gözləyə bilmədim).

Doğrusunu deyim, mənə o seminarların özündən əvvəl və daha çox ADA Universiteti maraqlı idi. İstədim ki, baxım, görüm, dedikləri qədər varmı?!

Təbii ki, ADA-nın həyətində 8 gün gəzişməklə, bir neçə nümayəndəsi ilə ünsiyyətdən tam və dəqiq təəssürat almaq da mümkün deyildi. Yenə də görmək istədim. O aura gerçəkdən varmı deyə...

İlk duyduğum şey həsədqarışıq nostalji oldu. Hətta auditoriyada da dedim: "Adam yenidən tələbə olmaq istəyir".

Əslində bu, ciddi bir zarafat idi.

Yox, başqa yerə yozmayın. Mən biofiləm; təbiətdən enerji alıram. ADA da sanki təbiətin bir parçasıdır; yaşıllıqlar, güllər, ağaclar, bol oksigen. Şəhərin ortasında o "uzaq, yaşıl ada. "Uzaq" ona görə ki, seminara çağırmasaydılar, yəqin ömür boyu burdan, bu yaşıl ortamdan xəbərsiz qalacaqdım.

Ancaq çölü kimi içində də bənzərsizlik vardı; bura təkcə bir təbii estetika adası deyil, həm də sanki pedaqogika adası kimi göründü mənə. Çünki burda danışılanları, eşitdiklərimi, hiss etdiklərimi əvvəl bizim başqa "ali təhsil ocaqları" dediklərimizdə yaşamamışdım. Hər halda gördüyüm qədərində fikir bildirirəm.

"Pedaqogika adası" dedim. Əslində bu, heç də yaxşı bir şey də deyil. ADA-nın yaşıl, "həmişəyaşıl" ortamında gəzişərkən də özlüyümdə düşünmüşdüm: "Axı bu ADA niyə ada olaraq qalmalıdır?!"

Eyni hissləri ASAN Xidmət mərkəzinə ilk getdiyim zamanlarda keçirmişdim. Özümə sual vermişdim: "Əgər burda asan ola bilirsə, niyə hər yerdə asan ola bilmir?!" O gündən bu günə çox illər keçib. Gördüyüm odur ki, heç də hər yerdə asan olmadı. Hətta bəzən ASAN-ın özündə də.

Bu ada dərdimiz zaman-zaman içimə çox dolur; azad fikirli adamlar da özləri - hər biri bir adadır. Baxırsan, depressiv bozluğun boğucu çoxluğunda canlı "adalar" o yana-bu yana vurnuxur. Ruh yalqızları, fikir tənhaları, dissident adamlar. Danışa-danışa susanların arasında susaraq danışanlar...

Mediada ciddi yeniliklərin anonsu verildi

Qərəz, mən ADA-nı ADA kimi sevə bilərəm. Ancaq ...ada kimi sevmədim. Niyə axı? Ayrıca götürülmüş bir yaşıllığın içində Avropa təhsili veririk, alırıq (hər halda canatım var). Ancaq ölkənin qalanının tamamında başqa bir vəsvəsə...

Belə düşüncələrlə auditoriyada da bacardığım qədər susub oturdum. Özünü və özgələri daha yaxşı eşitmək üçün bacardıqca məzmunlu ...susmaq lazımdır. Qızğın mübahisələr də oldu, əyləncəli çalışmalar da, üsyankar ritorikalar da, yumorlu replikalar da... Mən isə...

Susqunluğum ətrafda hiss edildi; gənc "sinif yoldaşım" haqlı olaraq maraqlandı və aramızda qısa bir dialoq alındı:

- Siz nədənsə heç danışmırsınız...

- Kim bilir, bir də bu qədər ağıllı fikirləri nə zaman, harda dinləmək imkanım olacaq...

Doğrudan, çox maraqlı, ağıllı, ən başlıcası fərqli, rəngli fikirlər bolluğu idi. Deyirlər ha: "Hər təzə çoxdan və yaxşıca unudulmuş köhnədir" Bir çox şeylər təzələnmiş köhnə idi, bir çoxu da artıq köhnəlməkdə olan təzə. Ancaq heç eşitmədiyimiz, bəzən bəlkə də eşitməyə adət etmədiyimiz şeylər də vardı. Özümüzə etiraf etmək istəmədiyimiz yanlışlarımız, doğruluğundan heç də həmişə əmin olmadığımız doğrularımız...

Bizim toplumu bilirsiniz: öz yanlışlarndan da çox doğrularından qorxacaq kimidir.

Məşğul olduğum işi sevirəm. Daha doğrusu, sevirdim. Bir yerdən sonra sanki romantikasını itirdi. "Sərt" analitikadan bədii publisistikaya meyllənməyim də bəlkə bundandır; o itirlmiş, ya da, nə bilim, bəlkə əlimzdən alınmış, əlimizdən düşüb sınmış) yaradıcılıq romantikasını qaytarmağa çalışıram yəqin. Sadəlöhvcəsinə! Və bəlkə o ADA-da - "ada sinif"də öyrəndiklərimiz, öyrənəcəklərimiz o romantikanı da qaytarar... Nə bilim?!

Necəsə Mixail Bulqakovdan oxumuşdum: “Arzularınızla ehtiyatlı olun; çin olmaq kimi bir xasiyyəti var”. Bəlkə də Bulqakov haqlıdır: arzularımız biz heç ummadığımız zamanda çin olacaq. Ya da bəlkə onların ardınca çox qaçırıq deyə qovmuş kimi oluruq. Nədənsə xəyallarımın, arzularımızın çoxu işimlə bağlı olub. Hərdən səhər işə başlayanda elə bilirəm ki, bu işi çoxdan itirmişəm. Bəzən də təzəcə tapmış kimi hiss edirəm. Xeyrə yozmağa çalışıram.

...Məncə, yox!

Mediamızın QIZIL dövrü getdi, “qır-qızıl” dövrü gəldi.

P.S. Ən böyük qazancım - insanlar. Gözəl insanlar! ADA Universitetinə, Media Agentliyinə, Fariz bəyə, Əhməd bəyə, Şəfəq xanıma, Aygün xanıma, Aliyə xanıma, Rüstəm bəyə, Natiq bəyə, qrupumuzdakı hər kəsə təşəkkür edirəm. Maraqlı susmaq üçün misilsiz yer, zaman və fürsət idi...

Bahəddin Həzi Bahəddin Həzi
Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Milli Məclisdə “kədərli” anlar…
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »