Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Tank sürdüyümü bildilər, sağ gözümü çıxartdılar ki, bu gözü ilə nişan alırmış...”
Məhkəmə

90-cı illərdə əsir düşən azərbaycanlılara işgəncə verməkdə ittiham olunan iki erməninin - Lüdviq Mkrtiçyan və Alyoşa Xosrovyanın Bakıda keçirilən məhkəməsində araşdırmalar başa çatmaq üzrədir. Artıq dindirmələr başa çatıb, məhkəmədə sənədlər, o cümlədən vaxtilə əsirlikdə işgəncəyə məruz qalmış zərərçəkmişlərlə təqsirləndirilənlər arasındakı üzləşmələr elan edilib.

Bizimyol.info xəbər verir ki, bu cinayət işini Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırır. Məhkəmə prosesi isə Yasamal rayon Məhkəməsinin binasında keçirilir.

İyulun 14-də məhkəmədə zərərçəkmişlər bir daha təsdiqləyiblər ki, əsirlikdə olduqları dövrdə bu təqsirləndirilənlər onlara işgəncə veriblər. Onlar bildirib ki, ermənilər öz aralarında Lüdviq Mkrtiçyan və Alyoşa Xosrovyanı “Lyoxa” və “Lyoşa” çağırırdılar.

1994-cü ilin noyabrında Şuşa həbsxanasında işgəncəyə məruz qaldığını deyən Kamil  Babayevin sözlərinə görə, istintaqda Mkrtiçyan və Xosrovyanın fotolarını görən kimi tanıyıb: “Üzləşmə vaxtı özlərinə də dedim ki, mənə qar təmizlətdirməyiniz, orada sinəmdən, sifətimdən təpiklə vurmağınız yadınızdadır? Bunların hər ikisi Azərbaycan dilində bilir. Sorğu-sual eləyəndə Azərbaycan dilində soruşurdular, amma bizi söyəndə ermənicə...”

71 gün əsirlikdə olan Zahid Həsənov bildirib ki, 1994-cü ilin aprelində Alyoşa Xosrovyan onu Xankəndi xəstəxanasından Şuşa türməsinə aparıb: “Əsirlikdə olduğum 71 gün ərzində nə baş verdiyi günbəgün yadımdadır”.

Başqa bir zərərçəkmiş Həbib Kazımov deyir ki, ona işgəncə vermiş erməniləri istintaqda qəddar görünüşlərindən tanımışam. Onun sözlərinə görə, bu şəxslər Sumqayıtdan onun olduğunu biləndə daha amansız davranıblar.

Zərərçəkmiş Cavid Hüseyn də ötən 28 il ərzində əsirlikdə gördüyü işgəncələri də, ona işgəncə verənləri də unutmadığını vurğulayıb: “O işgəncələr hər gecə gözümün qabağına gəlir. Xosrovyanı otağa gətirəndə soruşdum ki, məni tanıdın?  Başını aşağı saldı. Mən o vaxt da bunlara demişdim ki, vaxt gələcək, bizim qarşımızda cavab verəcəksiniz.

Ermənilərin Yohan adlı milli qəhrəmanının heykəlinin açılışında başıma dəmir boru ilə vurub yardılar. Məni dəmirə bağlayıb döyürdülər. Bizimlə birlikdə əsirlikdə İlham Qurbanov vardı, məni satmışdı, bunlara, müharibədə tank sürdüyümü demişdi. Bunu biləndə Şuşa həbsxanasında mənim sağ gözümü çıxartdılar. Özləri də deyirdilər ki, “sağ gözü ilə nişan alırdı, ona görə bu gözünü çıxarmaq lazımdı”. İlham Qurbanov ömürlük həbs cəzası alıb”.

Məhkəmə prosesi iyulun 28-də davam edəcək.

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Deputat və ruhanilər öz işini görsəydi...
Son xəbərlər
Bütün xəbərlər »