Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şuşanı kim atəşə tutub: Rusiya yeni işğal planı qurub
Şuşa şəhəri

Müdafiə Nazirliyi məlumat yayıb. Atışma məlumatı. Şuşa ətrafında. Bəli, Müdafiə Nazirliyinin məlumatında atəşin açıldığı vaxtlar saat 21.34 və 21.45 göstərilib. Yəni hava qaralandan sonra. Bəs atəş hardan açılıb? Ən maraqlısı, daha doğrusu, dəhşətlisi də elə budur: “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazidən - qanunsuz erməni birləşmələri tərəfindən”.

Bu, rəsmidir; Müdafiə Nazirliyinin məlumatında elə belə də deyilir. Məlumatın sonunda çox şükür deyəcəyimiz təsəlli cümləsi də var: “Bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur”.

Elə bu qədərmi?! Xeyr, bu qədər deyil. Son bir ayın məlumatlarını araşdırsaq, çox üzücü mənzərə var. Sanki 1980-ci illərin sonu-1990-cı illərin əvvəlidir; Azərbaycan ərazisində Rusiya qoşunları var və onların nəzarət etdiyi ərazilərdən, eləcə də. Ermənistan-Azərbaycan sərhədindən Azərbaycan ordusunun bölmələri və yaşayış məntəqələri atəşə tutulur. Bu günkü hadisələrin xronikası və xronologiyası o dövrü xatırladır. Sanki böyük müharibənin ərəfəsiymiş kimi.

Bir aydan bir az çox zaman kəsiyində baş verənlərə, yəni Azərbaycana açılan atəşlərə baxaq.

2021-ci il iyunun 10-da Ermənistan Müdafiə Nazirliyi məlumat yayır ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcərdə yerləşən Azərbaycan ordusunun mövqelərinə atəş açılıb. Azərbaycan MN bu faktı təsdiqləyib və bunu Ermənistanda seçki öncəsində iki ölkənin dövlət sərhədində vəziyyəti qəsdən gərginləşdirmək cəhdi kimi qiymətləndirib. Bu hadisədə ölən və yaralanan yoxdur.

İyunun 11-də yenə Kəlbəcərə atəş açılıb. Aşağı Ayrım kəndindəki hərbi mövqelərimizə. Atıcı silahlar bizi Ermənistanın Vardenis rayonundan nişan alıb. Atəş yarım saat sürüb. İtki olmayıb. Elə həmin gün elə həmin Vardenisdən (Yuxarı Şorca tərəfdən) yenə Kəlbəcərdəki əsgərimiz hədəf seçilib. İtki olmayıb.

İyunun 24-də saat 14:30-dan başlayaraq Berd rayonunun Ayqedzor kəndindən atəşə tutulmuşuq. Tovuz rayonunun Muncuqlu kəndindəki mövqelərimizi hədəf seçiblər. Salamat qurtarmışıq. Bir gün keçib, ertəsi, demək olar ki, eyni vaxtda – günün günorta çağı erməni silahları “danışmağa başlayıb”, iyunun 27-si gecə saat 3-ə qədər susmayıb. Kəlbəcərin Zəylik və İmambinəsi kəndləri yaxınındakı mövqelərimizin sayıqlığını test ediblər. Həmin gün – iyunun 27-də axşam saat 20:40 radələrində bizim Müdafiə Nazirliyimizin dediyi kimi, “Ermənistan silahlı qüvvələrinin bölmələri” Berd rayonu Kolagir kəndi tərəfdən Tovuzun Qaralar kəndini “qaralayıb”; mövqelərimiz atəşə tutulub. Bu dəfə də salamatlıq olub.

İndi gəldik iyula. Ayın 6-da saat 17:50-də Rusiya sülhməramlılarının “nəzarətində olan” ərazidən Ağdam rayonunun Əliağalı kəndi yaxınlığındakı hərbi qulluqçularımız hədəf seçilib. Rəsmi məlumata görə, atəş açanlar “Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri” olub. Bu dəfə yaralımız var; yol tikintisinə cəlb olunan baş gizir Sakit Əhliman oğlu Dadaşov yaralanıb. İlkin tibbi yardımdan sonra onu hospitala aparıblar. Bundan sonra da ermənilər sakit dayanmayıb; iyulun 7-də Ermənistanın Berd rayonundan yenə Tovuzun Qaralar kəndində, 10-da qonşu ölkənin Çəmbərək rayonundan Gədəbəyin Zamanlı kəndində yerləşən hərbi mövqelərimiz atəşə tutulub...

Üç nöqtə hələ açılmamış atəşləri göstərir. Belə görünür ki, Ermənistanla Azərbaycan arasında nəinki sülh müqaviləsi, heç atəşkəs də yoxdur. Və bizim Müdafiə Nazirliyimiz əvvəlkindən fərqli olaraq indi formal atəşkəsin pozulması haqqındakı məlumatlarında da Ermənistanı “düşmən” adlandırmır. Ermənistan Azərbaycanla nəinki sülh müqaviləsi bağlamağa yanaşmır, əksinə, istər öz ərazisindən, istərsə də, Azərbaycanın öz ərazisində hərbi və mülki hədəflər seçib atəş açır. Bu gün bir yaralımız var, ancaq sabah daha ağır itkilər verməyəcəyimizi kim bilir. Hadisələrin inkişafı göstərir ki, əvvəla, Ermənistan heç də öz işğalçılıq planlarından, ən azı belə niyyətlərindən əl çəkməyib, ikincisi, Rusiya sülhməramlıları da öz mandatını bir kənara qoyub, belə görünür ki, tamamilə başqa işlərlə məşğuldur (Hər halda Xankəndində rus zabitlərindən hamilə qalan erməni qadınlarının say artımı belə deməyə əsas verir). 10 noyabr bəyanatındakı mühüm bəndlər icrasız qalıb. Belə olmasaydı, Azərbaycan Müdafiə Nazirliyinin “qanunsuz erməni silahlı birləşmələri” adlandırdığı silahlı ünsürlər “yol tikintisi işlərinə cəlb edilmiş” hərbi qulluqçumuzu yaralamazdı. Bu ünsürlər yerli ermənilərin adı və görüntüsü arxasında gizlənən “Ermənistan ordusunun bölmələri” ola bilməzmi?! Rusiya Qarabağda “sülh məramlı”dırsa, bu suala aydınlıq gətirsin; yəni o dəstələri Krasnodar və Stavropol da daxil olmaqla hara istəyir aparsın. Ya da “müvəqqəti yerləşdirildiyi” Azərbaycan ərazisini bir daha qayıtmamaq şərtilə tərk etsin. Bizi 30 il geriyə sürükləmək fikrinə düşməsin. Ermənistan Şuşanı atəşə tutursa, daha nə sülh qalar, nə məram...

Bizimyol.info

Paylaş »
››› İyulun 26-na olan hava proqnozu
››› Tokio-2020: Azərbaycan təmsilçilərindən 10-u mübarizəni dayandırdı
››› Müsəlman idmançı israilli ilə qarşılaşmamaq üçün olimpiadadan imtina edib
››› Sürücünün halı pisləşdi, polis yardıma yetişdi - Foto
››› Şeyxdən ona ünvanlanan ittihamlara cavab
››› Heyrət, ey Şeyx... və ya üzrü günahından betər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »